Şəki Dövlət Dram Teatrı yeni mövsümünü sentyabrın 24-də Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə açıb.
Tamaşada bizim eradan əvvəl VI əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir.
Tamaşada rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda sənət ustaları ilə tamaşaçılar arasında səhnə əsəri barədə müzakirə aparılıb.