Həzin musiqi notlarını xatırladan qızılı payızlı Bakı dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən növbəti festivala ev sahibliyi edir. Zəngin proqramlı festival çərçivəsində növbəti sənət sovqatını gənclər verdilər. Bu da təsadüfi deyildi. Çünki bütün həyat və yaradıcılığı, pedaqoji fəaliyyəti boyunca istedadlı gənclərə yol açan, onlara hamilik və atalıq qayğısı göstərən Üzeyir bəyin ən böyük amalı peşəkar nəsil sayəsində musiqi sənətimizin daha da inkişafı idi.

Sentyabrın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşən sənət axşamına “Üzeyir sənətinin gənclik sədaları” adı verilmişdi.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “SABAH” qrupu dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası ilə bir araya gəlmişdi.

Tamaşanın quruluşçu rejissorları Xalq artisti Mehriban Zəki, aktyor-pedaqoq Ceyhun Dadaşov, bədii rəhbər və dirijoru Dmitri Babayev idi. “SABAH” xoru ilə başlayan tamaşada  Fərid İsmayılov (Əsgər), Nəzrin Əliyeva (Gülçöhrə), Nihat Aslanlı (Soltan bəy), Əsmər Həbibli,  Hilal Məmmədzadə (Süleyman),  Gülçin Qasımova (Asya), Səbinə Qasımova (Telli), Ülvi Qasımov (Vəli) və Ülviyyə Qarayeva (Sevgi mələyi) iştirak edirdilər.

Həyəcanla gözlənilən nümayişdən əvvəl çıxış edən Mehriban Zəki sözünə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları yad etməklə başladı. Xalq artisti istedadlı və teatra bağlı yetirmələrinin bir araya gəldiyi layihə barədə məlumat verdi. Bildirdi ki, tamaşanın premyerası bu ilin mayında Naxçıvanda – Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş SABAH İncəsənət Festivalı (24-26 may)  çərçivəsində olub.

Sonra səhnə onların – həyəcanlı gənclərin, istedadlı tələbələrin, gələcəyin aktyor və musiqiçilərinin ixtiyarına verildi.

Bildiyim qədər, tələbə aktyorların ilk tamaşası BMA-nın xor üzrə qrupunun da ilk səhnə həyəcanı idi. Bu sevinc və həyəcanın verdiyi emosionallıq üzlərindən də oxunurdu.

Sadə tərtibatlı və mümkün olduğu qədər müasir təsvir verilmiş tamaşada hadisələrin nəqlində məxsusi yanaşma – komediya ilə təsvirin rəngarəng sintezi hiss olunurdu. Gənclər musiqili teatr sənətimizin klassik və hamımıza yaxşı tanış olan nümunəsini hiss edib anladıqları kimi göstərməyə can atırdılar. Buna görə də ifaları maraqlı və baxımlı alınmışdı...

Həmidə