Yerlərdə “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü” (26 avqust) münasibətilə tədbirlər təşkil olunub.
Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında "Muğamlarımız milli sərvətimizdir" adlı tədbir keçirilib. Qeyd olunub ki, Azərbaycan muğamının müasir tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayıb. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam sənəti intibah dövrünü yaşayır.
***
Kürdəmir rayon Mədəniyyət Mərkəzi və şəhər Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Daş ürəklərdə yanıb daşları sındırdı muğam...” adlı konsert proqramı keçirilib.
Konsertdə rayonun incəsənət ustaları və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Uşaq İncəsənət Festivalı iştirakçılarının ifasında muğamlarımız səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində (Ağdam, Quzanlı qəsəbəsi) keçirilən tədbirdə muğam sənətinin son illərdəki inkişafından, Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısından danışılıb. Daha sonra mərkəzin müəllim və şagirdləri tərəfindən konsert proqramı təqdim edilib.
***
Masallı rayon Mərkəzi Kitabxanasında da əlamətdar günlə bağlı tədbir təşkil olunub. Çıxışlarda Azərbaycan milli musiqi sənətinin tacı olan muğamın janrının zənginliklərindən bəhs edilib.
Hazırladı: N.Məmmədli