Sentyabrın 18-də Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın anadan olmasının 138-ci ildönümü və Milli Musiqi Günü ilə bağlı tədbir keçirildi.

Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov tədbiri açaraq Üzeyir bəyin zəngin yaradıcılığından, xalq tərəfindən sevilməsindən söz açdı.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev dahi bəstəkarın irsinin tükənməz mənəvi xəzinə olduğunu bildirdi, onun yaradıcılığının daha dərindən araşdırılmasının əhəmiyyətini qeyd etdi. Sənətşünas həmçinin yeni işıq üzü görən “Üzeyir Hacıbəyli təsviri sənətdə” kitabından danışdı, nəşrin bir nüsxəsini muzeyə hədiyyə etdi.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dedi ki, hər dəfə Üzeyir bəyin ocağına gələndə qəlbimi qəribə hisslər bürüyür: “Fikrim uzaq keçmişə – Üzeyirli günlərə qayıdır. Yadıma ötən əsrin birinci yarısında dahi bəstəkarın yaradıcılıq axtarışları, mənfur erməni rejissorunun onu aldatmaq, əsərlərinə sahib çıxmaq cəhdi, Ü.Hacıbəylinin müəllif hüquqlarının pozulması ilə bağlı İ.Stalinə yazılı şəkildə müraciəti düşür...”.

Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının ingilis dilində hazırladığı beş kitabın işıq üzü gördüyünü diqqətə çatdırdı. Bildirdi ki, kitablardan ikisi Ü.Hacıbəyliyə həsr edilib. Onlardan biri V.Molotovun Ü.Hacıbəylinin müəllif hüquqlarının pozulması ilə bağlı məktubunu İ.Stalinə oxuması ilə başlayır...

Tədbirdə daha sonra rəssam Yaşar Səmədov Ü.Hacıbəyliyə həsr etdiyi əsərini ev-muzeyə bağışladı, rəsmin ərsəyə gəlməsindən danışdı. Şairə Nazlı Yazar bəstəkara ithaf etdiyi şeirini oxudu.

Çıxışlardan sonra musiqi nömrələri təqdim olundu. Əməkdar artist Fərid Əliyev, Fatimə Cəfərzadə və başqalarının ifasında dahi bəstəkarın “Arazbarı”, “Aşıqsayağı”, “Arşın mal alan” operasından müqəddimə və s. əsərlər səsləndirildi. Bütün ifalar alqışlarla qarşılandı.

S.Fərəcov