M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilir. Sentyabrın 22-də Milli Kitabxanada qazax ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, ictimai xadim Kemel Tokayevin (1923-1986) 100 illiyinə və XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) 115 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Kemel Tokayevin “Gec açılan atəş” və Mir Cəlal Paşayevin “Dağların ürəyi” kitablarının təqdimatı olub.
Konfransda iki ölkənin rəsmiləri, ədəbiyyat, mədəniyyət, elm xadimləri iştirak ediblər.
Qeyd edək ki, Kemel Tokayev Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevin atasıdır. Tanınmış nasir, dramaturq uzun illər mətbuat sahəsində də çalışıb. 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub.
Konfransdan öncə iştirakçılar Kemel Tokayevin və Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxıblar.
Milli Kitabxananın direktoru Kərim Tahirov konfransı açaraq iştirakçıları salamlayıb.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Milli Kitabxananın 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində belə bir konfransın, eləcə də Azərbaycanın və Qazaxıstanın görkəmli ədiblərinin kitablarının təqdimatının keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq yeni nəşrlərin də ədəbi-mədəni əlaqələrin inkişafına xidmət etdiyini deyib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev iki ölkə xalqlarının ənənələrinin və mədəniyyətinin bir-birinə yaxın olmasını qeyd edib, Prezident Kasım-Jomart Tokayevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
ADA Universitetinin rektoru professor Hafiz Paşayev də iki qardaş ölkənin qarşılıqlı əlaqələrindən danışaraq təqdimatı olan hər iki nəşrin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Kemel Tokayevin Azərbaycan dilində çap olunan “Gecə açılan atəş” və Mir Cəlal Paşayevin qazax dilində işıq üzü görən “Dağların ürəyi” kitabları iki qardaş xalqın ədəbi əlaqələrinin yaxınlaşmasına töhfə verəcək.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, iki ölkə prezidentlərinin etimada söykənən dialoqu sayəsində mövcud olan hərtərəfli əməkdaşlıq bu gün yeni səviyyəyə yüksəlib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Kemel Tokayevin və Mir Cəlal Paşayevin yaradıcılığını birləşdirən önəmli amillər var – vətənpərvərlik və milli düşüncə. “Bu gün biz onları yad etməklə bərabər, gənc nəsillərimizə önəmli mesaj veririk və gənc nəsillərimizin belə böyük ədəbiyyat xadimlərimizi oxuması biz iki qardaş xalqın gələcəyi üçün çox önəmlidir”, – deyə o bildirib.
Konfransda hər iki ədibin həyatı və yaradıcılığı haqqında məruzələr dinlənilib.