Mərmər sütunlu poeziya
   
   Azərbaycan poeziyasının silsilə zirvələrindən biri olan Şəhriyar. Onun haqqında yazmaq həm asandı, həm də çətin. Asandı ona görə ki, bu yer, bu göy, bu torpaq kimi bizə əziz və doğma olan bir varlıq haqqında söz deməyə nə var ki?! Hansı yöndən baxsan, büllurdu, safdı, təmizdi, pakdı, ucadı, örnəkdi. Poeziya gülüstanından hansı ləçəyi çəksən təzədi, tərdi, düşündürücüdü. Çətindi ona görə ki, yarımçıq divarı hörməyə nə var?!
   
   Bütün söz sütunları mərmərə bənzəyən xiridar haqqında hansı kəlməni, ifadəni tapıb deyəsən ki, o nəhəng dağın ətəyinə çata bilsin. Bu mənada Şəhriyar barədə yazmağın elə çətinlikləri var ki, onu hər kəs boynuna çəkə bilməz, hər kəs bu xəzinəni araşdıra bilməz. Bəlkə də bu istəkdən doğur ki, Şəhriyar barəsində mükəmməl söz deyənlərə qibtə etmişəm.
   Şəhriyarın adı çəkiləndə həmişə unudulmaz müğənnimiz Rübabə Muradovanı xatırlayıram. Onun yana-yana oxuduğu bir nəğmə məni öz cazibəsinə alır. Bu, faktdır ki, mütəxəssislərdən, poeziya həvəskarlarından, ədəbiyyatçılardan, şairlərdən başqa çoxumuza Şəhriyarı tanıdan məhz Rübabə Muradova olub. O, min bir əzabını, dərdini Vətənlə bağlı keçirdiyi nisgili, ömrü boyu alışa bilmədiyi dərin xiffəti böyük Şəhriyarın misralarına qataraq həm özünü yandırırdı, həm də bizi odlayırdı:
   
   Heydərbaba, yolum səndən kəc oldu,
   Ömür keçdi, gələmmədim, gec oldu.
   Heç bilmirəm, gözəllərin nec oldu?
   Bilməz idim, döngələr var, dönüm var,
   İtkinlik var, ayrılıq var, ölüm var.
   
   Bu nəğməni eşidən gündən mənə elə gəlib ki, rəhmətlik Rübabə Muradova da Şəhriyar poeziyasının şah misrasıdır. Çünki Şəhriyarın adı çəkiləndə həmişə Rübabə Muradova yadıma düşür. Bu unudulmaz müğənninin ismini eşidəndə isə mütləq Şəhriyarı və onun məşhur «Heydərbabaya salam» mənzuməsini xatırlayıram. Onlar sanki qoşa doğulublar. Onları ayırmaq da heç mümkün deyil. Rübabənin səsində yaşayan Heydərbaba. Ağıla, şüura gəlirdi insan. Son ucu ölümlü dünyanın gərdişlərini düşünürdü. Hərdən fikirləşirəm ki, bu nə qismətdi, bizi tapıb? Araz illər boyu ayrılıq çayına dönərək iki qardaşı bir-birinə həsrət qoyub. Əsl baiskarlar qaldı bir yana, dərdimizi, ahımızı bu dərdli nəhrin sularına söylədik. Niyə Arazı keçmək olmayır? Uzun illər bu sualın cavabını axtardıq. Əslində, cavab bəlli idi. Sadəcə olaraq tapmaq, yaxud da söyləmək istəmirdik.
   Şəhriyar biz nəslin ömrünə bürünmüş bir dərd idi. Şəhriyar şeiri hər birimizin dilinin əzbəri idi. Nə qədər sadə, təbii, ürək titrədən, düşündürücü yazmaq mümkün imiş. Həqiqətən də Azərbaycan poeziyasının silsilə zirvələri çoxdur. Nizami, Füzuli, Xəqani, Nəsimi, Sabir, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz... Bu sırada özünəməxsus yeri olan Şəhriyar uzun illər ən kövrək şeirimiz, duyğularımızın sarı simi olub. Ömrü boyu Vətənin bütövlüyü, o taylı-bu taylı soydaşlarımızın qarşılıqlı əlaqələrinin yaranmasını böyük cəsarətlə dilə gətirib:
   
   O taydadır Şəki, Şirvan, Qarabağ,
   Bu tayda da Meşgin, Əhər, Qaradağ.
   Bir-birlərin Arazdan almış soraq.
   Araz bizi ayırmadan dağlayıb,
   Son özü də gecə-gündüz ağlayıb.
   
   Şəhriyarın şeirlərində ana dilimizin şirinliyi, zərif və həssas bir şair ürəyinin pak, təmiz duyğuları dil açır. Xüsusilə də şairə böyük məhəbbət və şöhrət gətirmiş «Heydərbabaya salam» mənzuməsi onun yaradıcılığında əsl sənət zirvəsi oldu. Bu silsiləli zirvənin uclarından Vətən torpaqlarını seyr edəndə Şəhriyarın xiffətinə bürünmüş bir məhəbbətin - yurd sevgisinin qanadları səni öz isti ağuşuna alır. Bu hərarətli bürüncəyin uçuşunda Şəhriyar poeziyasının Vətən səmasında dolaşan buludlarına hopub misra-misra torpağa yağış kimi yağmaq istəyirsən. İstəyirsən ki, bu ülfətin mehrini duyan doğma yerlərdə bircə dəfə olasan. Gözlərimin qarşısında Vətənə gedən yollar açılır: Ağdam, Şuşa, Laçın, Qarakilsə, bu da mənim beşiyim olan Urud kəndi... Cızdağım çıxır. Dünyanın hansı ölkəsinə, okeanın o tayına, Afrikaya, hətta buzlu qitəyə belə istədiyim vaxt gedə bilərəm. Amma doğulduğum yurda?.. Bax, onda Şəhriyarın şeirlərinin ahəngində çırpınan ürəyim sanki ağı deyir:
   
   Heydərbaba, göylər bütün dumandır,
   Günlərimiz bir-birindən yamandır.
   Bir-birizdən ayrılmayın, amandır,
   Yaxşılığı əlimizdən alıblar,
   Yaxşı bizi yaman günə salıblar!
   
   Şəhriyarın poetik sualları dərdimizi tərpədir. Bəlkə də elə bu təbiiliyinə görə biz onu belə çox sevirik. Onun ürəyində sağalmaz yaraya dönmüş Vətən dərdi indi bizim qəlbimizi göynədir. Doğma yurda ünün belə çatmaya. Dəhşətdir.
   
   Bir soruşun bu qarğınmış fələkdən,
   Nə istəyir bu qurduğu kələkdən?
   Deynən, keçirt ulduzları ələkdən,
   Qoy tökülsün, bu Yer üzü dağılsın.
   Bu şeytanlıq qurğusu bir yığılsın.
   
   Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. Uzun illər şairin poeziyası və həyatı haqqında müxtəlif araşdırmalar aparılsa da, onun haqqında ən mükəmməl, ətraflı monoqrafiya yazan ədəbiyyatşünas alim Esmira Fuaddır. Önəmli cəhət budur ki, tədqiqatçı Şəhriyar haqqında dövlət müstəqilliyimizi qazandıqdan sonra araşdırma aparıb, bu barədə mətbuatda dəfələrlə məqalələri dərc edilib, iki monoqrafiya yazıb. Yəni bütün buxovlardan azad şəkildə Şəhriyarın həyat və yaradıcılığına güzgü tuta bilib. Şəhriyarın uşaqlığından, valideynlərindən, məktəbdə təhsil aldığı ilk illərdən, tələbəliyindən söz açıb. Onun tədqiqatlarını vərəqlədikcə Şəhriyarın cavanlıq illərindəki obrazı olduğu kimi gözlərimizin qarşısında canlanır. Təbi qaynar bulaq kimi çağlayan Şəhriyar çılğın, dövrünün ziddiyyətlərinə, siyasi mürəkkəbliyə laqeyd qalmayan, quruluşa, rejimin ağırlığına etiraz edən bir gənc kimi diqqət çəkir. Məhəmmədhüseyn Şəhriyarın ilk mətbu şeiri hələ orta məktəbdə oxuyarkən çap olunub. Maraqlıdır ki, ədəbiyyata, poeziyaya böyük bağlılığı olan Şəhriyar Tehranda Ali Tibb Universitetində oxuyub. Universitetin son kursunu bitirib diplomunu almasına iki-üç ay qalmış həyatında çox ağır bir hadisə baş verib: böyük məhəbbətlə sevdiyi Pəridən ayrılmağa və universiteti atmağa məcbur edilib. Ürəyinə ağır yaralar vurulan Şəhriyar bir müddət aldığı zərbədən özünə gələ bilməyib. Bu qara sevda uzun illər Şəhriyarı ağır durumda saxlayıb. Şairin özünün müsahibələrində bu hadisə belə açıqlanıb: «...o zamankı dövlətin məmur ailələrindən biri sevgilimi zor gücünə əlimdən aldı. Özümü də Nişapura sürgün elətdirdi...»
   Bu hadisədən sarsılan gənc Şəhriyar nakam eşqinə, daşlara toxunmuş ilk məhəbbətinə müxtəlif əsərlər həsr edib: «Pəri», «Həzin nalələr», «Qəmli musiqi», «Oddan yanan pərvanə», «İtmiş Yusif», «İndi niyə», «Eşqin intiqamı», «Əlim ətəyinə», «Mənim taleyim», «İntizar» və s.
   Əslində, Şəhriyar Vətən aşiqi idi. «Heydərbabaya salam» mənzuməsi kifayət edər ki, biz şairin xalqa bağlılığından, milli və vətənpərvərlik duyğularından saatlarla söz açaq. O qədər pak, saf bir təbiətə malik olub ki, min bir haqsızlıqla, xəstəliklə, həsrətlə, itki ilə üzləşməsinə baxmayaraq, bütün ağır sınaqlardan məhz ruhunun, vicdanının, əxlaqının sayəsində qalib çıxıb. Yaşadığı tarixi şəraitin yaratdığı bir sıra mürəkkəbliklərin içində öz amalına, daxili məninə sadiq qalan, qəlbinin səsinə qulaq asan Şəhriyar uca Yaradanın qarşısında həmişə məsumluğunu, saflığını olduğu kimi saxlayan böyük söz sərrafı idi.
   Yaddaşımda iki şairin öz şeirini necə qəribə ahənglə söyləməsi lövbər salıb. O şairlərin üzünü görməsəm də, səsləri qəlbimdə portretlərini əbədi həkk etdirib: Səməd Vurğunun lent yazısında qulaq asdığım «Bahar, sevgilimsən başdan-binadan...» misraları ilə başlayan şeiri, bir də ustad Şəhriyarın avazında dinlədiyim «Heydərbabaya salam» mənzuməsi. Mövzu müxtəlif olsa da, ruh da, təsir də eynidi. Min bir qiraət ustası yığışa, bu iki şair qədər o şeirləri ləngərli, şirin və təsirli söyləyə bilməz. İçdən gələrək yandıra-yandıra süzüldüyündən, bizi də öz ovsununa salıb:   

   Heydərbaba, gün dalıvı dağlasın,
   Üzün gülsün, bulaqların ağlasın.
   Uşaqların bir dəstə gül bağlasın,
   Yel gələndə ver gətirsin bu yana.
   Bəlkə mənim yatmış bəxtim oyana...

   
   Şəhriyarın söylədiyi şeirləri dinləyənlər yəqin ki, xatırlayırlar. Təbriz ləhcəsi ilə öz şeirlərini qəribə bir ahəngdə qovuşdururdu. Xüsusilə də «Azərbaycan» şeiri adamın bütün varlığına hoparaq ruhunu dara çəkir. Bu səsin ahənginə qoşulub döyüş meydanlarına, düşmən üstünə yerimək istəyirsən.
   
   Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
   Bəsdir fəraq odlarından kül ələndi başımıza.
   Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
   Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
   Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
   
   Şəhriyar sözün məna və rənglərini elə məharətlə işlədirdi ki, ən zərif hisslər, duyğular olduqca dərin, təsirli ifadəsini tapırdı. Şəhriyar sözün ustad rəssamı idi. Şəhriyar könül nəğmələrinin yaradıcısı və bəstəkarı idi. Misralarının ahəngindəki musiqi adamı heyrətə gətirirdi. Şəhriyar hamımızın doğması idi: beşikdə laylasını dinlədiyimiz ana, öyüdünü eşitdiyimiz ata kimi. Şəhriyarın bütün yaradıcılığı milli ruha söykənirdi. Elə bu qüdrətinə görə də şeirləri qəlbimizin sarı siminə dönürdü:
   
   Bayram idi, gecəquşu oxurdu,
   Adaxlı qız bəy corabı toxurdu,
   Hər kəs şalın bir bacadan soxurdu,
   Ah, nə gözəl qaydadı şal sallamaq,
   Bəy şalına bayramlığın bağlamaq...
   
   Bu misraların canlandırdığı mənzərələr, sadəcə, könül xoşluğu yaratmır, həm də bizim tariximizdi, adət-ənənəmizdi, həyatımızdı, dünəndən sabaha atılan körpülərdi. İllərdi ki, biz bu nəğmənin qanadlarına qoşularaq hər Novruz bayramında yurd-yuvamıza boylanırıq.
   Həm Azərbaycan, həm də İran ədəbiyyatının klassiki sayılan Məhəmmədhüseyn Şəhriyar mükəmməl yaradıcılığı ilə özünə əbədi ömür qazanmış ustad şairlərimizdən biridir. Otuz il fars dilində yazıb-yaradan şairin uzun fasilədən sonra öz dilinə, el-obasına, xalqının daxili aləminə qayıdışı, doğma mənəvi yaddaşa dönümü böyük əks-səda doğurmuş və rəğbətlə qarşılanmışdı. Yaşadığı mühitin təsirindən asılı olaraq uzun müddət farsca şeirlər yazan Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilində 90 şeiri, iki hissədən ibarət olan «Heydərbabaya salam» mənzuməsi və «Səhəndiyyə» adlı poeması var. Təbriz ləhcəli, Araz dərdli şairimiz 1988-ci ilin 18 sentyabrında vəfat etmiş və Təbrizdəki Surxab qəbiristanlığındakı «Şairlər məqbərəsi»ndə dəfn olunmuşdur.
   ...Üç böyük şairimizin qəbrini ziyarət etmək arzumdu: Nəsimi (Hələb), Füzuli (Kərbəla), Şəhriyar (Təbriz). Bu ünvanların coğrafiyası ürəyimi titrətdi. Yenə də ulu Şəhriyarın misraları qəlbimdən dilimə qanadlandı...
   
   Flora Xəlilzadə,
   yazıçı-publisist







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar