Dünya şöhrətli bəstəkar, musiqişünas-alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli böyük dramaturq, şair-mütəfəkkir Hüseyn Cavid ilə hələ gənclik illərindən tanış və dost olmuşdular. Bu iki mütəfəkkir sənətkarı bir-birinə bağlayan möhkəm dostluq və əqidə birliyi idi.
Cavid əfəndi ilə Üzeyir bəyin bacanağı, Azərbaycanın görkəmli maarif xadimi, repressiya qurbanlarından biri Pənah Qasımov qonşu olmuşlar. Onlar hazırda Hüseyn Cavidin Ev-Muzeyi yerləşən otaqlarda çox mehriban qonşu kimi yaşamışlar. Üzeyir bəy və digər bacanağı, bəstəkar Müslüm Maqomayev tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə Cavid əfəndi də iştirak edərdi. İşbirliyi, yaradıcılıq barədə söhbətləşərdilər.
Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavid “Cavidi xatırlarkən” kitabında yazırdı: “Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə də dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:
– Cavid əfəndi, özün bilirsən, “Koroğlu” üzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, “Koroğlu”nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, sənin “Şeyx Sənan”ına opera yazım.
Cavid dedi:
– Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. Nə vaxt istəsən, “Şeyx Sənan”a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən də, mənim “Şeyx Sənan” operamın librettosu o qədər də xoşuma gəlmir. Sənin “Şeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə də, mənə də cansağlığı versin. Yaxşı bir əsər yazarıq”.
30 aprel 1937-ci ildə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının premyerasında Hüseyn Cavid də ailəsi ilə birlikdə iştirak etmişdir. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içində “bu gün əsl xalq bayramı, əsl sənət bayramıdır” demiş, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçmişdir. “Koroğlu” operası haqqında ilk resenziyalardan birini də “Yeni yol” qəzetinin 6 may 1937-ci il tarixli sayında Hüseyn Cavid yazmışdır.
***
Amma əfsus ki, “Şeyx Sənan” operası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. Cavid əfəndi həbs olunanda oğlu Ərtoğrolun 18, qızı Turanın 14 yaşı vardı.
Belə bir ağır günlərdə Üzeyir bəy dostunun ailəsinə arxa durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. “Xalq düşmənləri”nin ailələrinə yaxın insanlar da təqib olunurdular. Hətta Üzeyir bəyin də başı üzərində belə bir kabus dolanmaqda idi. Lakin bütün bunlara baxmayaraq, Ü.Hacıbəyli Cavidin ailəsinə daim mənəvi və maddi dayaq oldu. Öz qayğısını, himayəsini onlardan əsirgəmədi.
Böyük dramaturqun istedadlı oğlu Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı və bacarıqlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdir.
Ərtoğrol Cavidin gələcəyinə Üzeyir bəyin çox böyük ümidi vardı. Qeyri-adi istedad sahibi olan Ə.Cavid həm də Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi-Tədqiqat Kabinetində çalışaraq xalq yaradıcılığı nümunələrinin toplanılması, folklorun nota salınması işi ilə məşğul olurdu.
Ərtoğrolu da repressiyaların zərbə dalğası qurban apardı. Konservatoriya tələbəsi olmasına baxmayaraq, onu əsgərliyə çağırdılar. “Xalq düşməni”nin oğlunu Gürcüstanda çox ağır tunel tikintisi işlərinə göndərdilər. Vərəmə tutuldu... Onun müəllimləri Üzeyir bəyə, Bülbülə, anasıyla bacısına tez qırılan 24 baharlıq həyatının son aylarında yolladığı məktublarında gerçəkləşməyəcək ümidlər çırpınır...
Ağır vərəm xəstəliyinə tutulan Ərtoğrol vəfatından altı ay əvvəl – 26 aprel 1943-cü ildə Tiflisdən kabinetin rəhbəri Bülbülə göndərdiyi məktubunda nikbinliklə yazırdı: “Mənim indiki planım Naxçıvana getməkdir. Orada hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıracaq materiallar toplayacam. Yanımda xeyli not və yazı kağızı var”.
Təəssüf ki, gənc bəstəkar və tədqiqatçı istədiyini həyata keçirə bilmədi. Əcəl macal vermədi, bütün arzuları yarımçıq qaldı.
Ə.Cavidin əsgərlikdən yazdığı məktubları oxuduqca onun nə qədər ağıllı, mərd, canıyanan, qayğıkeş olduğunu görməmək mümkün deyil. Yazdığı məktublarda Ərtoğrol yardım üçün yalnız əziz müəllimi Üzeyir bəyə müraciət edirdi. O, xeyirxah saydığı dahi bəstəkara bir neçə məktub göndərmişdir. Birinci məktub 25 fevral 1942-ci il tarixində yazılmışdır.
“Hörmətli, Üzeyir bəy!
Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı.
Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri və ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsirgəməyin.
Anam uşaq bağçasında işləyə bilər. Bacım həm bağçada, həm maşiniskalıq, həm də ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.
Lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz.
Hörmətlə, Ərtoğrol”.
İkinci məktubunda isə Ə.Cavid yazırdı:
“Hörmətli, Üzeyir bəy!
İlk dayanacaq mənzilimiz Abxaziya dağları oldu. Hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam, hətta ailəmizdən də.
Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır, səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlamalıyam.
Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də o, yataqda yatır, bacım həyatı dərk eləməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim.
Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbəxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.
Hörmətlə, tələbəniz Ərtoğrol.
15.03.1942”.
Ürək ağrısı ilə oxuduğumuz bu məktubları Ə.Cavid hələ Tiflisə çatmamış, yolda olarkən qayğıkeş, xeyirxah müəlliminə yazırdı. Anasının, bacısının fikrini və dərdini çəkən 23 yaşlı Ərtoğrol yeganə ümid yeri Ü.Hacıbəylidən kömək diləyirdi. Amma narahat oğul və qardaş bilmirdi ki, peyğəmbər kimi insan olan Üzeyir bəy onsuz da Cavid əfəndinin ailəsi üçün lazımi, mümkün olanları edirdi. Onlara maddi və mənəvi yardım göstərirdi. H.Cavid həbs olunduqdan sonra qohumlarının belə üz döndərdiyi Cavidlər ailəsi, başda Üzeyir bəy olmaqla, yalnız bir neçə nəfərdən munislik görürdü.
Üzeyir bəyin diqqət-nəzəri dostunun ailəsinin üzərindən heç zaman əskik olmurdu. Qorxmaz, cəsarətli insan olan bəstkar bu ailə ilə bağlı bütün məhdudiyyətləri mərdliklə dəf etməyi bacarırdı.
Cavid əfəndinin yadigarı Turan Cavidi Dövlət Radio Komitəsində ilk dəfə işə düzəldən də məhz Üzeyir bəy olmuşdu. Bu barədə Turan xanım həmişə iftixarla danışardı. Turan Cavidin bununla bağlı və başqa etiraflarını Azər Turanın “Cavid əfəndi...” kitabında oxuyuruq: “Məktubu (söhbət Ərtoğrol Cavidin yazdığı məktubdan gedir) Üzeyir bəyə verdim. Oxudu və Radio Komitəsinə zəng vurdu. Kim idi Üzeyir bəyin bir sözünü iki edən. Məni işə götürdülər. Amma Üzeyir bəylə bağlı bir yanlışımı da söyləmək istəyirəm. Üzeyir bəy Ərtoğrolun məktubunu oxuyub Radio Komitəsinə zəng vurandan sonra həmin məktubu mənə qaytardı. Uzun illər Üzeyir bəyə həm şükrançı oldum, həm də ürəyimdə bir qırıqlıq qaldı.
Düşünürdüm ki, Üzeyir bəy yəqin Ərtoğrolun məktubunu özündə saxlamaqdan qorxdu, çəkindi...
Amma çox-çox illər sonra Üzeyir bəyin arxivində Ərtoğrolun Gürcüstandan ona yazdığı məktubları görəndə təskinlik tapdım. Üzeyir bəy aldığı çoxlu məktubların içərisində Ərtoğrolun məktublarını ayrıca sevgi ilə qoruyub saxlamışdı. Bunu biləndən sonra Üzeyir bəylə bağlı keçirdiyim ikili duyğularıma nöqtə qoyuldu. Həm sevinirdim, həm də Üzeyir bəy barədə yanlış düşündüyüm üçün və onunla bağlı şübhələrimi uzun illər içimdə daşıdığıma görə özümü qınayırdım”.
Başqa cür ola da bilməzdi. Çünki Üzeyir bəy heç vaxt ikili həyat yaşamamışdı. Onun bir üzü və bir sözü var idi. Hər zaman olduğu kimi görünmüşdü. Elə bu baxımdan da Cavidlər ailəsinə münasibəti daima birmənalı olmuşdu. H.Cavid kimi bir sənətkarı itirdiyi üçün həmişə qəlbi ağrımışdı. Amma bunu yaxınlarından başqa duyan, bilən olmamışdı. Cavidin ailəsinə isə köməyini heç zaman əsirgəməmişdi.
***
Daim Azərbaycanın, milli mədəniyyətimizin gələcəyini düşünən Üzeyir Hacıbəylinin Cavid əfəndinin istedadlı oğluna xüsusi rəğbəti vardı, ona ümidləri çox idi. Onun bəstələrinə baxanda fərəh hissi keçirirdi. Gələcəkdə böyük bəstəkar kimi şöhrət qazanacağına inanırdı. Ə.Cavid gənc yaşında xeyli musiqi əsərləri yazıb qoymuşdu. Üzeyir bəyin bəstəkarlıq sinfində təhsil alan Ərtoğrol ilk əsərlərindən birini – “Doqquz variasiya”sını sevimli müəlliminə həsr etmişdir. Bundan əlavə, onun Azərbaycan el havaları əsasında yazdığı “Üç prelüd” (“Çal-oyna”, “Aşıqsayağı”, “Yallı”), iki uşaq miniatürü, anası Mişkinaz xanıma ithaf etdiyi “Naxçıvan mənzərələri” adlı iki musiqi lövhəsini (“Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”), “Sonatina”, skripka və fortepiano üçün “Poema”, N.Rəfibəylinin şeirinə yazdığı “Eşq olsun” mahnısı və s. əsərləri göstərmək olar. Bunlar Ə.Cavidin yazıb tamamladığı əsərlərdir. Lakin onun yarımçıq qalmış əsərləri də vardır. Məsələn, böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün “Romans-kapriççio” (sözləri Nizaminin), “Şeyx Sənan”, “Məhsəti” operaları, “Babəkin andı” simfonik poeması və bir sıra kamera-instrumental əsərləri tamamlanmamışdır.
Ə.Cavid hətta bəzi Avropa və rus bəstəkarlarının əsərlərinin mətnlərini Azərbaycan dilinə tərcümə etmiş və çox da uğurlu alınmışdır. Məsələn, Şubertin “Arqançı”, Küinin “Toxundum gülə”, Cordaninin “Ey sevgilim”, Şopenin “Arzu”, Motsartın “Beşik nəğməsi”, Ştrausun “Bahar nəğməsi”, Rimski - Korsakovun “Sadko” operasından “Hindli qonağın nəğməsi”, Raxmaninovun “Yasəmən”, Qreçaninovun “Layla” və s. əsərlərinin bədii mətnini dilimizə ustalıqla çevirmişdir. Lakin təəssüflər olsun ki, bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ə.Cavidin adı qeyd olunmamışdır. Xalq yazıçısı Anar “Böyük sənətkarın sənətkar oğlu” məqaləsində bu barədə böyük bəstəkar Fikrət Əmirova istinadən yazır: “Görürsünüzmü, ədəbi mətn melodiyaya necə yaxşı uyğunlaşdırılıb, axı o, kamil ədəbi savada, biliyə malik idi. Neçə-neçə Avropa və rus bəstəkarlarının romans və mahnı mətnlərini dilimizə ekviritmik tərcümə etmişdir”.
Göründüyü kimi, Ə.Cavid yaşasaydı, nə qədər qiymətli əsərlər yazacaqdı. Amma xalqımızın düşmənləri buna imkan vermədilər. Repressiyanın davamı olaraq H.Cavidin yeganə oğlunu da məhv etdilər...
Gülbəniz Babaxanlı
filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi