Dünya səhnələrini fəth etmiş “Məhəbbət əfsanəsi” Bakıda nümayiş olunub
Görkəmli bəstəkar, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin paytaxtımızda uzun müddətdir gözlənilən nümayişi sentyabrın 18-də – Milli Musiqi Günündə Heydər Əliyev Sarayında keçirildi. Dünyanın bir çox səhnələrini fəth edən baletin nümayişi ilə həm də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı açıldı.
“Məhəbbət əfsanəsi” təxminən 60 il aradan sonra bəstəkarın doğma şəhərində, Bakının baş səhnəsinə çıxıb. Dalbadal iki axşam (18-19 sentyabr) gerçəkləşən möhtəşəm təqdimat ecazkar musiqi, səhnə quruluşu və tərtibatı ilə Milli Musiqi Günündə tamaşaçılar üçün gözəl hədiyyə olub.
Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub.
Bakıdakı musiqi bayramına – “Məhəbbət əfsanəsi” baletinin təqdimatını izləmək üçün digər ölkələrdən qonaqlar da gəliblər. Onların arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur “FAZIOLI” royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Siskaridze də var.
Rusiyanın Xalq artisti Nikolay Siskaridze tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”ndə oynadığı roldan danışaraq deyib: “Mən bu tamaşanın əsas ifaçılarından biri olmuşam. Böyük Teatrda işlədiyim dövrdə “Məhəbbət əfsanəsi” baletində rol almaq çətin idi. Çünki bu, bir tərəfdən virtuoz, digər tərəfdən isə ən vacib ulduzların çıxış etdiyi tamaşadır. Bu rolu çox erkən yaşda oynamaq mənim üçün qürurverici idi. Bir neçə dəfə bəstəkarın (Arif Məlikov – red.) gözü qarşısında rəqs etmək şansım oldu. Bu, mənim üçün ən böyük mükafatlardan biri idi. Bu gün burada olmağımın səbəbi bənzərsiz bəstəkara olan sevgimdir. Hesab edirəm ki, bu, dünya musiqi mədəniyyətində balet üçün yazılmış möhtəşəm partituralardan biridir. Çox xoşbəxtəm ki, bu balet Arif Məlikovun vətənində – Azərbaycanda səhnəyə qoyulur”.
Arif Məlikovun mədəniyyət tariximizdə böyük bir izi olduğunu qeyd edən Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova “Məhəbbət əfsanəsi” baletinin dünyanın məşhur teatrlarında səhnəyə qoyulduğunu söyləyib. “Azərbaycan xoreoqrafiya sənətində bir çox istedadlı balet ustaları və xoreoqraflar var. Ümid edirəm ki, bu sənət həmişə inkişaf edəcək və dünyada öz sözünü deyəcək”, – deyə o əlavə edib.
Xalq rəssamı Ömər Eldarov “Məhəbbət əfsanəsi” baleti barədə təəssüratlarını bölüşərək deyib: “Bu möhtəşəm balet istedadlı ustaların səyləri nəticəsində ərsəyə gəlib və qısa zamanda uğur qazanıb. Arif Məlikov dünyanı öz yaradıcılığı ilə tanış etmək üçün yaşayırdı və o, bunu bacardı”.
Təqdimat mərasimində iştirak etməkdən şərəf hissi duyduğunu bildirən Çinin ölkəmizdəki səfiri xanım Qo Min Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu deyib: “Əminəm ki, baleti izlədiyim zaman Azərbaycan mədəniyyətinin incəliklərini hiss edəcəyəm. Bu tamaşanı yenidən görməkdən çox məmnunam. Ümid edirik ki, gələcəkdə “Məhəbbət əfsanəsi” çinli tamaşaçılara da nümayiş olunacaq”.
***
“Məhəbbət əfsanəsi”nin Heydər Əliyev Sarayındakı budəfəki təqdimatına uzun müddətdir hazırlıqlar görülürdü və bir aydan çox idi məşqlər gedirdi.
Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.
Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov açıblar.
F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını deyib: “1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 15 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar, bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda nümayiş olundu...”.
Beləliklə, illər sonra “Məhəbbət əfsanəsi” baleti Bakı səhnəsinə qayıdıb.
Tamaşada əsas partiyaları – şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiya Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.
***
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov səhnə əsəri haqqında fikirlərini jurnalistlərlə bölüşüb: “Bu gün bizim üçün tarixi bir gündür. Belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdaram. Əminəm ki, unudulmuş bir əsərin yerli truppamızın iştirakı ilə Azərbaycan səhnəsinə qayıdışı sonuncu olmayacaq”.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət isə əsəri dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov faciəli sevgi və fədakarlıqdan bəhs edən əsərə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu iki ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı), bir qədər sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilib. Haqlı olaraq şedevr adlandırılan bu baletə məşhur baletmeyster, SSRİ Xalq artisti Yuri Qriqoroviç quruluş verib. İndiki Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Svetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.
“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.
Tamaşanın dirijoru Yalçın Adıgözəlov təəssüratını bölüşərək bildirib ki, bu gün belə bir möhtəşəm səhnədə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılması çox əlamətdardır: “Uzun illər bu hadisənin arzusunda idik. Təəssüf olsun ki, bu gün Arif müəllim aramızda deyil, amma əminəm, onun ruhu şaddır. Bu dünyaşöhrətli əsər bundan sonra bizim səhnəmizdə daim yaşayacaq. Bu gün burada çox böyük bir heyət – 500-ə yaxın sənətkar çalışdı. Bizim fəxr edəcək bir çox əsərlərimiz var, amma “Məhəbbət əfsanəsi” bütün dünyanı fəth edib. Bu gün hamı üçün həyəcanlı, məsuliyyətli bir gün, eyni zamanda böyük bir bayram oldu”.
Səhnə əsərinin quruluşçu baletmeysterləri Ruslan Pronin və Oksana Svetnitskaya “Məhəbbət əfsanəsi” baletinin ilk dəfə Rusiyada səhnəyə qoyulduğunu və 1961-ci ildə Leninqrad Teatrında baş tutan ilk tamaşa ilə Azərbaycan arasındakı əlaqəni vurğulayıblar. Qeyd ediblər ki, məhz buna görə də həm Azərbaycan, həm də Rusiya balet rəqqasları ilə işləmək ideyası yarandı. Bu, həmçinin qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır.
Tamaşanın əsas rollarının ifaçıları Denis Rodkin və Mariya Vinoqradova da jurnalistlərə müsahibələrində səhnə əsəri ilə bağlı fikirlərini bölüşüblər. “Tamaşa çox yaxşı keçdi. Şadam ki, Denislə Bakıya gəldim, bu möhtəşəm tamaşanın premyerasını rəqs etdim”, – deyə Mariya Vinoqradova qeyd edib.
Bakıya səfər etməsindən məmnunluğunu bildirən Denis Rodkin isə deyib: “Bakıda olmaq mənim üçün çox xoşdur. Çünki bura görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun Vətənidir. 2014-cü ildə Yuri Qriqoroviç “Məhəbbət əfsanəsi”nin yeni redaksiyası üzərində çalışarkən onunla şəxsən işləmək şansım oldu. Onu da qeyd etmək istərdim ki, Bakıda orkestr fərqli səslənir. Çünki doğma divarlar arasında səslənir. Azərbaycan tamaşaçısı çıxışımızı yüksək qiymətləndirdi”.
Qeyd edək ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Heydər Əliyev görkəmli bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli liderə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və “Əbədiyyət” adlı 8-ci simfoniyasını ona ithaf edib.