…İtkilər var ki, onların xəbəri yayılanda adamın üzünü səmaya tutub hayqırmağı gəlir. Hayqırmaq, səsin batana qədər, səs tellərin sənə etiraz edib “bəsdi, mənim günahım nədir” deyib sızıldayanadək bağırmaq istəyirsən.
Qışqırıb deyəsən ki, Allahım, axı niyə yaratdığın bəndəni bizdən vaxtsız aldın?! Niyə yaxşı kim varsa, əlimizdən alırsan?! Qoy biz də ətrafımıza baxanda mələkmisallı kimisə görübkən gözümüz gülsün! Nədən dərdimizə yanan, əlimizdən tutan, ən pis günümüzdə dadımıza çatan, sözümüzü deyən, bizimlə birgə kədərlənib, birgə sevinən bacımızı bu yaşında, ömrünün müdriklik çağının astanasında əlimizdən aldın?! Öz yaratdığın toplumun qəlbinə elə bu toplum boyda kədəri çökdürdün, gözünün yaşını axıtdın?! Hansı günahımıza görə?
…Yəqin ki, var günahımız… Olmasaydı, Allahım Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpasına sevinib, şəhidlik zirvəsinə ucalanlarla qürur duyduğumuz günlərdə Qənirə Paşayevanı bizdən almazdı… Hə, içimdən gələn səs deyir ki, bu itki bizim könlümüzü daim sızladacaq CƏZAmızdı…
Eləcə içimdən “Qənirsiz bacım oyyyy!” deyib ağı demək gəlir. Amma neyləyim ki, hönkürtü ilə ağlaya bilmirəm. Ən əziz adamlarımı itirəndə belə göz yaşlarım qəlbimə axıb, ovunmaq üçün xatirə yazmaqdan başqa bir şey bacarmamışam.
İndi də eləyəm. Həmkarımın, məsləkdaşımın gözlənilməz və əzablı, son sözü ürəyində gedişinə tökə biləcəyim göz yaşım qəlbimi göynədir. Göz yaşı duzlu olur axı...
Ürəyimin dilə gətirdiklərini yazıram, həm də paylaşıram. Ona görə paylaşıram ki, eyni hissləri yaşayan tək mən deyiləm.
Ələsgər müəllimin yeni doğulmuş qızına Qənirə adı veriləndə onun böyüyəndə qənirsiz, yəni tayı-bərabəri olmayan insan, Azərbaycanda ən çox sevilən qadınlardan biri olacağı, görəsən, doğmalardan kiminsə ağlına gəlmişdi? Qənirənin qəfil və təzə itkisinin qövr edən acısını yaşayan əzizlərinə verməyəcəyik ki bu sualı? Məntiq isə pıçıldayır ki, çox zaman insana verilən ad onun taleyini müəyyən edir, xarakterindən xəbər verir.
Qənirə Paşayeva enerji dolu, yaddaşındakı informasiyanı unutmadan, qarışdırmadan istənilən tribunadan, lazım olan şəxsə, məclisə yerindəcə deməyi bacaran insan idi. Onun iştirak etdiyi bütün ali məclislərdə çaşmadan, dilini sürümədən Azərbaycan həqiqətlərini, Qarabağ gerçəkliklərini çatdırmaq, haqsız opponentlərini susdurmaq qabiliyyəti qənirsiz bir hünər idi.
Onun sosial şəbəkə hesabına nəzər yetirmək kifayətdir ki, Qənirə xanımın hər gününün nə qədər dolğun olduğunu hiss edəydin. Əvvəlcə jurnalist, sonra da millət vəkili, ictimai xadim kimi göz önündə yaşamağı bacarmaq nədirsə, Qənirə xanım bunun öhdəsindən gəlməyi bacarırdı. Bu isə o deməkdir ki, sənə müraciət edən hər kəsi dinləmək, dinləmək azdır – dərdinə çarə tapmaq üçün çabalamaq, dəvət olunduğu tədbirlərə qatılmaq, bəzən isə o qədər də vacib olmayacaq belə yığıncaqlara ən azından baş çəkmək, bölgələrdə əsgərlərlə görüşmək, yaralıları ziyarət etmək, məmur biganəliyinə tuş gələn qaziləri dinləmək, şəhid anaları ilə görüşüb onların üzləşdiyi anlaşılmazlıqlara aydınlıq gətirmək, dəstəyə ehtiyac duyan qələm əhli və sənət adamları ilə söhbət etmək lazımdır, – bütün bunlara enerji, vaxt sərf etməlisən, bərpa olunmayacaq sinir hüceyrələrinin məhvinə heyfsilənməməlisən. Hələ Milli Məclisdəki sessiya, komissiya iclasları, rəsmi görüşlər, qəbullar, beynəlxalq miqyaslı səfərləri demirik. Bütün bunlar insandan səbir, dözüm istəyir. Bu işlərə qadın olaraq yaxşı görünmək kimi bəlli məqamları da üstünə gəlin.
Əgər desəm ki, Qənirə xanımın bütün bu sadalananlara gücü çatırdı, enerjisi yetirdi, yalan olmaz. Əslində, biz belə zənn edirdik: Qənirə Paşayeva bizim üçün belə güclü idi, Azərbaycan adına, Qarabağ gerçəkliklərini dünyaya çatdırmaq üçün güclü görünürdü; içindəki qüvvəni toparlayıb bizim üçün yaşayanda belə idi. Amma şairə Qənirə başqa söz deyirdi, özünü necə hiss edirdisə, eləcə özü idi:
Yoruldum deməyi sevməyən məni,
Həyat elə yordu, yorğun yolçuyam.
Nə yaxşı içimdə heç yorulmayan,
İnsanlıq adında İNSANLIQ qalıb!
Elə onu qənirsizləşdirən də daxilində yaşatdığı İNSANLIQ, “Xocalı alınsın, qoy elə mən həmin gün ölüm” etirafını dilinə gətirəcək qədər böyük VƏTƏN, TORPAQ sevgisi idi. Elə bil o bu etirafını edəndə göy üzü açıq imiş, hər kəsi eşidən və duyan Uca Tanrı da milyardlarca bəndəsinin arasından Qənirənin bu diləyini eşidib onu mütləq yerinə yetirəcəyinə söz veribmiş.
Hər nədənsə…
20 sentyabr. Azərbaycan Respublikasının bütün ərazisi üzərinə suverenliyimizi bərpa edəcək antiterror əməliyyatının başa çatdığı gün.
23 sentyabr. Gecə Qənirə Paşayeva üçün təcili yardım çağırılır.
…Qalanı bəlli. Bu qəfil ölümün səbəbləri, daha doğrusu, bir gün öncə iş başında olmuş 48 yaşlı insanı ölüm ayağına gətirib çıxaracaq səbəblər, yəqin ki, aydınlaşacaq... Amma olan oldu, Qənirə Paşayeva kimi xanım, millət vəkili, hər kəsə canıyanan insan, ən başlıcası, Vətənpərvər şəxsiyyət aramızdan getdi.
Bu gediş onu sevənlərin hamısını yandırır, göz yaşına boğur. Sadəcə, bu gediş zaman keçdikcə unudulan, ağrısı səngiyən gedişlərə heç bənzəməyəcək. Xatirəyə çevrilib qəlbimizdə yaşayacaq.
***
…Deyirlər ki, cümə axşamı haqqın dərgahına qovuşan, cümə günü torpağa tapşırılan şəxs sorğu-sualsız Qıl körpüdən keçər, birbaşa Allahın cənnətinə qovuşar. İnandıqlarımıza and olsun, əgər bu deyilənlər düzdürsə, Qənirə xanımın ruhunu istintaqa çəkmiş olan eşitdiyi cavablardan sonra bu zərif və güclü qadını doğmalarından, əzizlərindən, xalqından aldığına peşmandır.
***
P.S. Türk Ədəbiyyatı Vəqfi “Qənirə Paşayeva – Tomris xatın” ödülü təsis edib. Vəqfin başqanı Sərhad Kabaklı bildirib ki, bu mükafat “Yaşayan Dədə Qorqud” ödülünə əlavə olaraq təsis edilib...
Gülcahan Mirməmməd