Bu il də zəngin proqramı olan Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının konsertlərindən biri sentyabrın 22-də Kamera və Orqan Musiqisi Zalında keçirildi.

Klassik musiqini sevənlər istedadlı pianoçu Zakir Əsədovun solo konsertinə toplaşmışdılar.

Payızın həzin notlarına köklənənlərin diqqətini zala cəmləməyə çalışan Z.Əsədovun ilk müraciət etdiyi əsər Lüdviq van Bethovenin 1 nömrəli sonatası (op2) oldu. Ardınca Klod Debüssinin “Berqamas” süitası, eləcə də “Kətan saçlı qız”, “Feyerverk”, “Kəsilmiş serenada”, “Batmış kilsə”, “Qar üzərində addımlar” prelüdləri səsləndi.

Dinləyicilərini tez-tez həyəcanlandırıb onların alqış sədalarından feyzyab olan emosional ifaçı Pyotr Çaykovski yaradıcılığından da yan keçmədi və onun məşhur “İlin fəsilləri” silsiləsindən “Barkarola” və “Oktyabr”ını dilləndirdi.

Konsert Üzeyir Hacıbəyli-Georgi Burşteyn vəhdətində “Koroğlu” operasının mövzularına “Fantaziya” ilə başa çatdı.

Xatırladaq ki, Zakir Əsədov 1986-cı ildə Ağstafa şəhərində anadan olub, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi (2005) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının piano ixtisası üzrə (2009) məzunudur. Kövkəb Səfərəliyeva adına pianoçuların respublika müsabiqəsinin (2007) qalibidir.

2006-2013-cü illərdə “Con tempo” müasir musiqi ansamblının solisti olub. Pianoçu kimi bir çox xarici və respublika festivallarında iştirak edib. Fortepiano konsertləri də daxil olmaqla 50-dək müxtəlif həcmli fortepiano əsərinin ilk ifaçısıdır. 2018-ci ildə görkəmli pianoçu, Azərbaycan professional fortepiano məktəbinin görkəmli nümayəndələrin olan Georgi Şaroyevin (1890-1969) yaradıcılıq yoluna həsr olunan “Georgi Şaroyev fenomeni” adlı monoqrafiyası çapdan çıxıb.

Həmidə