Firdovsi adına Tacikistan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması ilə bağlı razılıq əldə edilib.
   Razılaşmaya əsasən, ölkəmizin Tacikistandakı səfirliyi kitabxanaya Azərbaycanın böyük mütəfəkkirləri Nizami Gəncəvinin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Mirzə Fətəli Axundzadənin və digər görkəmli yazıçılarımızın çoxcildlik əsərlərini hədiyyə edəcək.
   Kitabxanaya veriləcək əsərlər sırasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlər, prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətdən, Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə gördüyü böyük işlərdən bəhs edən kitablar da var. Tacikistan Milli Kitabxanasının fonduna təqdim olunacaq kitablar arasında Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin işğalçılıq siyasəti, problemin sülh yolu ilə həllində ölkəmizin mövqeyini əks etdirən nəşrlər və səfirlik tərəfindən son vaxtlar buraxılan nəşrlər də olacaq.