Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə ən mükəmməl çalğı alətlərindən biri, heç şübhəsiz, tardır. Tar xalq musiqisinin əsas inkişafına təkan verən unikal milli musiqi alətimizdir. Azərbaycan musiqi tarixində çox məşhur tar ifaçıları olub və öz adlarını mədəniyyətimizə qızıl hərflərlə yazdırıblar.

“Mədəniyyətə könül verənlər” rubrikasında bu dəfə tar ifaçısı Məzahir Abbasovu oxucularımıza tanıdacağıq.

Məzahir İslam oğlu Abbasov 1961-ci il iyulun 26-da Göyçay rayonunda anadan olub. Göyçay şəhər 4 nömrəli orta məktəbdə təhsil alıb. Kiçik yaşlarından tar alətinə maraq göstərdiyini deyir: “Yadımdadır, uşaq vaxtı musiqi alətim olmadığından evdə taxta parçası ilə məftili birləşdirərək özümə “tar” düzəltmişdim. İkinci sinifdə oxuyarkən böyük qardaşım bu həvəsi görərək valideynlərimizdən xəbərsiz mənə tar almışdı. Həmin illərdə televiziya və radioda eşitdiyim mahnıları tarda ifa etməyə başladım. Orta məktəbdə oxuya-oxuya rayon Mədəniyyət evində tar dərnəyinə yazıldım. Sonra musiqi məktəbinə getdim. Musiqi məktəbində təhsil aldığım müddətdə rayonda keçirilən bir çox musiqi yarışmalarında uğurla iştirak etmişəm”.

Musiqi məktəbini 1976-cı ildə müvəffəqiyyətlə bitirən Məzahir Abbasov Sumqayıt şəhər Soltan Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbinin tar üzrə qiyabi şöbəsinə qəbul olunur. Təhsil müddətində eyni zamanda Göyçay rayon Mədəniyyət evində tar dərnəyinə rəhbərlik edir. Mədəniyyət evinin ansamblında da fəaliyyət göstərərək bir çox mədəni-kütləvi tədbirlərə qatılır: “Həmin dövrdə Rəşid Behbudov, Şövkət Ələkbərova və digər korifey sənətkarlarla birlikdə pambıq sahələrində zəhmətkeşlər üçün təşkil edilən konsertlərdə çıxışım olub. O zaman Bakıda təşkil olunan “Oxu, tar” adlı musiqi festivalında da uğurla iştirak etmişəm. Ümumiyyətlə, Azərbaycanın, demək olar ki, əksər bölgələrində, eləcə də paytaxtımızda keçirilən konsertlərdə ifa etmişəm”.

Müsahibim tardan başqa ənənəvi saz, türk sazı, gitara, ud və fortepianoda da ifa etməyi bacarır. O, hazırda Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbində tar müəllimi işləyir. Şagirdlərə bu unikal alətdə ifaçılığın sirlərini şövqlə öyrədir. Məktəbdə uşaqların tar sənətinə böyük maraq göstərdiyini söyləyən Məzahir müəllim bu günədək şagirdləri ilə bir çox müsabiqələrdə iştirak etdiyini deyir.

Məzahir Abbasov görkəmli tarzənlər Əhsən Dadaşov və Ramiz Quliyevi dinləyərək bu sənətə daha da bağlandığını bildirir.

Tarzənin sənətini hazırda oğlu Elvin Abbaslı davam etdirir. Elvin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar ixtisası üzrə təhsil alıb. Atası ilə birlikdə eyni məktəbdə tarın sirlərini şagirdlərinə öyrədir.

62 illik ömrünün 40 ildən çoxunu tar sənətinə həsr edən Məzahir müəllim deyir ki, tar ifaçılığı ona özünü ruhən cavan hiss etdirir. Oğlu kimi nəvələrini də bu sənətdə görmək arzusundadır.

Nurəddin