Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu dəstək verib...

 

Rumıniyanın Konstanta şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Türk-tatar xalq rəqsləri, mahnıları və milli geyimləri üzrə 28-ci Beynəlxalq festival təşkil olunub.

Fonddan bildirilib ki, festivala Azərbaycanı, Türkiyəni, eləcə də Rumıniya, Makedoniya, Gürcüstan, Slovakiya, Bolqarıstan və digər Avropa ölkələrində yaşayan türk xalqlarını təmsil edən rəqs və mahnı qrupları qatılıblar.

Festival heyətlərin rəngarəng milli geyimlərdə və ölkələrin bayraqlarıyla Konstanta şəhərinin mərkəzi küçələrində yürüşü ilə başlayıb.

İki gün ərzində musiqi kollektivləri regionun müxtəlif bölgələrində konsert proqramları ilə çıxış ediblər. Azərbaycanı festivalda 2018-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva (xanəndə), Səxavət Məmmədov (tar) və Elvin Novruzovdan (kamança) ibarət muğam triosu uğurla təmsil edib.

Türkiyədən “Bursa Vətən Xalq Oyunları Gənclik və İdman Klubu Dərnəyi” nümayəndələrinin zeybək rəqsi də maraqla qarşılanıb.

Qeyd edək ki, son illərdə Rumıniyanın rəsmiləri və tatar icmasının nümayəndələri ilə keçirilən görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun iştirakı ilə birgə fəaliyyətin istiqamətləri ətrafında müzakirələr aparılıb.

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla   Həsənova da iştirak edib. O, festivalın əsas təşkilatçısı olan Rumıniyanın Türk-Müsəlman Tatarları Demokratik Birliyinin sədri Celil Eserghep ilə görüşüb. Fond tərəfindən müxtəlif ölkələrdə məskunlaşmış türk kökənli xalqların mədəni irsinin qorunması istiqamətində aparılan fəaliyyətindən bəhs edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu festivalın işində fəal iştirak etdiyi üçün diplomla təltif olunub.