Yenidən qurulmaqda olan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Sentyabrın 15-də şəhərə daha 25 ailə (73 nəfər) köçürülüb.

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə (Şuşa istisna olmaqla) Xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən ailələrə yeni inşa olunan yaşayış kompleksində mənzillərin açarları təqdim edilib.

Bununla da Füzuli şəhərinə ilk mərhələdə köçürülməsi nəzərdə tutulan 144 ailənin (514 nəfər) hamısının daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində həmin ailələr arasında püşkatma keçirilmiş, 18 avqustda isə Füzuliyə köç başlamışdı. Püşkatma nəticəsində ailə tərkibinə uyğun olaraq onlardan 51-nə ikiotaqlı, 76-na üçotaqlı, 17-nə dördotaqlı mənzil verilib.

***

Sentyabrın 15-də Füzuli şəhərində otuz ildən sonra ilk Bilik Günü də keçirilib. Özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa olunan və bir neçə gün öncə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin iştırakı ilə açılışı keçirilən Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb ilk şagirdlərini qəbul edib.

Məktəb 960 şagird yerlikdir. Yeni dərs ilində burada 11 sinif olmaqla 160 şagird təhsil alacaq və 15 müəllim tədris aparacaq.