Sentyabrın 30-da Moskvadakı “Zaryadye” konsert salonunun Kiçik zalında “Müəllim və yetirmələri” müəllif proqramı çərçivəsində gənc azərbaycanlı dirijor Murtuza Bülbülün idarəsilə Kreml Dövlət Orkestrinin kamera heyətinin konserti olacaq.

Kreml Dövlət Orkestrinin mətbuat xidmətinin yaydığı məlumata görə, konsertdə D.Şostakoviçin və onun ən görkəmli tələbələri sayılan G.Sviridov və Q.Qarayevin əsərləri səslənəcək. Klassik musiqisevərlər D.Şostakoviçin “Çello və fortepiano üçün sonata”sı, “Kamera orkesti üçün simfonifya”sı, G.Sviridovun “Kamera orkestri üçün Musiqi” əsəri və Q.Qarayevin “Kamera orkestri üçün III simfoniya”sını dinləyə biləcəklər.

Dünyanın görkəmli bəstəkarlarının yaradıcılığında varislik prinsipindən bəhs edən məlumatda o da diqqətə çatdırılır ki, Murtuza Bülbül Azərbaycanın məşhur musiqiçi sülaləsinin davamçısıdır.  Moskva Dövlət Konservatoriyasının dosenti Vyaçeslav Valeyevin tələbəsi olan Murtuza Bülbül gənc yaşına baxmayaraq, Rusiya Milli Orkestri, Sankt-Peterburq Akademik Simfonik Orkestri, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Novosibirsk Akademik Simfonik Orkestri ilə konsertlər verib.

Gülcahan Mirməmməd