Qəbələ və İsmayıllı rayonlarında kolleksiyaçılardakı nümunələr kataloqa salınacaq

 

“Dünya yaddaşı – əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması” layihəsi çərçivəsində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının layihəyə cəlb edilməsi üzrə işlər davam etdirilir.

Bu ilin iyul ayından həyata keçirilən layihənin məqsədi əlyazma kolleksiyalarını müəyyən etmək, orijinal əlyazmaların PDF məhsullarının virtual təqdimatını təşkil etməkdir.

Bu məqsədlə layihənin araşdırma qrupu “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə Qəbələ rayonunun Duruca kəndində əlyazma kolleksiyaçısı Ruslan Məmmədovun evində saxlanılan əlyazmalara yerində baxış keçirib. Kolleksiyaçının razılığı ilə bəzi əlyazma nüsxələrinin fotoları çəkilib və kataloqa daxil edilib.

İsmayıllı rayonunda – “Lahıc” və “Basqal” tarix-mədəniyyət qoruqlarında mühafizə olunan əlyazmaların da bir hissəsi kataloqa daxil edilmək üçün seçilib.

Layihəyə əlyazma kitablarla yanaşı, ayrı-ayrı sənədlər, məktublar, şəhadətnamələr və s. yazılı nüsxələr də cəlb edilir. Belə kolleksiyalardan biri ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin ev arxivində saxlanılan tədqiqatçı Əhməd Cəfərzadənin topladığı əlyazma əsərlərdir. Araşdırma qrupu tədqiqatçı Turan İbrahimovun bələdçiliyi ilə Əhməd Cəfərzadənin kolleksiyasına yerində baxış keçirib, bəzi əlyazma nüsxələrinin fotoları çəkilərək kataloqa salınıb.

N.Məmmədli