Olaylar, faktlar (15–18 sentyabr)

 

236 il əvvəl...

 

17 sentyabr 1787-ci ildə Filadelfiyada ABŞ Konstitusiyasının yeni redaksiyası təsdiq edilib. ABŞ müstəqil ştatların birliyindən federativ dövlətə çevrilib. Prezidentlik müddəti 4 il müəyyənləşib.  Ali qanunverici orqan olan Konqresdə iki palata – Senat və Nümayəndələr palataları yaradılıb.

 

213 il əvvəl...

 

18 sentyabr 1810-cu ildə Cənubu Amerikada İspaniya müstəmləkəçiliyinə qarşı müharibədə (1810-1826) ilk olaraq Çili müstəqilliyini elan edib. Sakit okeanla And dağları arasında, şimaldan cənuba təxminən 6500 km, şərqdən qərbə 400 km zolaqda yerləşən Çili dünyada ən maraqlı coğrafi mövqeyə malik ölkələrdəndir.

 

105 il əvvəl...

 

15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakı şəhərini “Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulan eser-menşevik-daşnak (“Sentrokaspi”) hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilislər şəhəri tərk etmişdilər. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Cümhuriyyətin paytaxtı elan edildi.

17 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Cümhuriyyət hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.

 

84 il əvvəl...

 

17 sentyabr 1939-cu ildə sovet qoşunları Polşa sərhədini keçərək Qərbi Belarus və Qərbi Ukrayna torpaqları hesab edilən ərazilərin SSRİ-yə birləşdirilməsi üçün əməliyyata başlayıb. Bu barədə razılıq həmin il avqustun 23-də SSRİ ilə Almaniya arasında imzalanmış sazişdə (“Molotov-Ribbentrop paktı”) əldə olunmuşdu. SSRİ Polşanın şərqini, Almaniya isə qalan hissəsini işğal etdi.

 

45 il əvvəl...

 

17 sentyabr 1978-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Misir-İsrail danışıqları sülh sazişi ilə yekunlaşıb. Prezident Ənvər Sədat və Baş nazir Menahem Beqinin imzaladığı sazişə əsasən, İsrail 1973-cü ildə işğal etdiyi Sinay yarımadasını azad edib, Misir İsrail gəmilərinin Süveyş kanalında hərəkətinə icazə verib. Fələstin məsələsi kənarda qaldığı üçün ərəb dövlətləri Misirin addımını satqınlıq kimi qiymətləndirdilər. 1981-ci ildə Ə.Sədat terror aktı nəticəsində qətlə yetirildi.

 

34 il əvvəl...

 

16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.

 

21 il əvvəl...

 

18 sentyabr 2002-ci ildə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-nin energetika naziri Spenser Abraham iştirak ediblər. Kəmərin inşası 2006-cı ilin yazında başa çatdı, rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.

 

19 il əvvəl...

 

15 sentyabr 2004-cü ildə Azərbaycanda dərs ili ilk dəfə yeni tarixdə başlayıb. Ondan öncə dərs ili 1 sentyabrda başlayırdı. Prezident İlham Əliyevin müvafiq fərmanı (21 avqust 2004-cü il) ilə 15 sentyabr – “Bilik günü” elan edilib.

Hazırladı: V.Orxan