8 sentyabr – 31 oktyabr tarixlərində Çin Xalq Respublikasının Şenzen şəhərində ənənəvi “Kəmər və Yol” Beynəlxalq Musiqi Festivalı (Shenzhen Belt & Road International Music Festival) keçirilir.
Müxtəlif ölkələrdən musiqiçilərin qatıldığı festival günlərində şəhərin fərqli məkanlarında ümumilikdə 60-dək konsert təşkil olunacaq.
Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə festivalın açılış mərasimində fəxri qonaq qismində çıxış edib.
Sentyabrın 8-də şəhərdəki “Shenzhen Konsert Hall”da gerçəkləşən açılış konsertində Sahib Paşazadə ilə birlikdə amerikalı tenor Jonatan Tetelman, rumın opera müğənnisi Angela Gheorghiu, tanınmış dirijor Ciprian Teodorascu, məşhur italyan pianoçu Edoardo Turbil və başqaları eyni səhnəni bölüşüblər.
S.Paşazadə Şenzen Simfonik orkestri ilə birlikdə Həsən Rzayevin “Çahargah rapsodiyası”nı və Çin xalq musiqilərindən ibarət kompozisiyanı ifa edib.
Tarzən həmçinin festivalın açılış günü 30-dan çox media nümayəndəsinin iştirakı ilə təşkil edilən brifinqdə Azərbaycan muğamı və tar milli musiqi alətimiz haqqında geniş məlumat verib.
Qeyd edək ki, “Kəmər və Yol” festivalı Çin tərəfindən Şərq-Qərb nəqliyyat dəhlizi məcrasında 2013-cü ildə irəli sürülən “Bir kəmər, bir yol” (Orta Dəhliz) təşəbbüsünün mədəni elementlərindən biridir. Bu strategiya tarixi İpək Yolunun dirçəldilməsi ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı 2017-ci ildən Şenzen Bələdiyyə Hökumətinin ev sahibliyində beynəlxalq musiqi festivalı keçirilir. “Kəmər və Yol” festivalında tarixi İpək Yolu boyunca yerləşən ölkələrin tanınmış musiqiçiləri bir araya gəlir.
Lalə Azəri