Olaylar, faktlar (19–21 sentyabr)

 

196 il əvvəl...

 

20 sentyabr 1827-ci ildə Rusiya-İran müharibəsi gedişində general İvan Paskeviçin başçılıq etdiyi rus qoşunları İrəvan xanlığının strateji əhəmiyyətli Sərdarabad qalasını ələ keçiriblər. Sərdarabad Ermənistan sovetləşəndən sonra eyniadlı rayonun mərkəzi olub. 1932-ci ildə Oktemberyan, 1992-ci ildə Armavir adlandırılıb.

 

153 il əvvəl...

 

20 sentyabr 1870-ci ildə Cüzeppe Haribaldinin rəhbərliyi ilə İtaliyanın birləşdirilməsi başa çatıb. Roma İtaliyanın paytaxtı elan edilib. Lakin Vatikan (Roma Papası) bununla razılaşmadı və 1929-cu ilədək onun İtaliya ilə münasibətləri açıq qaldı. Həmin il şəhərdə cəmi 44 hektar əraziyə malik Vatikanın dövlət statusu müəyyənləşdi və o, İtaliya ilə diplomatik münasibətlər qurdu.

 

102 il əvvəl...

 

20 sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Mustafa Kamal paşaya “marşal” rütbəsi və “Qazi” adı verilib.

 

99 il əvvəl...

 

20 sentyabr 1924-cü ildə İraqın şimalında Kərkük türklərinin yaşadığı və neftlə zəngin olan Mosul bölgəsi ilə bağlı məsələ Millətlər Liqasının müzakirəsinə verilib. O vaxt İraq Britaniyanın protektoratlığında idi, Mosula isə Türkiyə iddia edirdi. Millətlər Liqası Britaniyanın istədiyi qərarı çıxardı və Mosul İraqın tərkibində (ingilislərin nəzarətində) qaldı.

 

59 il əvvəl...

 

21 sentyabr 1964-cü ildə Britaniyanın müstəmləkəsi olan Malta müstəqilliyini elan edib. Aralıq dənizindəki ada-dövlət Malta 1800-cü ildə ingilislərin nəzarətinə keçmiş və burada Britaniyanın hərbi-dəniz bazası qurulmuşdu. Malta müstəqillik əldə etsə də, formal olaraq Britaniya Birliyinə daxildir.

 

42 il əvvəl...

 

21 sentyabr 1981-ci ildə Mərkəzi Amerikada, Karib hövzəsində yerləşən Beliz müstəqilliyini elan edib. XVI əsrdə İspaniya tərəfindən işğal olunan Beliz 1862-ci ildə Britaniyanın nəzarətinə keçmişdi.

 

1981-ci ildə BMT Baş Assambleyası tərəfindən  21 sentyabr – Beynəlxalq Sülh Günü (“Qlobal atəşkəs və zorakılıqsız gün”) təsis edilib.

 

38 il əvvəl...

 

19 sentyabr 1985-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində baş verən 8,1 bal gücündə zəlzələ nəticəsində, rəsmi məlumatlara görə, 10 mindən çox insan həlak olub, 30 minə yaxın adam yaralanıb.

 

29 il əvvəl...

 

20 sentyabr 1994-cü ildə Bakıda, “Gülüstan” Sarayında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənməsinə dair beynəlxalq kontrakt imzalanıb. “Əsrin müqaviləsi” ilə Azərbaycanın yeni neft strategiyasının əsası qoyulub. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 20 sentyabr “Neftçilər günü” kimi qeyd olunur.

Hazırladı: V.Orxan