Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 2 fevral

 

Prezident Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin I Forumunda nitq söyləyib.

 

1996-cı il 5 fevral

 

Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün təşkilat komitəsi (sədr: Baş nazirin müavini Еlçin Əfəndiyеv) yaradılıb.

 

***

 

Xalq yazıçısı, ictimai-siyasi xadim Mirzə İbrahimоvun xatirəsini əbədiləşdirmək haqqında sərəncam imzalayıb. Sərəncamda Mətbuat və İnformasiya Nazirliyinə Elmlər Akademiyası ilə birlikdə yazıçının çap оlunmamış əsərlərinin ikicildliyinin, haqqında biblioqrafik göstəricinin hazırlanması və nəşrini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə M.İbrahimоvun qəbrinin üstünün götürülməsi, şəhərdəki küçələrdən birinə onun adının vеrilməsi, yaşadığı binaya (Xaqani küçəsi, 19/13) xatirə lövhəsinin vurulmasını həyata keçirmək tapşırılıb.

 

1996-cı il 17 fevral

 

Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan Televiziyasının 40 illiyi münasibətilə televiziyanın bir qrup əməkdaşı ilə görüşüb.

 

1996-cı il 24 fevral

 

Xocalı soyqırımının 4-cü ildönümü ilə əlaqədar xalqa müraciət edib. Xocalı sakinlərinin bir qrupu ilə görüşdə çıxış edib.

 

1996-cı il 27 fevral

 

“Xalq sənəti və özünəməşğulluq” I Respublika sərgi-yarmarkasının açılışında çıxış edib.

 

1996-cı il 1 mart

 

Bakıdakı Kamera və Orqan Musiqisi Zalında məşhur rəssam Toğrul Nərimanbəyovun vokal ifaçısı kimi müəllif konsertində olub.

 

1996-cı il 4 mart

 

M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında (hazırda Milli Kitabxana) İsraildə yaşayan keçmiş Azərbaycan vətəndaşlarının təsis etdiyi Azərbaycan-İsrail Cəmiyyətinin təşəbbüsü ilə hazırlanmış və nəşr edilmiş “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimatı mərasimində çıxış edib.

“...İsraildə, bəzi məlumatlara görə, Azərbaycandan gedən 30 min, 50 və ya 60 min adam yaşayır... Mən hesab edirəm ki, bu da Azərbaycanın bir hissəsidir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, buradan gedərək hazırda İsraildə yaşayanlar bu dövlətin qarşısındakı vətəndaşlıq borcları ilə yanaşı, doğulduqları, təhsil, ixtisas aldıqları, təcrübə əldə etdikləri torpağın – Azərbaycanın mənafeyini də müdafiə edəcəklər. Bu mənada mən hesab edirəm ki, İsraildəki bu cəmiyyət, Azərbaycan diasporu ölkəmiz haqqında həqiqəti dünyaya çatdırmaq üçün təkcə İsraildə deyil, həm də başqa ölkələrdə bizdən ötrü böyük dayaqdır.

...Burada eşidəndə ki, Azərbaycandan gedənlərin İsraildəki cəmiyyəti ən mütəşəkkil cəmiyyətdir, sevindim. Əgər belədirsə, sual doğur: nəyə görə o, ən yaxşı cəmiyyətdir? Odessalıların cəmiyyətindən, moskvalıların, kiyevlilərin cəmiyyətindən yaxşıdır? Axı siz hamınız bir millətdən, eyni dindənsiniz. İstər-istəməz düşünürsən: deməli, hansısa bir təsir var? Yəqin ki, Azərbaycan torpağının, Azərbaycan mühitinin və Azərbaycan ənənələrinin əhəmiyyəti az deyildir. Doğrudan da, Azərbaycanda uzun illər, onilliklərlə böyük dostluq, qarşılıqlı anlaşma şəraitində, hörmət, ehtiram və xeyirxahlıq mühitində yaşamışıq... Bu gün də mürəkkəb, çətin şəraitdə yaşayırıq. Amma bütün bunlara baxmayaraq, əvvəlki ənənələr Azərbaycanda onilliklər, yüzilliklər ərzində yaranmış milli və ümummilli ənənələr itməyib, qorunub saxlanıbdır. Əminəm ki, biz çətinlikləri aradan qaldıraraq bu ənənələri daha da zənginləşdirəcəyik...”.

 

1996-cı il 9 mart

 

Gürcüstanda rəsmi səfəri zamanı qədim Tbilisinin azərbaycanlılar yaşayan Meydan (Şeytanbazar) məhəlləsində olub, Cümə məscidinə gedib. Müsəlman qəbiristanlığında Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundzadənin, Fətəli xan Xoyskinin qəbirlərini ziyarət edib, F.Xoyskinin büstünün açılışında iştirak edib.

 

1996-cı il 13 mart

 

Böyük Azərbaycan şairi Məmmədhüsеyn Şəhriyarın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Elmlər Akademiyasına və Mətbuat və İnformasiya Nazirliyinə Şəhriyar irsindən seçmələrin hazırlanıb çap olunmasını təmin etmək tapşırılıb.

 

1996-cı il 20 mart

 

Şəhid uşaqları və kimsəsiz uşaqlar üçün “Gülüstan” Sarayında keçirilən Novruz şənliyində iştirak edib.

 

1996-cı il 21 mart

 

Bakının Gənclər meydanında – Qoşa qala qapısı önündə Novruz şənliyində çıxış edib.

“...Novruz bayramı hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu, ulu babalarımızdan əsrlərdən-əsrlərə keçib gəlmiş əziz bayramdır. Bu bayram həm adi insan bayramıdır, həm millət, həm xalq, həm də dövlət bayramıdır. Bu bayramı bütün başqa bayramlardan fərqləndirən cəhət bundan ibarətdir.

Ola bilər ki, dövlət bayramını kimsə bir bayram kimi qəbul etsin, amma, qəlbində ona başqa münasibət göstərsin. Ola bilər ki, bir ümumdünya bayramına da kimsə başqa münasibət göstərsin. Ancaq Novruz bayramı hər bir azərbaycanlı, demək olar ki, anadan olandan onun qəlbində, ürəyində, ruhunda, fikrində yaşayan bayramdır. Bu bayram əsrlərdən-əsrlərə bizim milli, dini adət və ənənələrimizi yaşadıb bu günlərə gətirib çıxaran bayramdır.

Biz həyatımızın, tariximizin şərəfli bir dövrünü yaşayırıq. Ona görə ki, biz müstəqil dövlət qururuq... Bu şərəfli dövrü yaşayırıq. Biz tarixi ənənələrimizi, adətlərimizi, dinimizi, dilimizi ümumxalq sərvəti etmişik...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)