Azərbaycan bəstəkarının əsəri ilk dəfə Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilib.
Almaniya dünya musiqisində böyük yeri olan bəstəkarların vətənidir. Bax, Bethoven, Brams kimi dünya səviyyəli bəstəkarların yaradıcılığı yüksək professionallığın parlaq nümunəsidir. Bu adlarla yanaşı, Almaniyanın ali musiqi ocaqlarının tədris proqramına görkəmli Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Muğamsayağı” əsərinin daxil edilməsi əlamətdar hadisədir.
Azərbaycan bəstəkarının əsərinin Almaniyada belə diqqət qazanması təsadüfi deyil. Hələ 1989-cu ildə “Musik und Gesellschaft” (Almaniya) jurnalında qeyd olunurdu ki, Firəngiz Əlizadənin musiqisi Çingiz Aytmatovun kitabları kimi Şərq mədəniyyətini və incəsənətini Qərb üçün açır.
Firəngiz Əlizadə bəstəkar kimi stereotipləri sevmir və onları yüksək peşəkarlıqla öz üslubu ilə əvəz edir. Müasir musiqinin əfsanəsi Arnold Şönberq klassik Qərb musiqi ənənəsinin Şərqlə birləşdirilməsinin mümkünlüyünə inanmırdı və “onlar yağ və su kimi qarışmırlar”, – deyə bildirirdi. Lakin Firəngiz Əlizadə bunun əksini sübut etdi – o, Şərq və Qərb musiqi elementlərini özünəməxsus bəstəkarlıq üslubunda uğurla əlaqələndirərək birləşdirdi.
Bəstəkarın fərdi musiqi dili avanqardizmlə tonallıq arasındadır və burada iki dünyanın özünəməxsus sintezi üstünlük təşkil edir. Firəngiz Əlizadə Şərq modal təfəkkürünün Qərb konstruktivizmi ilə qovuşduğu əsərlər yaradır. Onun musiqisi Amerikadan Avstraliyayadək məşhur orkestrlər, görkəmli musiqiçilər – Berliner Filarmonik, Kronos-Kvartet, Yo-Yo Ma, Evelin Qlenni, Hilari Han və bir çox başqaları tərəfindən ifa olunur.
Planetimizdə çəkişmə və münaqişələrin olduğu bir vaxtda bir çox ölkələrdə Firəngiz Əlizadənin musiqisi böyük maraqla qarşılanır. Onun yaradıcılığının Almaniyanın ali musiqi məktəblərinin tədris proqramına daxil edilməsi təkcə bəstəkarın özü üçün deyil, bütövlükdə Azərbaycan mədəniyyəti üçün sevindirici haldır. Tələbələr Firəngiz Əlizadənin yaradıcılığını təhlil edib öyrənəcək, eyni zamanda onun vətəni – Azərbaycan haqqında məlumat əldə edəcəklər.