İyulun 21-i yazıçı-dramaturq Marat Haqverdiyevin doğum günüdür. 73 yaşı tamam olan dramaturq ömrünün bir hissəsini memarlıq sənətinə, bir hissəsini isə ədəbiyyata, dramaturgiyaya həsr edib. Hər iki sahədə uğurlar əldə etsə də, özü belə deyir: “Hesab edirəm ki, tarixi-memarlıq abidələrinin bərpası müqəddəs bir işdir, ancaq açığını deyim ki, məni ədəbiyyat yaşadıb. Ədəbiyyat olmasaydı, bəlkə də bu yaşa gəlib çatmazdım”.

    “Ailədə məhkəmə” adlı ilk komediyası ilə ədəbiyyata qədəm qoyan Marat Haqverdiyev “Məhəbbət, şeytan və lambada”, “Məşuqələr”, “Ah, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Amerikalı kürəkən”, “Fədakarlıq”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və neçə-neçə uğurlu əsərləri ilə səhnəmizə yeni nəfəs, yeni ruh gətirdi.
   Doğum günü ərəfəsində yazıçı-dramaturqla görüşüb ötən günlərdən danışdıq. Təbiətcə təvazökar, sadə və səmimi olan Marat Haqverdiyevin ömür yoluna birgə nəzər salaq.
   Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub. Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev uzun illər Opera və Balet Teatrının solisti olub. “Əsli və Kərəm”də Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Leyli və Məcnun”da Məcnun rollarını özünəməxsus məharətlə yaradıb.
   Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq kimi şöhrət tapıb. “Şeirlər”, “Dağlar”, “İki ana”, “Sevgi sətirləri”, “İki bayram” kitabları rus, ispan, türkmən, hind dillərinə tərcümə olunub. Cahan Əfruzun “Qanqın böyük dalğası”, “Tahirin aqibəti” və başqa əsərləri 70-ci illərdə Moskvada səhnələşdirilib. Onun “İlham pərisi”, “Gəldim ki, deyəm sevirəm” faciəsi sonralar doğma səhnəmizdə və başqa respublikaların səhnəsində dəfələrlə tamaşaya qoyulub.
   İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alır.  

   “Ədəbiyyata tərcüməçi kimi gəlmişəm”
  
   İllər keçəcəkdi, 73 yaşın tamamında Marat müəllim səmimiyyətlə etiraf edəcəkdi: “Anamın yanında yazmağa, atamın yanında oxumağa utanırdım”. Çünki atasının sözləri hələ də qulaqlarında səslənirdi. Atası həmişə belə deyərdi: “Sənətə gəlirsənsə, yaxşıların yaxşısı olmalısan”.
   Marat Haqverdiyev 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsinə daxil olur. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçmir, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi bir sıra MDB ölkələrində qastrol səfərlərində olur.
   Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışır. Ömrünün 40 ilə yaxın hissəsini isə Mədəniyyət Nazirliyinin nəzdində olan Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib.
   Respublikamızın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, saysız-hesabsız muzeylər, məscidlər, mədrəsələr, qalalar, türbələr, sarayların bərpası ilə məşğul olub.
   Bəs, görəsən, Marat müəllimin ədəbiyyata gəlişi necə olub?
   - İşimlə paralel olaraq 70-ci illərdə ədəbiyyata əvvəlcə bir tərcüməçi kimi gəlmişəm. Orta və ali məktəbi rus dilində bitirdiyim üçün, heç bir çətinlik çəkmədən anamın əsərlərini - şeirlərini, poemalarını ana dilindən rus dilinə çevirirdim.
   Anam dünyasını dəyişəndən sonra belə qərara gəldim ki, onun yolunu davam etdirim.
  
   Böyük səhnənin cazibəsi
  
   Marat Haqverdiyevin yazıçı-dramaturq kimi ilk əsəri “Ailədə məhkəmə” komediyası olur. Bu əsər Lənkəran Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluşunda tamaşaya qoyulur.
   Tamaşa uğurlu alınır. Marat müəllim o illərə qayıdır: “İlk əsərim tamaşaya qoyulanda Baba Rzayev dedi ki, bax ha, bundan sonra əsər yazmasan, günah eləmiş olarsan. Deyirdi ki, səndə komediya yaxşı alınır”.
   Bu uğur dramaturqu həvəsləndirir. Bir il sonra Gənc Tamaşaçılar Teatrında Mərahim Fərzəlibəyovun quruluşunda dramaturqun “Məhəbbət, şeytan və lambada”, ardınca isə “Məşuqələr” əsəri tamaşaya qoyulur. Hər iki əsər mədəniyyət aləminə səs salır.
   - Bir gün Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov gəlib tamaşaya baxdı, tanış olduq, dedi ki, xahiş edirəm bizim teatr üçün də bir əsər yaz. 1992-ci ildə “Ah, qadınlar, qadınlar” komediyasını yazıb Həsən Turabova təqdim etdim, çox bəyəndi. Akademik Milli Dram Teatrının səhnəsində Mərahim Fərzəlibəyov bu əsəri tamaşaya qoydu. Tamaşada baş rolda görkəmli aktyor Səyavuş Aslan və tanınmış aktrisa Firəngiz Mütəllimova oynayırdılar. Tamaşa maraqla qarşılandı. Bir ildən sonra “Qısqanc ürəklər” komediyam yenə də bu teatrda Mərahim Fərzəlibəyovun quruluşunda tamaşaya qoyuldu. Bu tamaşa da yaxşı mənada böyük səs-küy yaratdı.
   Marat Haqverdiyevin bir-birindən maraqlı yeni əsərləri - “Fədakarlıq”, “Sənsiz yaşaya bilmərəm”, “Məhəbbət əzabları”, “Məhəbbət yaşa baxmır” və s. ölkəmizin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulur.
   “Qısqanc ürəklər” komediyasının sorağı isə qardaş Türkiyədən gəlir, İstanbul şəhəri Sarıyer Bələdiyyə Teatrının yaradıcı heyəti “Qısqanc ürəklər”i səhnəyə qoyur.
   - 2000-ci ildə məni İstanbula - “Qısqanc ürəklər” tamaşasının premyerasına dəvət etdilər. Tamaşanın premyerası Çırağan sarayında keçirildi. Bu sarayda adətən dövlət tədbirləri keçirilir, amma o zaman hörmət əlaməti olaraq bu tamaşanın premyerası orada keçirildi. Premyera yüksək səviyyədə təşkil olunmuşdu. O zaman məndən başqa bir əsər istədilər, mən də “Ah qadınlar, qadınlar” əsərini təqdim etdim. Hər iki əsər Türkiyənin bir çox teatrlarında - İstanbulun Çemberlitaş teatrı, Sarıyer Bələdiyyə Teatrı, “Fateh” Universitetinin teatrında səhnələşdirilib.
   Marat Haqverdiyev dram əsərləri ilə yanaşı, eyni zamanda maraqlı ssenarilərin də müəllifidir.
   - Xalq artisti Lütfü Məmmədbəyov mənim ssenarim əsasında “Səninlə və sənsiz” bədii televiziya filmini çəkib. Bu melodrama azərbaycanlı yazıçı ilə türk müğənnisinin məhəbbətindən bəhs edir. Film Azərbaycan dövlət televiziyası ilə dəfələrlə nümayiş olunub. “Səni gözləyirəm” lirik əsərimi də Lütfü Məmmədbəyov ekranlaşdırıb.
  
   “Fədakarlıq”
  
   “Mənim yaradıcılığımın böyük bir hissəsi ulu öndərimiz Heydər Əliyevlə bağlıdır” - deyən Marat Haqverdiyev 1993-cü ildə yazdığı “Qarabağ şikəstəsi” ssenarisində dahi siyasətçinin Azərbaycanın ağır günündə hakimiyyətə qayıdışını, ölkənin xilası naminə tarixi xidmətlərini əks etdirib. Bu ssenari əsasında M.Fərzəlibəyov ikiseriyalı bədii televiziya filmi çəkib.
   Marat Haqverdiyevin ümummilli lider haqqında ikinci əsəri “Fədakarlıq” adlanır. Müəllifin ssenarisi əsasında “Fədakarlıq” bədii televiziya filmi çəkilir. Sonra müəllif bu ssenarinin dram variantını qələmə alır. Əsər Sumqayıt Dövlət Musiqili Dram Teatrında səhnələşdirilir, premyerası isə Akademik Milli Dram Teatrında uğurla keçirilir.
   Marat Haqverdiyevin “Əsrin möcüzəsi” pyesi və “Üç dəniz möcüzəsi” adlı ssenarisi də xalqımızın rifahı naminə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisindən bəhs edir.
   Yazıçı-dramaturq olmaqla yanaşı, Marat Haqverdiyev həm də öz mövqeyi olan ziyalılarımızdan biridir. Ömrünün zirvəsinə doğru yol gedən Marat Haqverdiyev “Cənnət sarayı” əsərini yenicə tamamlayıb.
   Çox iş görüb az görünən Marat Haqverdiyevə ömrünün bu çağında ürəyi istədiyi əsərləri yazmağı, yeni tamaşalarının premyerasının həyəcanını yaşamağı, tamaşaçı alqışını və tamaşaçı sevgisini arzulayırıq. Çünki o, söz sarayı ilə insanları güldürməyi də, ağlatmağı da, düşündürməyi də bacarır.
  
   Təranə Vahid