Sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində də Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Həmin gün muzeyin açılışının 29-cu ildönümünə təsadüf etdiyindən tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də açılış mərasimində söylədiyi nitqin videoyazısı ilə başlayıb.
Sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova və mənzil-muzeyin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış ediblər.
Bədii hissədə Akademik Musiqili Teatrın artistləri Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Kamil Həsənov (fortepiano), vokalçı Sevinc İbrahimova, Mircəfər Mövsümzadə (tar, vokal), Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin), Arzu Səfərova (fortepiano) və Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Əmişovanın (fortepiano) ifalarında konsert proqramı təqdim olunub.