Üzeyir Hacıbəyli festivalının tədbirlərindən biri də sentyabrın 26-da Akademik Musiqili Teatrda reallaşdı. Lüdviq van Bethovenin əsərləri əsasında “Sükunət paradoksu” adlı konsert-tamaşa seyrçi ilə görüşdü.

Skripkaçı Osman Eyyublu ərsəyə gətirdiyi layihəsi ilə dahi bəstəkarın yaradıcılıq dünyasından rəngarəng bir çələng təqdim etməyə çalışdı. Yaradıcılıq aktının rejissoru Aleksey Smirnov, səs dizayneri Səid Qəni idi.

“Cadenza” orkestri ilə əməkdaşlığın bəhrəsi olan layihə musiqinin mahiyyətini araşdıran və teatr elementləri ilə tamaşaçılara çatdıran yaradıcılıq məhsuludur.

Dinləyici tənhalıq və yadlaşma, insan ruhunun kövrəkliyi, mərhəmət və özünü qarşısındakının yerində hiss etmə kimi mövzular ətrafında müzakirələrdə iştiraka dəvət olunur.

Tamaşada L.Bethovenin solo və kamera pyeslərinin yalnız aram templərdəki hissələrindən istifadə edilib. Məhz buna görə onun ikinci adı “8 Adajio, 1 Andante”dir. Bethovenin məşhur vəsiyyətnaməsinə istinadən bəstəkarın yalnızlığının və onun həssas qəlb sahibi olmasının həyəcanverici bir hekayəsi öz musiqiləri vasitəsilə nəql olunur.

Səhnə aktı tamaşaçılara təsirli anlar yaşatdı.

Həmidə