“Heydər Əliyev İli” tədbirləri çərçivəsində avqustun 28-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“İMZA” İB) təşkilatçılığı ilə “Heydər Əliyev. Böyük lider” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
“İMZA” İB-nin sədri Xəyyam Əsgərov giriş sözündə Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycanda və müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən söz açıb.
İctimai birliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə “İMZA” İB-nin Türkiyə təmsilçisi və Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç “Heydər Əliyevin xarici siyasətində Türk dünyasının inteqrasiyası və birliyi amili” mövzusunda çıxış edib. Diplomat Heydər Əliyevin tarixi xidmətlərinin yalnız Azərbaycanla məhdudlaşmadığını, həmçinin Türk dünyasında dərin izlər buraxdığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyevin dövlətçilik fəaliyyətində Türk dünyası ilə münasibətlər mühüm yer tutub.
Milli Məclisin deputatı tarix elmləri doktoru Anar İsgəndərov “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin qurucusu” mövzusunda məruzəsində Ulu öndərin digər sahələrlə yanaşı, hələ sovet dövründən başlayaraq Azərbaycan dilinin dövlət dili kimi inkişaf etdirilməsində xidmətlərini diqqətə çatdırıb.
“Ulu öndərin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı və ortaq xarici siyasətin formalaşmasındakı tarixi xidmətləri” mövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki ölkə arasında sarsılmaz birliyin bu gün ən yüksək səviyyəyə çatdığını qeyd edib. O, Türkiyənin hazırda dünya siyasətində çox fəal rol oynadığını və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artdığını deyib.
Tədbirə onlayn formada qatılan rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren, İtaliya parlamentinin sabiq deputatı Maria Rizzotti, Azərbaycanın Almaniyadakı sabiq fəxri konsulu Otto Hauser, Gürcüstanın Azərbaycandakı sabiq səfiri Zurab Qumberidze, İtaliyanın Azərbaycandakı sabiq səfiri Marqarita Kosta, Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, Pakistanın “Bol Media” korporasiyasında Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ali Savez, israilli siyasi ekspert Mixail Finkel, Avropa Azərbaycanlıları Konqresinin sabiq sədri Başar Kömür, ABŞ-nin ölkəmizdəki sabiq səfiri Mətyu Brayzə və başqaları Azərbaycanın davamlı inkişaf relsinə çıxarılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərindən söz açıblar. Azərbaycanın iqtisadi inkişaf sahəsində böyük uğurlar əldə etdiyi diqqətə çatdırılıb, Ulu öndərin Azərbaycana xarici investisiyaların cəlb olunmasında, xalqın rifah halının yüksəldilməsində misilsiz işlər gördüyü bildirilib.
Milli Məclisin deputatları Mahir Abbaszadə, Cavanşir Feyziyev, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Pərvin Kərimzadə, Azərbaycanda Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, siyasi elmlər doktoru Elçin Əhmədov və başqaları da mövzu ilə bağlı fikirlərini bölüşüblər.