UNESCO-ya müraciət ünvanlanıb...

 

Tanınmış Misir arxeoloqu Zaid Havass Britaniya muzeylərində olan artefaktların qaytarılması üçün UNESCO-ya müraciət ünvanlayıb. Arxeoloq müxtəlif vaxtlarda Misirdən təxminən 2 min artefaktın oğurlandığını bildirib və hazırda Britaniya Muzeyində olan qədim abidələrin, xüsusən məşhur “Rozetta daşı” yazılı kitabəsinin qaytarılmasını tələb edib.

Britaniya Muzeyi Qəyyumlar Şurasının sədri Corc Osborn bildirib ki, qızıl zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla, oğurlanmış artefaktların qaytarılması üzrə səylər davam edir.

Misirli arxeoloq həm UNESCO-nu, həm də Misirin Turizm və Qədim Əsərlər Nazirliyini qiymətli eksponatların Britaniya Muzeyində saxlanılmasının riskləri barədə xəbərdar edib və onların qanuni sahiblərinə qaytarılması üçün atılacaq addımları müzakirə etmək məqsədilə beynəlxalq konfrans təşkil etməyə çağırıb. Bildirib ki, Avropa ölkələri keçmiş müstəmləkələrindən apardıqları bütün artefaktları geri qaytarmalı və bunun üçün xüsusi kampaniya təşkil edilməlidir.

Arxeoloq 2022-ci ildə Britaniya Muzeyindəki “Rozetta daşı” və Parisdəki Luvr Muzeyindəki “Dendera bürcü”nün Misirə qaytarılmasını tələb edən petisiya da başladıb.