Xəbər verdiyimiz kimi, 5-9 sentyabr tarixlərində XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı keçirilir. Tatarıstanın paytaxtında 2005-ci ildən təşkil olunan ənənəvi festivalda ölkəmiz də təmsil olunur.
Festival çərçivəsində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb. Bundan əlavə, sentyabrın 5-də Kazan şəhərindəki “Mir” kinoteatrında “Heydər Əliyev – əfsanə insan” sənədli filmi (CBC TV-nin istehsalı) “festivalın xüsusi tədbiri” kimi nümayiş etdirilib.
Təqdimatda festivalın icraçı direktoru, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, festivalın münsiflər heyətinin üzvü, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov, “Tatarıstan Azərbaycan Milli Mədəni Muxtariyyəti”nin regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və diasporumuzun təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Milyauşa Aytuqanova XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan xalqının Ümummilli liderinin yubileyinin qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib. Diqqətə çatdırıb ki, “Azərbaycanfilm” kinostudiyası Kazan festivalının rəhbərliyinə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlərin təşkili təklifi ilə müraciət edəndə buna məmnuniyyətlə razılıq veriblər.
“Rusiya ilə Azərbaycan arasında ənənəvi olaraq isti münasibətlər inkişaf edib. Bunda isə Heydər Əliyev əsas rol oynayıb. Rəmzi xarakter daşıyır ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər Kazan Film Festivalının ilk tədbirinə çevrildi. “Mir” kinoteatrında tematik fotosərgi və filmin nümayişini təşkil etməyimiz bizim üçün böyük şərəfdir. Üstəlik, Tatarıstanda 20 min nəfərdən çox azərbaycanlı icması yaşayır”, – deyə o vurğulayıb.
Qeyd edək ki, festival çərçivəsində açılan sərgidə Heydər Əliyevin tanınmış mədəniyyət xadimləri, eləcə də siyasətçilərlə görüşlərdən arxiv fotoları təqdim olunur.