Professor Gülçöhrə Məmmədova: “Dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq imkan verir ki, ən yaxşı təcrübələri mənimsəyək və təhsilimizə yönəldək”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovadan müsahibə almaq üçün təhsil ocağındayıq. Universitetin həyətində, foye və dəhlizlərdən auditoriyalara qədər hər yerdə səliqə-sahman göz oxşayır. Yəqin ki, xanım rektorun zövqü və memar-mütəxəssis yanaşması da bu düzənə təsirsiz ötüşməyib...
– Gülçöhrə xanım, bir tədris ilini arxada qoydunuz, qarşıdan yeni tədris ili gəlir. Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün də eyni zamanda “Heydər Əliyev İli” ilə əlamətdardır...
– Öncə onu deyim ki, universitetimiz 1975-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə yaradılıb. “Heydər Əliyev İli” münasibətilə həm universitetimizdə müxtəlif tədbirlər keçirir, həm də başqa qurumlarda reallaşan tədbirlərə qatılırıq. Ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətləri barədə tələbələrə ətraflı məlumat verməyə çalışırıq. Heydər Əliyevin Azərbaycanın xilaskarı və müasir dövlətimizin qurucusu kimi müstəsna rolunu, əsasını qoyduğu və bu gün davam edən siyasət nəticəsində ölkəmizin qazandığı uğurları, keçdiyi inkişaf yolunu gənclərimizə layiqincə aşılamalıyıq. Ulu öndərin Vətən qarşısında xidmətlərindən danışanda onun memarlıq sahəsinin inkişafına diqqət və qayğısını, respublikamızda memarlığın intibah dövrünü yada salırıq. Bu əlamətdar ildə keçirilən tədbirlərdə Heydər Əliyevi yaxından tanıyan, onunla ünsiyyəti olmuş insanlarla görüşlərin keçirilməsi, böyük siyasətçi haqqında çəkilmiş filmlərin nümayişi tələbələrin yaddaşında dərin iz qoyur.
– İş qrafikinizin sıx, gərgin olmasına mən də şahid oldum. Masanızın üstündə kitablar da var. Onlara vaxt ayıra bilirsinizmi?
– Bəli, universitetdə iş həmişə gərgindir. İndi isə tətildir, bir qədər sakitlikdir. Hər həftə masamın üstünə 5-10 yeni kitab yığılır. Eyni zamanda hamısına baxmaq olmur. Ya həftə sonu, ya da boşluq yaranan kimi kitablara nəzər salıram. Hansı kitabxanaya getməlidir, hansını mütləq oxumaq, hansınısa kiməsə vermək lazımdır deyə seçim edirəm.
– Universitetin bugünkü fəaliyyətindən danışaq. Təhsildə hansı yeniliklər var? Bildiyim qədər, bu il 1700-ə yaxın məzununuz olub.
– Bu günün çağırışları qarşısında heç kəs əldə etdiyi nailiyyətlərlə kifayətlənib özünü arxayın hesab edə bilməz. Bu gün elə bir dövrdür ki, həmişə irəliyə doğru getmək lazımdır, həmişə inkişaf barədə düşünmək lazımdır. İnkişafı təmin edən konkret məqsədlər aydınlaşmalı və müəyyənləşməlidir. Çox ciddi və gərgin zəhmət tələb olunur ki, universitet, ümumiyyətlə, təhsilimiz irəli gedə bilsin. Çağırışlar böyükdür, tələb də get-gedə artır. Daha doğrusu, həyat özü tələb edir. Biz bunu hər gün, hər ay hiss edirik. Dəyişən iqtisadi situasiya və şərait məcbur edir ki, dövrün tələbinə uyğun hərəkət edəsən. Həm təhsilin keyfiyyətinin artırılması, həm də elmi-tədqiqatların inkişaf etdirilməsi, bir sözlə, bütün sahələrdə inkişaf haqqında düşünməliyik.
Konkret nəticələrə, yeniliklərə gəlincə, bir neçə məsələni vurğulamaq istərdim. Məsələn, yeni tədris proqramları təsdiq olundu, daha sonra onlara uyğun yeni fənn proqramları tərtib edilib. Biz çalışmışıq ki, bu proqramlara uyğun şəkildə təhsilin məzmunu daha müasir olsun, elmin, iqtisadiyyatın və texnikanın ən qabaqcıl nailiyyətlərini özündə əks etdirsin. Eyni zamanda mütəxəssis hazırlığının praktiki əhəmiyyətini artırsın. Bundan əlavə, təhsilin keyfiyyətinin artırılması məqsədilə qiymətləndirmə sisteminin təkmilləşdirilməsi üzərində də işləmişik. Burada qiymətləndirmə sisteminin obyektivliyi başlıca şərtdir. Tələbələrimiz əmin olsunlar ki, onlar yalnız öz biliklərinə müvafiq qiymət ala bilərlər. Düşünürəm ki, bu yanaşma artıq universitetimizdə formalaşıb.
– Bəs kadr hazırlığında tələb-təklif məsələləri necə tənzimlənir?
– Son illərdə memarlıq, inşaat, mühəndis sistemləri, hidrotexniki tikinti, yol tikintisi üzrə iri şirkət və qurumlarla müqavilələr bağlamağa çalışırıq. Bu müqavilələr ikitərəflidir: həm bizim, həm də qarşı tərəfin marağını əks etdirir. Qarşı tərəfin marağı bizdən daha yaxşı mütəxəssis almaqdır. Bizim marağımız isə odur ki, istehsalatın imkanlarından təhsilimizin keyfiyyətinin məzmunun yaxşılaşdırılması üçün daha çox istifadə edək. Bu əməkdaşlığın çox formaları var. Biz çalışırıq ki, hər il yeni-yeni formalar tətbiq edək və əməkdaşlıq hər iki tərəf üçün faydalı olsun. Bu əməkdaşlıq nəticəsində son illər bizim universitetdə maddi-texniki bazanın inkişafı üçün mühüm işlər görülüb. İstehsalat qurumlarının birbaşa köməyi ilə çox gözəl laboratoriyalar yaratmışıq. BP şirkətinin köməyi ilə elektrotexnika mühəndisliyi ixtisası üçün bir neçə tədris laboratoriyaları açılıb. İstehsalat nümayəndələrini təhsilə cəlb etməkdə məqsədimiz təhsilimizə yeniliklər qazandırmaqdan ibarətdir. Bu, tələbələrin öz ixtisaslarına həvəsini də artırır.
– Beynəlxalq əlaqələriniz barədə nə deyərdiniz?
– Beynəlmiləlləşmə, ali təhsil sisteminin qabaqcıl dünya təhsili ilə ayaqlaşması qarşımızda qoyulan ən ciddi istiqamətlərdən biridir. Universitetimizdə də bu sahədə mühüm işlər görülür. Biz bu sahə üzrə hələ bir çox illər əvvəl əlaqələr qurmuşuq. Əldə etdiyimiz nailiyyətlər də çoxdur. Xarici ölkələrdən tələbələr təhsil ocağımıza maraq göstərirlər.
MDB ölkələri Beynəlxalq Memarlıq Universitetləri Fakültələri Assosiasiyası var. Aktiv bir qurumdur. Bu təşkilat hər il memarlıq fakültələri məzunlarının buraxılış işlərinin müsabiqəsini keçirir. Müsabiqə hər il bir ölkədə təşkil edilir. Biz bu tədbirlərdə mütəmadi olaraq iştirak edirik. Müsabiqədə tələbələrimizin aldığı diplomlar bizə əyani şəkildə universitetimizin vəziyyətini göstərir. Əslində, aldığımız diplomlar onu göstərir ki, irəlidəyik. Heç bir işimiz bu müsabiqədən diplomsuz qayıtmır. Birinci dərəcəli nəticələrimiz daha çoxdur. Eyni zamanda Türkiyədə və Qərbdə tərəfdaş universitetlərimiz var. Həmin universitetlərlə əməkdaşlıq bizə imkan verir ki, ən yaxşı Qərb təcrübəsini mənimsəyək və təhsilimizə yönəldək.
Nümunə olaraq Milan Politexnik Universitetini qeyd edə bilərəm. Onlarla birgə universitetimizdə Azərbaycan-İtaliya Dizayn Mərkəzini yaratmışıq. 2018-ci ildə Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilinə dair anlaşma memorandumu imzalanıb. Memoranduma uyğun olaraq 2019-cu ildə Poliminin Dizayn Məktəbi və AzMİU-nun Memarlıq fakültəsi ilə birlikdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi (İADM) yaradıldı. Onların metodikası və proqramlarını öyrənməyə başladıqdan sonra ikili diplom proqramı imzalandı və hazırda uğurla həyata keçirilir. Dizayn üzrə bakalavr pilləsində oxuyan tələbələrimiz iki il Bakıda, iki il də Milanda təhsil almaq şansı əldə edirlər. Həm bizim, həm də onların diplomunu alırlar.
– Bu proqram üçün tələbələrin seçimi necə aparılır?
– Bu proqram qəbul planında ayrıca bir xətt üzrə verilir. Bura cəmi 20 nəfər qəbul var. Bu proqram üzrə təhsil alanların ən yaxşısı, yəni ən savadlısı iki il ərzində seçilərək göndərilir. Milan Texniki Universiteti ilə artıq magistratura səviyyəsində də proqram həyata keçirməyə başlamışıq. İkili diplom bu sahədə bərpa üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Bu gün bu sahə xüsusilə əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərimizdə memar-bərpaçılara böyük ehtiyac var. Digər tərəfdən elə Bakıda, digər şəhər və rayonlarımızda bir çox abidələrimiz hələ də memar-bərpaçının fəaliyyətini gözləyir. Düşünürəm ki, İtaliya universitetinin təhsil proqramının mənimsənilməsinin böyük əhəmiyyəti olacaq. İstanbul Texniki Universiteti ilə də əməkdaşlıq edərək daha müasir təcrübələri əldə etməyə çalışırıq. Onlarla da inşaat mühəndislərinin hazırlanması üzrə bakalavr səviyyəsində ikili diplom proqramımız var.
Bundan əlavə, geniş əməkdaşlıq əlaqələrimiz mövcuddur. Universitetimiz ölkəmizdə ilk olaraq memarlıq ixtisasını beynəlxalq akkreditasiyadan keçirir. İngiltərənin Royal Brtish Architect Təşkilatının (Britaniyanın Kral Memarlığı) akkreditasiyasından keçən tələbələrimizin aldıqları diplomlar dünya səviyyəsində tanınır.
– Müvafiq sahə üzrə məzunlarınız da Qarabağ və Şərqi Zəngəzurda işğal zamanı ermənilər tərəfindən dağıdılan abidələrin bərpasına töhfə verə bilərlər...
– Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad etdikdən sonra, əlbəttə ki, belə fərəhli günləri yaşamaqla bərabər, bu torpaqlarda işğal dövründə mədəni irsimizə necə böyük ziyan vurulduğunun da şahidi olduq. O torpaqlara getdikcə, ərazilər minalardan təmizləndikcə biz bu ziyanın miqyasının artdığını görürük. Bütünlüklə yer üzündən silinən kənd və şəhərlərimiz var. Tarix-memarlıq irsimizə dəyən zərbənin miqdarı saya gəlməz. Ermənilərin bu siyasəti mədəni irsin məhv olmasına yönəlmişdi. Onların siyasətinin iki istiqaməti var idi. Birincisi, azərbaycanlılara məxsus bütün izləri ərazidən silmək, ikincisi, Qafqaz Albaniyasına aid mədəni irsi erməniləşdirmək.
– Qafqaz Albaniyası demişkən, siz bu qədim dövlətimizin dövrünə aid abidələrin tanınmış tədqiqatçısısınız...
– Burada dərin təhlillər aparılmalıdır. Onlar bəzi abidələri bərpa adı ilə erməniləşdirmə siyasəti aparıblar. Albanlara aid hansısa izlər varsa, onu silməyə çalışıblar. Çox geniş təbliğat nəticəsində bu abidələri bütün dünyaya erməni irsi kimi təqdim ediblər. İndi biz həqiqəti bərpa etməliyik. Biz abidələrin etnik mənsubiyyəti, tarixi, Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi olduqları barədə reallığı əks etdirən düzgün məlumatı beynəlxalq səviyyədə təbliğ etməliyik. Bu işlər çox genişmiqyaslıdır. Bərpa işlərinə böyük mütəxəssis ordusu lazımdır. Ona görə də düşünürəm ki, ölkəmizdə savadlı, müasir düşüncəli memar-bərpaçılara ehtiyac var. Bu nöqteyi-nəzərdən universitetimiz də bu işlərə müəyyən qədər əmək sərf etməyə çalışır. Ümid edirəm ki, bu sahədə fəaliyyətimiz daha da genişlənəcək.
– Təhsil ocağınızın bir istiqaməti də yaradıcı sahə ilə bağlıdır. Yəqin ki, təsadüfi gələn tələbələr də olur. Onlar tədrisdə nə kimi problem yaradır?
– Memarlıq və dizayn ixtisasına qəbulla bağlı indi müxtəlif yanaşmalar var. Bəzi universitetlər hesab edirlər ki, onlarda bu ixtisasa qəbul üçün qabiliyyət imtahanına ehtiyac yoxdur. Sadəcə, testlə imtahan verib istənilən fakültədə oxuya bilər. Biz isə hesab edirik ki, bu iki ixtisasa qəbul olan tələbələrin mütləq əl qabiliyyəti olmalıdır. Əl qabiliyyəti, ümumiyyətlə, gəncin, abituriyentin yaradıcılığa həvəsini və bacarığını göstərir. Əgər abituriyent bir il, iki il rəsm öyrənibsə, demək, onun sahəyə həvəsi var və ondan daha yaxşı mütəxəssis yetişəcək. Ona görə də hər iki ixtisas üzrə qabiliyyət imtahanı keçirərək yalnız bacarığı olanların qəbul olunmasını istəyirik. Test mərhələsində müvafiq balı toplamış abituriyent üçün bizim universitetdə qabiliyyət imtahanı təşkil edilir. İmtahanı DİM təşkil edir, imtahan komissiyası isə bizim universitetdədir. Yalnız məqbul alan tələbələr memarlığa gələ bilərlər. Keçməyənlər isə digər fakültələrimizdə təhsil ala bilərlər.
Hazırda müasir memarlıq və dizaynda yeni texnologiya və kompüter proqramlarından çox istifadə olunur, hətta gələcəkdə bəlkə süni intellektdən də istifadə ediləcək. Amma memarın özünün təfəkkürü, qabiliyyəti çox böyük əhəmiyyət kəsb edir. Bir memar öz ideyasını göstərmək üçün kompüter axtarmamalıdır. Bir vərəq, bir qələm bəs etməlidir. Sizə deyim ki, birinci yanaşma Qərb universitetlərinin çoxunda var, amma əl qabiliyyətinin vacib olması anlayışını artıq onlar da qəbul edirlər. Kompüter proqramları geniş imkanlar yaratsa da, insanın əl qabiliyyətini və ani düşüncəsini heç nə əvəz edə bilməz. Qabiliyyət imtahanı verməyib qəbul olunanlarla bağlı da təcrübəmiz var. Şəhərsalma üzrə ixtisaslara bir neçə il əvvəl qabiliyyət imtahanı olmadan qəbula başladıq. Dünyada bütün sahələrdə qloballaşma gedir. Bu qloballaşma eyni standartların formalaşmasına gətirib çıxarır. Bu gün siz mütəxəssis olmasanız, Avropadakı müasir tikililərlə Dubaydakı, Cənubi Amerika və s. ölkələrdəki çoxmərtəbəli binalar arasındakı fərqi aydınlaşdıra bilməzsiniz. Müasir memarlıq eyni tələblər, eyni inşaat materialları, eyni standartlar əsasında formalaşıb. Amma bu o demək deyil ki, milli memarlıq artıq inkişaf edə bilməz və o öz yerini birbaşa beynəlxalq aləmdə yer tutmuş memarlıq formalarına verməlidir. Hər bir xalq qloballaşma dövründə öz identifikasiyasını qorumağa çalışır. Eləcə də biz öz memarlığımızın mütərəqqi elementlərini qoruyaraq inkişaf etdirməliyik.
– Ənənəvi memarlığımızda olan xüsusiyyətlər müasir memarlıqda öz əksini necə tapmalıdır?
– Bu barədə çox qısa demək istəyirəm ki, bunu saxlamaq olar və bu xüsusiyyətlər bizim iqlim şəraitimizlə, ənənəvi həyat tərzimizlə diktə olunur. İnşaat materialları, estetik tələblər və s. ənənəvi memarlığı formalaşdırır. Nümunə olaraq son vaxtlar əldə etdiyimiz təcrübədən danışmaq istəyirəm. Bir müddət əvvəl mən də daxil müəllim və tələbələrimiz Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının XXVIII konqresində iştirak etdik. Konqresdə çoxsaylı ölkələrdən gələn ən qabaqcıl memarlar öz fikir və ideyalarını bölüşdülər. Sərgilər təşkil olundu və burada memarlığın ən yeni və ən son nailiyyətləri ilə tanış olmaq imkanı qazandıq. Biz bu konqresdən özümüz üçün yeni və maraqlı məqamlar öyrəndik. Bəli, Danimarka müasir memarlığın ən yaxşı inkişaf etmiş məkanlarından biridir. Təsadüfi deyil ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən Kopenhagen 3 il əvvəl “Dünyanın memarlıq paytaxtı” elan edilmişdi. Ona görə də biz də milli memarlığımızın prinsiplərini müasir memarlıqda necə saxlamaq haqqında düşünməli, bu sahədə beynəlxalq təcrübədən yararlanmalıyıq.
– Azərbaycan Memarlar İttifaqı ilə əlaqələriniz necədir?
– Nəinki müəllimlər, hətta tələbələrimiz də Memarlar İttifaqının işində yaxından iştirak edirlər. Deyərdim ki, bu gün ittifaqla universitet arasında çox sıx əməkdaşlıq var. İttifaq universitetin həyatında aparıcı rollardan birini öz üzərinə götürüb. Buraxılış işlərimizin ən yaxşıları mükafatlandırılır, sərgi və konfranslarında tələbələrimiz yaxından iştirak edirlər.
– Müsahibəyə görə təşəkkür edirəm. Sizə və rəhbərlik etdiyiniz universitetə yeni uğurlar arzulayıram.
– Sağ olun. Mən də qəzetinizə bu diqqətə görə minnətdaram.
Lalə Azəri