Olaylar, faktlar (12–14 sentyabr)
300 il əvvəl...
12 sentyabr 1723-cü ildə çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənddən Ənzəliyədək) Rusiyanın nəzarətinə verilib. Həmin dövrdə Osmanlı ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Lakin Rusiya ona umduğu dəstəyi vermədi, əksinə, 1724-cü ildə Osmanlı ilə də müqavilə bağladı. Səfəvi dövləti Rusiyanın nəzarətinə verdiyi torpaqları 1732-1735-ci illərdə geri qaytara bildi.
222 il əvvəl...
12 sentyabr 1801-ci ildə çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestə əsasən, Azərbaycanın tarixi torpaqları olan Şəmsəddil, Borçalı əraziləri də Rusiya tərkibinə qatıldı.
197 il əvvəl...
13 sentyabr 1826-cı ildə İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bundan əvvəl (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə də ruslara məğlub olmuşdu. Ardınca Rusiya qoşunlarının Naxçıvan və İrəvan xanlıqları üzərinə hücumları başlandı.
103 il əvvəl...
14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda Milli Hökumət qurulmuşdu. Sentyabrın 12-də irtica qüvvələrinin Təbrizə hücumu başlamışdı. Xiyabaninin qətli ilə Cənubi Azərbaycan türklərinin istiqlal mübarizəsinin daha bir səhifəsi qapandı.
63 il əvvəl...
14 sentyabr 1960-cı ildə Bağdadda keçirilən beynəlxalq konfransda Neft İxracatçısı Ölkələrin Təşkilatı – OPEK yaradılıb. Hazırda 13 ölkənin (İraq, İran, Venesuela, Qətər, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və s.) daxil olduğu təşkilat dünyada neft istehsalının yarışına nəzarət edir. Mənzil-qərargahı Vyana (Avstriya) şəhərindədir.
44 il əvvəl...
14 sentyabr 1979-cu ildə Əfqanıstanda hakimiyyət çevrilişi baş verib. Əfqanıstan Demokratik Respublikası İnqilabi Şurasının sədri Nur Məhəmməd Təraki Baş nazir Hafizulla Əminin qüvvələri tərəfindən öldürülüb. Lakin H.Əminin hakimiyyəti də uzun çəkmədi və həmin ilin dekabrında sovet müdaxiləsi zamanı o qətlə yetirildi.
43 il əvvəl...
12 sentyabr 1980-ci ildə Türkiyədə dövlət çevrilişi olub, general Kənan Evrenin başçılıq etdiyi hərbçilər hakimiyyəti ələ alıblar. Dövlət çevrilişinin səbəbləri sosial-iqtisadi böhran, siyasi qüvvələrin, xüsusilə də sol-sağ qarşıdurmasının ölkəni vətəndaş müharibəsinə sürükləməsi idi. Çevrilişdən sonra ölkədə bütün partiyaların, müstəqil medianın fəaliyyəti dayandırıldı. 1982-ci ildə referendum yolu ilə ölkənin yeni Ana Yasası qəbul edildi, Kənan Evren prezident seçildi. ABŞ-də Dünya Bankında çalışan Turqut Özal isə baş nazir vəzifəsinə dəvət olundu.
32 il əvvəl...
14 sentyabr 1991-ci ildə Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı respublika və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-21 avqust – Moskvada “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Beləcə, 71 il hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.
Hazırladı: V.Orxan