Xalq yazıçısı Elçinin “Şekspir” komediyası ilk dəfə professor Nərgiz Paşayevanın bədii rəhbərliyi ilə “Üns” Teatrında tamaşaya qoyulub və böyük uğur qazanıb.
   Bundan sonra “Şekspir” yalnız respublikamızın deyil, müxtəlif dillərə çevrilərək xarici ölkə teatrlarının da repertuarlarına daxil edilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
   Bu günlərdə Krım Tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi bu əsərə müraciət edib. Teatr əsəri “Xəstə könül” adı ilə Ukrayna tamaşaçılarına təqdim edib.
   Azərbaycanlı yazıçının əsərinə məşhur rejissor, Ukraynanın Əməkdar incəsənət xadimi Renat Bektaşev quruluş verib. Tamaşanın musiqisini görkəmli bəstəkar R.Bekirov bəstələyib.
   Əsas rolları Ukraynanın xalq artistləri D.Settarov, E.Yaqyayev, əməkdar artistlər E.Cəlilov, D.Adjimambetova, Q.Sefedina və digər tanınmış artistlər ifa ediblər. Tamaşanın Krımda nümayiş etdirilən premyerası böyük müvəffəqiyyətlə keçib.
   Qeyd etmək lazımdır ki, Krım Tatar Akademik Musiqili Dram Teatrı zəngin ənənələrə malikdir. Klassik və müasir dünya dramaturgiyasının bir çox nümunələri məhz bu teatrın səhnəsində göstərilərək, geniş tamaşaçı rəğbəti qazanıb.