Azərbaycanlı virtuoz skripkaçı, gənc yaşına rəğmən dünyanın bir çox səhnələrini fəth etmiş, mötəbər müsabiqələrin qalibi və mükafatçısı olmuş Elvin Hoca Qəniyev Polşanın Katovise şəhərində 4-23 sentyabr tarixlərində keçirilən Karol Şimanovski Beynəlxalq Musiqi Müsabiqəsinin (Karol Szymanowski International Music Competition) laureatı adını qazanıb.
Polşanın dünyaca məşhur bəstəkarı, pianoçusu və musiqi tənqidçisi Karol Şimanovskinin (1882-1937) adına təsis edilən müsabiqə beş ildən bir təşkil edilir və ifaçılıq sahəsinin ən mötəbər yarışmalarından sayılır. Dörd nominasiya – fortepiano, skripka, vokal və simli kvartet üzrə keçirilən müsabiqə 300 min avroluq ümumi mükafat fondu ilə yanaşı, mükafatçılara Polşa Radiosunun Milli Simfonik Orkestri ilə eyni səhnədə qala-konsertdə çıxış etmək imkanı yaradır.
Müsabiqəyə skripka üzrə 24 ifaçı qatılıb və 1-2-ci turlardan sonra 5 nəfər, o cümlədən Elvin Hoca Qəniyev finala vəsiqə qazanıb. Sentyabrın 14-də gerçəkləşən həlledici mərhələdə beş finalçının hər biri Karol Şimanovskinin “Skripka üçün 1 №-li konsert op. 35” əsərini ifa ediblər.
Müəllifin 1916-cı ildə yazdığı və I Dünya müharibəsinin də ab-havası sezilən bu əsər birhissəlidir, poema tiplidir, üçhissəli – cəld-yavaş-cəld sxemi əsasında qurulan konsertlərdən xeyli fərqlidir və “birnəfəsə” ifa zamanı həm virtuozluq, həm də improvizasiya bacarığı tələb edir. Elvin də bunun öhdəsindən məharətlə gəlib.
Münsiflərin yekun rəyinə əsasında beşlikdən üçü seçilib – yaponiyalı Seina Matsuoka 1-ci, Elvin Hoca Qəniyev 2-ci, ev sahibi ölkənin təmsilçisi Yakub Stazel (Staszel) 3-cü olub.
Elvin Xoca Qəniyev Azərbaycanın tanınmış skripka ifaçısı, Xalq artisti, Ankara Bilkənd Universitetində Musiqi fakültəsinin və Bilkənd Simfonik Orkestrinin qurucusu mərhum Sərvər Qəniyevin nəvəsidir. 1997-ci ildə anadan olub. Anası Nərminə Qəniyeva pianoçu, atası Hayretdin Hoca violonçel ifaçısıdır. Valideynləri də Ankara Bilkənd Universitetində dərs deyir və Bilkənt Simfonik Orkestrinin solistləridir.
Elvin bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib. K.Lipinski, G.Venyavski, P.Çaykovski və D.Oystrax adına nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2018-ci ildə Berlində keçirilmiş beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Ölkə başçısının 27 may 2018-ci il tarixli sərəncamı ilə 21 yaşında “Əməkdar artist” fəxri adına layiq görülüb və bu adı almış ən gənc sənətçi olub. Almaniyanın Hannover Musiqi, Dram və Media Universitetində magistr təhsili alıb.