Olaylar, faktlar (22–25 sentyabr)

 

118 il əvvəl...

 

24 sentyabr 1905-ci ildə Norveç İsveç Krallığından ayrılaraq müstəqil dövlət olub. İsveç-Norveç uniyası (ittifaqı) 1751-ci ildə bağlanmışdı. Həmin ittifaqadək Danimarka Krallığının nəzarəti altında  olan Norveç İsveçlə uniya bağladıqdan sonra nisbi özünüidarə hüququ qazanmışdı. Maraqlıdır ki, müstəqilliyini elan edəni Norveçin ilk kralı danimarkalı VII Haakon oldu. Danimarka Norveçin ərazisi sayılan Qrenlandiyanı da öz nəzarətində saxladı.

 

115 il əvvəl...

 

22 sentyabr 1908-ci ildə Bolqarıstan Osmanlı imperiyasının tərkibindən çıxaraq müstəqilliyini elan edib. XIV əsrin sonundan Osmanlının nəzarətinə keçən Bolqarıstan 1877-1878-ci illərin Rusiya-Türkiyə müharibəsindən sonra muxtar knyazlıq statusu almışdı.

 

110 il əvvəl...

 

24 sentyabr 1913-cü ildə İrlandiya Böyük Britaniya Krallığı tərkibində muxtariyyət statusu alıb. Bununla bağlı xüsusi sənəd – “Qomrul haqqında qanun” qəbul edilib. 1949-cu ildə Cənubi İrlandiya müstəqil dövlət oldu, Şimali İrlandiya isə nisbi özünüidarə hüququ ilə Britaniyanın tərkibində qaldı.

 

91 il əvvəl...

 

23 sentyabr 1932-ci ildə Səudiyyə Ərəbistanı Krallığı yaranıb. Ərəbistan yarımadasında geniş sahəni (2,15 milyon kv km) əhatə edən Səudiyyə tayfalarının birləşmə prosesi XIX əsrin əvvəlində başlanmışdı. 1927-ci ildə İbn Səud Hicaz, Hecd və s. bölgələri birləşdirdi, beş il sonra Səudiyyə Ərəbistanı krallıq elan edildi.

 

63 il əvvəl...

 

22 sentyabr 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Mali müstəqilliyini elan edib. Mali 1890-cı ildən Fransanın nəzarətində (Fransa Sudanı adı ilə) idi. Müstəqillik qazanandan sonra ölkədə 1992-ci ilədək hərbi diktatura mövcud olub.

 

54 il əvvəl...

 

25 sentyabr 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında İslam Konfransı Təşkilatı təsis olunub. 57 dövləti birləşdirir. 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır. Katibliyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

 

43 il əvvəl...

 

22 sentyabr 1980-ci ildə İraq-İran müharibəsi başlayıb. İraq qoşunlarının İranla sərhəddə Şatt əl-Ərəb çayını nəzarətə götürməsi müharibənin faktiki səbəblərindən idi. 8 il sürən və iki tərəfdən 1 milyondan çox insan itkisinə səbəb olan müharibə “heç-heçə” başa çatdı, iki ölkənin sərhədində 1980-ci ilədək mövcud olan status-kvo bərpa edildi.

 

34 il əvvəl...

 

23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanununu qəbul edib. Sənəddə belə bir müddəa əksini tapmışdı ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılacaq.

 

30 il əvvəl...

 

24 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən Ali Sovetin sədri, prezident səlahiyyətlərini icra edən Heydər Əliyev ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb.

Hazırladı: V.Orxan