Olaylar, faktlar (26–29 sentyabr)

 

652 il əvvəl...

 

26 sentyabr 1371-ci ildə Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu darmadağın edib. Bu qələbədən sonra Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı təxminən beş əsr sürdü.

 

489 il əvvəl...

 

27 sentyabr 1534-cü ildə Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusu  Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçirib. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib.

 

250 il əvvəl...

 

28 sentyabr 1773-cü ildə Rusiyada Yemelyan Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi başlayıb. Puqaçovun Uralda (Yatski şəhəri) başladığı üsyan tezliklə geniş miqyas alıb. Hərəkatın genişləndiyini görən İmperatriçə II Yekaterina onun üzərinə qoşun hissələri göndərib. Üsyan yalnız 1774-cü ilin sonunda yatırıldı və 1775-ci ilin yanvarında Puqaçov və ən yaxın silahdaşları Moskvada edam edildilər.

 

112 il əvvəl...

 

29 sentyabr 1911-ci ildə İtaliya Osmanlı dövlətinə müharibə elan edərək onun Şimali Afrikadakı müstəmləkələri üzərinə hücuma keçib. Tezliklə Liviyanın bir hissəsi İtaliya qoşunları tərəfindən işğal olunub. Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının zəifləməsi əksər Avropa dövlətlərini onun müstəmləkələrini bölüşdürməyə şirnikləndirmişdi.

 

105 il əvvəl...

 

26 sentyabr 1918-ci ildə Azərbaycanın bütün ərazisində Cümhuriyyət hakimiyyətini bərqərar etmək üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə vuraraq Şuşa şəhərinə daxil olub. Əhali xilaskar ordunu təntənə ilə qarşılayıb.

 

85 il əvvəl...

 

29 sentyabr 1938-ci ildə Münxendə Almaniya, Britaniya, Fransa və İtaliya rəhbərləri Çexoslovakiyanın almanlar yaşayan Sudet bölgəsi ilə bağlı saziş imzalayıblar. Britaniya baş naziri Nevill Çemberlen, Fransa baş naziri Eduard Daladye və İtaliyanın faşist lideri Benito Mussolini Sudet bölgəsinin Almaniyaya birləşdirilməsi barədə Adlof Hitlerin təklifinə razılıq veriblər. I Dünya müharibəsinədək Almaniyanın ərazisi olmuş bölgə  müharibədə almanların məğlub olmasından sonra Çexoslovakiyanın tərkibinə keçmişdi.

 

32 il əvvəl...

 

27 sentyabr 1991-ci ildə Azərbaycan Kommunist Gənclər Təşkilatının – komsomolun fəaliyyətinə xitam verilib. Ümumittifaq Kommunist Gənclər İttifaqının Moskvada 22-ci fövqəladə qurultayda özünü buraxmasından sonra bütün müttəfiq respublikalarda komsomol təşkilatlarının ləğvi başlanmışdı. Bir qədər əvvəl isə (14 sentyabr 1991-ci il) Azərbaycanda Kommunist Partiyası fəaliyyətini dayandırmışdı.

Hazırladı: V.Orxan