Bakı Xoreoqrafiya Akademiyasında (BXA) 27 sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün şəhər, kənd və qəsəbələrimiz düşmən tapdağından azad olunub. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, dövlət başçısının 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə 27 sentyabrın hər il Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Daha sonra Azərbaycanın qəhrəman oğulları, Vətən uğrunda canlarından keçən şəhidlərimiz Polad Həşimov, İlqar Mirzəyev, Xudayar Yusifzadə, Əli Cəfərov, Kənan Quliyev, Camal İsmayılov, Gülverdi Qasımov, Muxtar Qasımlı, Səbuhi Əhmədov, Ramin Bayramov və digərlərinin ömür və döyüş yolu haqqında məlumat verilib.
Bədii hissədə “Qarabağa gedirəm”, “Vətən oğlu”, “Şəhid”, “Ey Vətən”, “Şəhid anası” və s. şeirlər səsləndirilib, səhnəciklər nümayiş olunub. BXA-nın tam orta təhsil pilləsi şagirdlərinin ifasında “Qarabağ Azərbaycandır!” devizi altında müxtəlif rəqs kompozisiyaları təqdim edilib.