O, üç qardaş və bir bacının sonbeşiyi idi. Deyirlər, evin sonbeşik uşaqları hər zaman dəcəl və şıltaq olurlar. Amma o, kiçik yaşlarından ağlı, düşüncəsi, Vətənə dərin məhəbbəti ilə seçilirdi.

44 günlük Vətən müharibəsində bizə Zəfər sevinci bəxş edən igidlərimizdən şəhid Elmir Ağayev haqqında söz açırıq.

Elmir Rasim oğlu Ağayev 1991-ci il mayın 19-da Füzuli rayonunun Horadiz kəndində anadan olub. Öz doğma yurdundan didərgin düşəndə Elmirin cəmi 2 yaşı vardı. Ancaq gün gələcək, uşaq vaxtından həsrət qaldığı yurduna Zəfər qazanmış igid kimi geri dönəcəkdi...

Elmirin ailəsi erməni işğalından baş götürüb qaçanda Biləsuvar rayonuna pənah gətirmişdi. Bir neçə il Biləsuvarda yaşadıqdan sonra onlar Füzuli rayonunun 6 nömrəli Qayıdış qəsəbəsində məskunlaşırlar. Elmir Qayıdış qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsil alır. Məktəbi başa vurub hərbi xidmətə yollanır. Vətənə borcunu yerinə yetirib rayona qayıdır və bir neçə il avtomobil təmiri və digər peşələrlə məşğul olur.

Vətənin hər daşına, qayasına vurğun olan Elmirin ürəyi düşmən işğalında qalan doğma yurd yerlərimizi azad edib Qələbə ilə evə dönmək arzusu ilə döyünür. Bu arzusu və Vətənə olan məhəbbəti yenidən şanlı formanı geyinməsinə səbəb olur. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Füzuli rayonundakı N saylı hərbi hissədə sürücü vəzifəsində xidmətə başlayır.

Elmir 2017-ci ildə sevib-seçdiyi Şəhanə xanımla ailə həyatı qurur. Ömər adlı oğulları dünyaya gəlir. Ailəsi ilə günləri nə qədər xoş keçsə də, canından çox sevdiyi Vətən torpaqlarının düşmən əsarətində olması Elmiri rahat buraxmır, hər an işğalçı düşməndən qisas alacağı günü gözləyir. Nəhayət, 2020-ci ilin 27 sentyabrında həmin məqam yetişir. Elmir Vətən müharibəsinin ilk günlərindən ön cəbhəyə yollanır. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlının azadlığı uğrunda döyüşlərdə böyük rəşadət göstərir. Elmir kimi qəhrəman oğullarımızın sayəsində cəmi 44 gün müddətində doğma yurd yerlərimiz yağıdan təmizlənir.

Vətən müharibəsi noyabrın 10-da Ordumuzun tarixi Zəfəri ilə başa çatır. Elmir iki həftə sonra – noyabrın 24-də Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən düşmənin xain gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Bir gün sonra Füzuli rayonunun Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılır.

Şəhidin qardaşı Elçin Ağayev şəhidlik adının uca, hər kəsə nəsib olmayan bir zirvə olduğunu deyir, şəhid əzizi ilə hər zaman fəxr etdiyini bildirir”.

Şəhanə Ağayeva ömür-gün yoldaşı Elmir barədə xatirələrini dilə gətirir: “Elmir haqqında bir kitaba sığmayacaq qədər xatirələrim var. Onunla bağlı saatlarla, günlərlə danışsam, yorulmaram. Elmir tamam fərqli bir insan idi. Heç vaxt istəməzdi sevdikləri əziyyət çəksin. Çıxılmaz vəziyyətdə qalan bir insan görürdüsə, o saat ona kömək əlini uzadardı. Vətən müharibəsi zamanı Elmirlə tez-tez əlaqə saxlayırdıq. O, həmişə hər şeyin yaxşı olduğunu, oğlumuz Ömərdən muğayat olmağımı söyləyərək “Vətən müharibəsindən qayıdandan sonra sizi öz doğulduğum kəndə aparacağam” deyirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Elmir Ağayev ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhu şad olsun.

Nurəddin