Xalq rəssamı Tofiq Ağababayev: “Bəzən “istedad” sözünün arxasında çox gizlənirlər. İşləmək, zəhmətkeş olmaq lazımdır”

 

Bu günlərdə Xalq rəssamı Tofiq Ağababayev 95 yaşını qeyd etdi. O, Azərbaycan təsviri sənət məktəbində öz dəst-xətti ilə seçilən rəssamdır. Ad günü ərəfəsində zəng edib müsahibə almaq və Mədəniyyət Nazirliyinin “Mədəniyyət sizinlə tanınır” layihəsi ilə bağlı çəkiliş aparmaq istədiyimizi bildirəndə çox sevindi. Dedi ki, yubileyi ilə əlaqədar onu ilk olaraq yad edən biz olduq. Emalatxanaya, yoxsa evlərinə gəlməli olduğumuzu soruşdum. Evlərini məsləhət gördü...

O, arxada qoyduğu bu illərdə çox çətinliklər görsə də, həyatı ağır keçsə də, yaşamaq eşqi, yaratmaq həvəsi heç vaxt azalmayıb. Əksinə, adını təsviri sənət tariximizdə əbədi yaşadacaq əsərlərə imza atıb...

 

Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və Sankt-Peterburqda V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbində təhsil alıb. Rəssam dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ-tətbiqi sənət sahəsində də diqqətəlayiq nümunələr yaradıb. Mənzərə, natürmort, portret janrlarında işlədiyi “Köhnə Bakı mədənləri”, “Qırmızı şlyapa”, “Abşeron kəndi”, “Azərbaycan lirikası”, “Füzulinin portreti”, “Narla natürmort” və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik sənətkar olduğunu göstərir.

Tofiq Ağababayev 1966-cı ildə Bakı şəhərinin ilk baş rəssamı vəzifəsinə təyin edilib. Bakının gerbinin bərpası, şəhərimizin simvolik açarının düzəldilməsi, bəzi heykəllərin yerləşdirilməsi və s. kimi işlər onun adı ilə bağlıdır. O, əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan bir rəssamdır.

Yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, “Əməkdar incəsənət xadimi”, “Xalq rəssamı” fəxri adlarına, Prezident təqaüdünə və bu günlərdə “Şöhrət” ordeninə layiq görülüb.

Fırça ustası ilə rahat, o qədər də böyük olmayan, dizaynından bizdə xatirələr oyadan evində söhbət etdik.

 

– Tofiq müəllim, 95 necə rəqəmdir?

– Yaxşıdır. Hiss etdiyim qədər 92-dən, 93-dən pis deyil. Heç 40-dan da pis deyil (gülür).

 

– Bəs ömrünüzün ən işıqlı ili hansıdır?

– 1945-ci il. May, Qələbə, sevinc izi. Bu uşaq yaşlarımın sevinci idi. Amma bizim Qarabağ Zəfərimiz hər bir azərbaycanlının qürur yeri oldu. Həyatımda başqa iz də olub. 1937-ci il 14 oktyabr tarixində atamın aparıldığı günü unutmuram. Atam hərbçi idi, kapitan. Azərbaycan milli diviziyasında xidmət etmişdi. Diviziyanın bütün heyətini güllələdilər 37-də. Bir dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə məktubla müraciət etdim ki, atamın işi ilə bağlı arxivi mənə göstərsinlər. Sağ olsunlar, hörmətlə qarşılayıb mənə lazımi şəraiti yaratdılar. Baxdım ki, bu insanlar əbəs yerə həyatlarını itiriblər... 

 

– 95-ci pillədən baxanda həyat necə görünür?

– 95-ci pillədən aşağı baxıram və həyatı normal görürəm. Həyatı da, ömrü də Tanrı verir. İnsanın canı sağlam olanda yaradıcılıq da gələcək. Ona görə də hər kəsə özünü qorumağı məsləhət bilirəm. Fikrin, xarakterin tutmayan adamlardan mədəni şəkildə uzaqlaşmaq lazımdır. Belə insanlardan uzaqda olsan, həyatın da xoş olar. Bir söz deyim, insan özünü qoruyanda təbiəti də qorumuş olur. Təbiəti qoruyanda cəmiyyətə də xeyri dəymiş olur.

 

– Təbiəti qorumaq demişkən, yaratdığınız əsərlərin ideyası haradan qaynaqlanıb?

– Əsərlərim analarımızın laylasından, xalçalarımızdan, muğamlarımız və zəngin irsimizdən qaynaqlanan düşüncələrin məhsuludur. Özüm rus dilində təhsil alsam da, ədəbiyyatımızı və tariximizi gözəl bilirəm.

 

– Rəngkarlığımızın ustadlarından biri kimi bu sahənin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz?

– Düşüncəmə və yaşıma görə deyərdim ki, indi bəyənməsələr də sovet dövründə yaradıcılıq birliklərinin faydalı fəaliyyətləri var idi. Yaradıcı adamlar tez-tez görüşür, fikir mübadiləsi aparırdılar. Azərbaycan rəssamlıq məktəbinin də intibah dövrü olub. SSRİ ərazisində ən qabaqcıl rəssamlıq məktəbi Azərbaycanda olub, görkəmli sənətkarlar tərəfindən qiymətli əsərlər yaradılıb. Adla demək istəməzdim. Bir var say, bir də var keyfiyyət. Sənətdə keyfiyyəti qorumaq lazımdır. Səttar Bəhlulzadə mənim emalatxana qonşum olub. Onunla bərabər həm də Rasim Babayev, Böyükağa Mirzəzadə və Nadir Əbdürrəhmanov. Səttarla münasibətlərimiz yaxın idi. O, ömrünün sonlarına yaxın yanına qonaq gələn hər kəsə bir əsər bağışlayırdı. Bir dəfə dedim ki, sənətin keyfiyyətini itirirsən. Xeyli fikrə getdi və sonunda mənimlə razılaşdı. Azərbaycan rəngkarlıq məktəbi çox yüksək səviyyədədir. Vaxtilə uşaq dediyim bir çox sənətkarlar artıq dünyadan köçüb. Amma bu gün də rəngi yaxşı anlayan, mənimsəyən, hiss edən rəssamlar çoxdur.

 

– Bunları duymaq üçün rəssamda hansı xüsusiyyət olmalıdır?

– Siz gözəl musiqi eşidəndə hansı duyğular yaşayırsınız? Rəssam da fırçanı əlinə alanda rəngləri həmin duyğularla seçməlidir. Bəlkə də bu həm də insani xarakterdən irəli gəlir. Bir məsələni də deyim. Rəssamlıqda formalaşma deyilən fikir var. Mən altı il Leninqradda (Sankt-Peterburq – red.) oxumuşam. Orada hər istirahət günü uşaqları muzeyə aparırlar. Bir dəfə kiçikyaşlı uşağın Rembrandtın koloritindən danışığının şahidi olmuşam. Amma elə adam da var əsərə baxır, ancaq başa düşmür. Valideynlər uşaqları mütləq muzeylərə və konsertlərə aparmalıdırlar. Bu işin xeyirdən başqa heç bir zərəri yoxdur. Çünki bizim göstərməyə də, dinləməyə də xalq olaraq təqdim edəcəyimiz məhsulumuz boldur. Mədəniyyətimiz zəngindir. Muğamın simfoniyası olan ölkəyik biz. Çox istərdim ki, bu simfonik əsərlər televiziyalarda səslənsin, gənc nəslə təqdim olunsun. Onlar bizim sabahımızdır.

 

– Uzun illərdir pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələriniz sırasında tanınmış adlar varmı?

– Bəli, tanınmış adlar var. Amma demək istəmirəm. Birdən kimlərinsə adını unudaram, küsərlər. Hər ad günümdə tələbələrimdən zənglər gəlir. Bu məni sevindirir.

 

– Bəs bugünkü rəssamlığın tədris proqramı sizi qane edir? Sizin dövrlə müasir dövr tədrisinin müsbət və mənfi cəhətləri nələrdir?

– Rəssamlıq Akademiyasında da, Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərslər çox yüksək səviyyədədir. Tələbələrin yaxşı işləri, sərgiləri təşkil edilir. Həqiqətən də, yaxşı işləyən gənc rəssamlar var. Gərək sənətin dilini biləsən. Bəzən baxırsan gəncdir, lakin təşəbbüsləri və maraqları elə dərindir ki, hətta xaricdə belə gedib uğur qazanırlar. Yaradıcılıq qulağa oxumaqla düzələn iş deyil. “Sən gələrsən, filan işi görərsən” deməklə də deyil. Özü yaranmalıdır.

 

– Yəni istedaddan asılıdır?

– Xeyr. “İstedad” sözünün arxasında bəzən çox gizlənirlər. İşləmək, zəhmətkeş olmaq lazımdır. Ağdan qaraya 99 ton var. Bu tonları tapana qədər ağ qaraya çevrilir. Rəsmdə nə qədər çox ton olarsa, o qədər keyfiyyət var. Adicə kvadrat çəkib tonlarla ayırsanız görün necə bir əsər əmələ gələr.

 

– Müsahibələrinizin birində deyirsiniz ki, rəssam gərək iki ömür yaşasın...

– Bu ona işarədir ki, yaşadıqlarını unutmasın. Məni rəssam kimi formalaşdıran uşaqlığımda gördüklərimdir. Əgər soruşsan dünən nə olub, bəlkə bilmərəm, amma 80 il öncə baş verən hər şey yadımdadır. Muğamımızdı, musiqimizdi məni formalaşdıran. İnsan xəzinədir. Onu araşdırmaq üçün müxtəlif variantlar var. Hərənin öz dünyası var.

 

– Sözarası dediniz ki, yubileylə bağlı əsərlərinizdən ibarət kataloq və kitab təklifi alsanız da, razılaşmadınız. Səbəb nə idi?

– Səbəb odur ki, eyni fikirlərin səslənməsini istəmirəm. Mircavad çox savadlı idi. Hətta o dövrdə belə öz fikrini deyirdi və sənət haqqında düşüncəsindən dönmürdü. Onunla ilkin anda razılaşmasalar da, ondan bəzən zəhlələri getsə də, sonradan sevirdilər. Hətta Mircavad üzr istəyəndə belə qəbul etmirdilər ki, sən düzünü dediyin üçün bunu etməməlisən.

 

– Paytaxtımızın ilk baş rəssamı olmusunuz. Bu gün Bakıya nəyi qaytarmaq istəyərdiniz?

– İlk dəfə Bakının gerbini bərpa elədim. Bu gerb 1870-ci ildən var idi. Alov vardı, Xəzər isə yox idi. 1967-ci ildə Xəzəri, yəni dalğaları əlavə etdim. Beş xətt boyunca ikisıralı dalğa. Bakıya nəyi qaytarmaq məsələsinə gəldikdə, sadəcə, istərdim ki, paytaxtımızın gerbini düzgün təsvir etsinlər.

 

– Bəs niyə məhz iki sıra dalğa?

– Kompozisiyaya uyğun. Bir olanda az, üç olanda çox görünür, yəni kompozisiya pozulur.

 

– Sərgilərə gedirsiniz?

– Dəvət olunanda gedirəm. 

 

– Bir neçə ay əvvəl sizin də emalatxananız olan binada yanğın çıxmışdı. Əsərlərinizdən yanan olmadı ki?

– Gənc dostum Səyavuş əsərlərimin xilas edilməsində mənə kömək oldu. Rəssam üçün əsərlərinin məhv olması bir faciədir. Dostlarımın əsərləri həmin yanğında məhv oldu. Çox acınacaqlı hal idi. Emalatxananın dam örtüyü yandı və 5-ci mərtəbədə olan bütün emalatxanalar ziyan gördü. Emalatxanam 4-cü mərtəbədədir. Fikrimcə, müasir dövrdə rəssamlara ev veriləndə yaradıcılıq üçün bir otaq artıq versələr, bəs edir. Həm əsərlərinin qeydinə qalarsan, həm də istənilən vaxt məşğul ola bilərsən.

 

– Hazırda işlədiyiniz əsər varmı?

– Bəzən fikirləşirəm bu işi görəcəyəm, o işi görəcəyəm. Birdən yadıma düşür ki, ay Tofiq, 95-dir artıq. Beləcə, planlarımdan vaz keçirəm...

 

– Sənətsevərlərə bir sözünüz?

– Birinci cansağlığı. Cansağlığı olanda iştaha gəlir, iştaha olanda insanda qüvvə də olur. Qüvvə olanda isə yaradıcılıq həvəsi gəlir. Yaradıcılıq həvəsi ilə mənəvi qidaya olan tələbat ödənir. Yəni cansağlığı əsasdır. Bir də ən əsası siz mənim cavablarımdan razı qalasınız. Razı qaldınızmı?

 

– Əlbəttə. Mən də sizə cansağlığı arzulayıram.

Lalə Azəri