Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Bakıda  6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

“Qadın haqları” mövzusuna həsr olunan builki festival maraqlı mövzular və təqdimatlar vəd edir. Festivalda “Animasiya kinosu yaradıcı qadınların perspektivindən necə görünür” sualına cavab olaraq festival çərçivəsində qadınlar üçün xüsusi filmlərin nümayişi nəzərdə tutulur. “Qadınlar üçün qadınlar tərəfindən istehsal edilib” (“Made by Women for Women”) başlığı altında təqdim ediləcək ekran əsərləri xanım rejissorlar tərəfindən çəkilib.

Filmlər arasında Kann festivalına seçilmiş çex filmi “Elektra”, İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Hədis Nəcəfi haqqında “Hədis” filmi, müsəlman aləmində qanunverici orqana seçilmiş ilk (1919, Gürcüstan) müsəlman (azərbaycanlı) qadın Pərixanım Sofiyeva haqqında filmlər nümayiş etdiriləcək. 

Filmlərin nümayişindən sonra bu ekran əsərlərinin rejissorları Ana Şubinidze və Nəzrin Ağamalıyeva ilə canlı müzakirələr keçiriləcək. Festival zamanı bilet satışından əldə olunacaq gəlir gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.

Lalə