Və aylara yetəcək təəssürat

 

Xəbər verdiyimiz kimi, Türkiyənin mədəni zənginliyini, tarixi abidələrini, hər bölgəsinin özünəməxsus mətbəxini, gəzməli-görməli yerlərini – bir sözlə, ölkənin mədəniyyət və turizm palitrasını tanıtmaq məqsədilə artıq üçüncü ildir “Türkiyə Mədəniyyət Yolu Festivalları” adlı irimiqyaslı layihə həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə əsası qoyulan layihə Cümhuriyyətin 100-cü ilində xüsusilə geniş proqramla İstanbul və Ankara başda olmaqla ölkənin bir sıra şəhərlərini əhatə edib.

“Türkiyə Mədəniyyət Yolu Festivalları – 2023”ün növbəti ünvanı sentyabrın 23-dən 30-dək Anadolunun qədim şəhərlərindən biri, zəngin tarixi irsi ilə dünyada tanınan Konya oldu. Mövlanənin şəhəri ona şöhrət gətirən digər özəllikləri ilə yanaşı, həm də mistik musiqinin görüşmə məkanı sayılır. Bu il 20-ci dəfə gerçəkləşən Beynəlxalq Konya Mistik Musiqi Festivalı da “Mədəniyyət Yolu – 2023” çərçivəsində təşkil edilmişdi. Konya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən festivala ölkənin müxtəlif şəhərlərindən, həmçinin xaricdən – Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstandan musiqi qrupları qatılmışdı.

Mövləvi fəlsəfəsinin izlərini daşıyan Konya mədəni keçmişi, bəşər tarixinə işıq salan arxeoloji yerləri və muzeyləri, memarlıq inciləri olan məscid və türbələri ilə hər il yüz minlərlə yerli və əcnəbi ziyarətçini qəbul edir. “Mədəniyyət Yolu – 2023”ün Konyadan keçdiyi həftə ərzində də həm festival konsertlərini izləmək, həm də minilliklər boyunca müxtəlif mədəniyyətlərə məkan olmuş Konyanı gəzib-dolaşmaq üçün dünyanın dörd bir yanından turistlər şəhərə təşrif buyurmuşdu.

“Könüllərin şəhəri” Konyanın budəfəki qonaqları arasında müxtəlif ölkələrdən media mənsubları da vardı. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 2019-cu ildən fəaliyyət göstərən Turizm Təşviqi və İnkişafı Agentliyi (Turizm Tanıtım ve Geliştirme Ajansı) – TGA-nın təşkilatçılığı ilə Özbəkistan, Qırğızıstan, Bosniya və Herseqovina, Macarıstan, Rumıniya və Serbiyadan bir, Azərbaycandan iki nəfər (“Azernews” qəzetinin baş redaktorunun müavini Elnur Ənvəroğlu və bu sətirlərin müəllifi) – ümumilikdə səkkiz media təmsilçisi 25-29 sentyabr tarixlərində Konyaya səfər etdik. Sentyabrın 25-i axşam saatlarında şəhərə çatdığımızı, ayın 29-da isə səhər erkən yola çıxdığımızı nəzərə alarsaq, əslində, gəzib-görmək üçün üç günümüz vardı. Amma bu üç günün proqramı o qədər dolu idi ki, təəssüratı aylara yetər. Buna görə təşkilatçı qurum olaraq TGA-ya və bu günləri bizimlə birgə olan TGA mənsubu Tarık Erenə (GoTürkiye PR komandası), həmçinin səfərimizi bilgi bolluğu ilə təmin etmək üçün əlindən gələni əsirgəməyən konyalı bələdçimiz Mehmet Dönmezə bəri başdan təşəkkür edirik.

 

***

 

Adı dünyada Mövlanə (Məhəmməd Cəlaləddin Rumi) ilə birlikdə anılan şəhərin tarixi məkanları ilə tanışlığımız, təbii ki, Mövlanə küçəsindəki Mövlanə Muzeyindən başlamalı idi. Amma yolüstü muzeyin yaxınlığında, küçənin qarşı tərəfində yerləşən İplikçi camisi (məscidi) önündə dayandıq. 1212-ci ildə inşa edilən cami Səlcuqlu dövrünün yadigarlarındandır. Tarixdən məlum olduğu kimi, Konya şəhəri iki əsrə yaxın Səlcuqlu dövlətinin paytaxtı olub. Sultan Ələddin Keyqubadın hakimiyyəti (1220-1237) zamanında xüsusilə inkişaf edib və Anadolunun ən böyük şəhərinə çevrilib. 1277-ci ildə Karamanoğlu Mehmet bəy Konyanı öz bəyliyinə qatıb. Səlcuqlu dövlətinin süqutundan sonra şəhər iki əsrə qədər də Karamanoğulları bəyliyinin mərkəzi olub və bu arada yeni təşəkkül tapan Osmanlı dövləti şəhəri bir neçə dəfə nəzarət altına almağa çalışıb. Nəhayət, 1467-ci ildə Sultan II Mehmet (Fateh) Konyanı zəbt edərək Karamanoğlu hakimiyyətinə son qoyub. Osmanlı dövründə Konya öncə Karaman əyalətinin, sonra Konya vilayətinin mərkəzi olub.

Səlcuqlu vəziri Şəmsəddin Altun Aba tərəfindən inşa etdirilən İplikçi camisinin adı isə zamanında bu yerdə iplik bazarının olması ilə bağlıdır. 1273-cü il dekabrın 17-də vəfat edən Mövlanə bu camidən son mənzilə yola salınıb və yaxınlıqda (indi Mövlanə Muzeyi kompleksinin olduğu yerdə), atası Bəhaəddin Vələdin məzarı yanında dəfn edilib.

Küçə boyunca uzanan tramvay relslərinin üzərindən adlayıb muzeyin həyətinə daxil oluruq. Ayaqüstü bələdçimizdən onu da öyrənirik ki, Konyada tramvay nəqliyyatı nisbətən yenidir, ilk xətt ötən əsrin 90-cı illərində istifadəyə verilib. Mərkəzdən aralı olan Səlcuq Universitetinə, şəhər stadionunadək uzanan tramvay xətti sərnişin yükünün qarşılanması baxımından çox əlverişlidir. Üstəlik, ekoloji təmizliyi ilə bərabər, tramvay küçələri daha sakitdir. Bu arada 2 vaqonu bir-birinə bağlı ultramüasir tramvaylar yaxınlıqdan ötüb keçir. Bakının avtobuslarla dolu səs-küylü küçələri yadımıza düşür. O da yada düşür ki, Konyaya bu nəqliyyatın gəldiyi illərdə biz Bakıda tramvay xətlərini sökməyə başlamışdıq...

 

Mövlanənin dərgahı

 

Hazırda həyəti və gül bağçası ilə birlikdə iki hektara yaxın (18 min kv m) ərazisi olan muzey kompleksinə hər gün minlərlə yerli və əcnəbi ziyarətçi gəlir. Əslində, bu məkana ziyarətçi axını yeddi əsrdən çoxdur davam edir. Mövlanənin dəfnindən sonra məzarı üstündə əvvəlcə kiçik sənduqə qurulur. Sonra (Karamanlar dövründə) burada türbə və cami inşa edilir. Osmanlı zamanında da Mövlanənin türbəsinə xüsusi diqqət göstərilir. Sultan I Süleyman (Qanuni) zamanında (1520-1566) Mövlanənin və oğlu Sultan Vələdin məzarları üzərində göy mərmərdən daha böyük sənduqə inşa edilir. Sonrakı dövrlərdə – ta XIX əsrin sonlarınadək cami və türbənin ərazisi yeni tikililərlə genişlənib. 1926-cı ildən isə bura muzeyə çevrilib.

Kompleksin ərazisində Mövlanənin yaxınları, bir sıra müridləri də dəfn olunub. Türbənin bağçasında isə Mövlanənin insanlığa sevgi çağırışını musiqi ilə aləmə yayan dərvişlərin, neyzənlərin məzar daşları sıralanıb. Muzeyə ziyarətimizi müşayiət edən ney səsi də sanki bizi ruhlar dünyasına aparır.

Bu il Mövlanənin vəfatının 750-ci ildönümüdür. Bu münasibətlə Türkiyədə “Mövlanənin xatirə ili” elan edilib. Onun sevgi işığına üz tutanlar isə dünyanın hər yerində var. Çünki insanlığın şairi Mövlanə bəşər övladını – hər necə və hər kim olursa-olsun – yüksək mənəviyyat aləminə səsləyir, insanları ayırmır, din, dil fərqlərini bir kənara qoyaraq onların bir-birinə mehr, məhəbbət bəsləməyə, həmdərd olmasına çağırır:

Gəl, gəl, hər nə olursan ol, yenə gəl!
İnancsız da, bütpərəst də olsan, gəl!
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Yüz kərə pozsan da tövbəni, yenə gəl...
Bu torpağa sevgidən başqa bir toxum əkmərik biz...

Beləcə, əsrlərdir Mövlanə dərgahına da dünyanın dörd yanından insanlar axın-axın ziyarətə gəlir. Yeri gəlmişkən, muzeyə giriş ödənişsizdir, bura hər gün saat 9-dan 17-dək hər kəsin üzünə açıqdır.

 

***

 

Mövlanə Muzeyindən çıxıb tarixi yaşadan digər bir məkana üz tuturuq. İstiqlal Müharibəsi Şəhidləri Abidəsi memorial kompleksi Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən 2008-ci ildə inşa edilib. Adı Türkiyənin 1919-1922-ci illər İstiqlal (Qurtuluş) savaşı ilə bağlı olsa da, əslində, son yüz ildən artıq bir dövrdə torpaq və Vətən uğrunda şəhid olmuş bütün konyalıların xatirəsinə yaradılıb. Memorial lövhələrə I Dünya müharibəsindən başlayaraq günümüzədək Türkiyənin suverenliyi uğrunda canından keçən, eləcə də 50-ci illər Koreya müharibəsi, 1974-cü ildə Kipr barış hərəkatı zamanı, həmçinin terrorla mübarizədə həlak olan konyalıların adları həkk olunub.

Muzey hissəsində Konyanın ötən əsrlərə dair tarixi-etnoqrafik mənzərəsini (kənd evləri, xalqın məişəti) və döyüş səhnələrini əks etdirən maket-canlandırma ekspozisiyası ziyarətçilər tərəfindən maraqla seyr edilir. Kompleksin fasadı boyunca ensiz xiyabanı isə tarixdən bəlli olan türk dövlətlərinin bayraqları bəzəyir.

 

Konya Panorama Muzeyi

 

Şəhərin olduqca maraqlı mədəniyyət məkanlarından biri də Konya Panorama Muzeyidir. Muzeydə yaradılan möhtəşəm dairəvi panorama Konyanın Səlcuqlu dövlətinin paytaxtı kimi yüksəliş dövrünü (XIII əsr) rəngli görüntülər, ziyarətçini sanki tarixin içinə salıb əsrlərin o tayına aparan “dərin” tablolarla əks etdirir. Burada Konyanı sufi alimlərin, şairlərin qaynayıb-qarışdığı irfan məkanı, İpək Yolu üzərində yerləşən, müxtəlif diyarlardan tacirlərin, səyyahların gəlib-keçdiyi, sənətkarların özünə məkan seçdiyi firavan şəhər, müsəlmanlarla xristianların mehriban şəraitdə yaşadıqları (Konya bazarında övliya və keşişin söhbətinin əksi) tolerant mühit kimi görürük.

Konya Panorama Muzeyinin dairəvi həyətində qoyulmuş qədim tikililərin – mədrəsə və camilərin, saray və qala divarlarının maketləri yanından keçəndə də sanki uzaq tarixin nəzərlərini üzərində hiss edirsən.

Muzeydəki sərgi salonunda isə Mövlanənin Konyadakı həyatının və dövrün tarixi olaylarının təsvir edildiyi iriölçülü rəsm əsərləri nümayiş olunur. Bələdçimiz onu da diqqətə çatdırır ki, bu tabloları azərbaycanlı rəssamlar çəkib. “Mövlanənin Konyaya gəlişi”, “Mövlanə ilə Şəms Təbrizinin görüşü” və s. mövzulu silsilə tabloların altında Türkiyədə yaşayıb-yaradan Teymur Rzayev və Yaşar Zeynalovun imzalarını görəndə  tanınmış rəssam soydaşlarımızın adına bir anlıq qürur yaşadıq.

 

***

 

Konya gəzintimizin ilk günü baş çəkdiyimiz daha iki məkan – şəhərdəki yüzlərlə məscid arasında zahiri görünüşü ilə seçilən, Avropa (barokko) və İslam memarlığının sintezi olan XIX əsrə aid Əziziyə camisi və hazırda çini əsərlər muzeyi kimi fəaliyyət göstərən Karatay mədrəsəsi binası oldu. 1251-ci ildə II İzzəddin Keykavus dönəmində vəzir Əmir Cəlaləddin Karatay tərəfindən inşa edilən mədrəsədə vaxtilə Mövlanə də dərs keçib. Mədrəsə XIX əsrədək təyinatı üzrə fəaliyyət göstərib. 1955-ci ildə burada muzey açılıb və türk ustaların düzəltdiyi Səlcuq dönəmi çini işləmələrinin nəfis nümunələri nümayiş olunur.

Axşam isə bizi Konyanın daha bir tarixi abidəsi – Daş bina (Taşbina) Mədəniyyət və Sənət Mərkəzinin fasadı üzərində möhtəşəm ebru nümayişi gözləyirdi. Ebru ustasının yarım saatdan çox sürən canlı performansı – su üzərində ərsəyə gətirdiyi rəsmlər binanın fasadı üzərinə proyeksiya edilərək əsrarəngiz görüntülərə (kaleydoskopa) çevrilirdi. Təbii ki, bu sənət nümayişinin tac əsəri də sonda Mövlanənin portreti oldu.

Onu da qeyd edək ki, Taşbina kimi tanınan tikilinin maraqlı tarixçəsi var və səfərimizin ikinci günü bina ilə yaxından tanış olduq.

 

Hər qapının arxasında bir dövran var

 

XIX əsr Osmanlı memarlığı üslubunda bina 1917-ci ildə orta məktəb (darülmuallimat) üçün inşa edilib. 20-ci illərdə burada Qız Müəllimlər Məktəbi, daha sonra Səlcuq Universitetinin rektorluğu yerləşib. Ən son bina Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən qəbul edilib və təmir işləri aparılaraq çoxfunksiyalı mədəniyyət ocağına çevrilib. Üçmərtəbəli (zirzəmi-mərtəbə də daxil) binada Konyanın tarixi-mədəni irsi, sənətkarlığı, mətbəx mədəniyyəti, sənaye-iqtisadi və turizm imkanları tematik zallarda müasir informasiya texnologiyaları vasitəsilə ziyarətçilərə təqdim edilir.

Zallardan biri “Tarixə açılan qapılar” adlanır. Burada Konya tarixinin dörd dönəmini: Hitit dövrü (Miladdan öncə II-I minilliklər), Roma-Bizans, Səlcuqlu və Osmanlı dövrlərinin hər birinə aid simvolik qapıları açmaqla rəqəmsal ekranlardakı 3D görüntülər vasitəsilə izləmək olar.

Binanın birinci (zirzəmi) mərtəbəsi isə geniş sərgi salonu kimi istifadə olunur. “Mədəniyyət Yolu” festivalı günlərində burada beynəlxalq İslam təsviri sənət müsabiqələrinin qalib əsərləri sərgilənirdi.

 

Çatalhöyük – 9 min il öncəyə səyahət

 

Səfərimizin ikinci günü (27 sentyabr) Konya şəhərindən 50 km uzaqlıqdakı Çatalhöyük (Çatal kurqan) Neolit dövrü yaşayış yerinə səfərlə də yadda qaldı. 2012-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Çatalhöyük 8-9 min il əvvəl (e.ə. 7100-5950-ci illər) bu coğrafiyanın ən böyük qəsəbə-kəndi olub. Qədimliyinə görə Göbəklitəpə (Şanlıurfa, e.ə.9300-8200) və Çayönü (Diyarbəkir, e.ə. 8500-6300) ilə müqayisə olunan Çatalhöyükün digər Neolit yaşayış məskənlərindən fərqi onun kəndləşmə mərhələsini də keçərək şəhərləşmə mərhələsini yaşamasıdır. 1958-ci ildə ingilis arxeoloqlar James Mellaart, David French və həmkarları burada ilk tədqiqatlar aparıblar. 1961-ci ildə ərazidə qazıntılar başlanıb və tədricən yüzlərlə sıra-sıra daxma-evləri olan qəsəbə minilliklərin torpaq qatı altından gün üzünə çıxmağa başlayıb. Üzə çıxan evlərin quruluşu, içərisindəki ocaq yerləri, məişət əşyaları, divarlardakı təsvirlər (ov və rəqs səhnələri, insan və heyvan şəkilləri) burada yaşamış insanların həyat tərzi (təsərrüfatı, ev heyvanları) ilə yanaşı, inancları (Ana tanrıca bütünə tapınmaları, ölüləri yaşadıqları evin içində dəfn etmələri və s.) haqqında da bilgi verir.

Qazıntı ərazisinin bir hissəsi konservasiya edilib və ziyarətçilər üçün açıqdır. Digər sahələrdə qapalı qazıntılar davam edir. Ümumilikdə iki (qoşa, çatal) təpə üzərinə yayılan qədim qəsəbənin böyük hissəsi hələ torpaq altındadır. Təxminlərə görə, burada eyni vaxtda 3 mindən 8 minədək insan yaşayıb. 8-9 min il əvvəl dünyada ümumi əhali sayının 10 milyondan az olduğu diqqətə alınarsa, Çatalhöyük öz dövründə indinin (hazırkı dünya əhalisi ilə nisbətdə götürsək) bir neçə milyon əhaliyə malik şəhəri kimi böyük bir yaşayış məskəni olub. Bütün bu tarixə ərazidə yaradılmış müasir muzey kompleksində rəqəmsal ekranlar, geniş infoqrafika, audio-video bələdçilər və panorama görüntülər üzərindən maraqlı səyahət etmək mümkündür.

 

***

 

Çatalhöyükdə minilliklərin o tayına səyahətdən bugünkü Konyaya qayıdıb şəhərin tarixi küçələrini, az da olsa, gəzib-dolaşmaq, suvenir mağazalarına baş çəkmək, xırda alış-veriş etmək imkanımız da oldu. Günün sonuna doğru Sultan Səlim camisi yanında, Mövlanə meydanında mistik musiqi festivalının növbəti konsertini – Birləşmiş Ərəb Əmirlikləri təmsilçilərinin çıxışını dinlədik.

 

Konya Elm Mərkəzi və tropik kəpənəklər bağçası

 

Konya ilə tanışlığımızın üçüncü günü (28 sentyabr) də zəngin oldu. Öncə şəhərin müasir memarlıq nümunələrindən olan Konya Elm Mərkəzini ziyarət etdik. 2014-cü ildə açılışı olan mərkəz elm və əyləncə, istirahət və tədrisin bir arada olduğu möhtəşəm məkandır. Mərkəzdəki kinozalda 4D ekranda ulduzlar aləminə düşmək, 8-9 ballıq zəlzələ simulyasiyasında silkələnmək, sənət emalatxanalarına baş çəkmək, astronavtikadan biologiyayadək bir çox sahələrdən populyar elmi bilgilər almaq kiçikdən böyüyə hər kəs üçün faydalıdır. Yeri gəlmişkən, öncədən rezervasiya etməklə şəhər məktəbləri müvafiq fənlər üzrə sinif dərslərini də burada, ən müasir texnoloji imkanlar olan zallarda keçirlər.

Tarixən elm və irfan mərkəzi olmuş Konya çağdaş dövrdə də yeniliklərin ön sırasında getməkdə iddialıdır. Buna nümunə kimi daha bir məkan yenə zahirən modern memarlığı ilə diqqət çəkən, amma içərisi daha əsrarəngiz olan Konya Tropik Kəpənək Bağçasıdır. Səlcuqlu Bələdiyyəsi tərəfindən yaradılan və şəhərin ən turistik yerlərindən sayılan parkda gerçəkdən bir tropik meşəyə düşürsən. Tropik bitkilər, rütubətli, çiskinli hava və gül-çiçəklər üzərində uçuşan minlərlə kəpənək. Rəngbərəng, növbənöv kəpənəklər Filippin, Panama, Kosta-Rika və s. ölkələrdən gətirilib və burada onlar üçün uyğun təbii şərait yaradılıb. Təxminən bir saat ərzində buranı gəzib-dolaşmaqla (bələdçi müşayiəti ilə) kəpənəklər haqqında hər şeyi öyrənə, foto-video çəkilişlər edə, hətta böcəklər muzeyinə baş çəkə bilərsən. Giriş: böyüklər üçün 75 TL (4,5 AZN), uşaqlar üçün 45, əcnəbi turistlər üçün 150 TL.

Tropik bağçadan çıxıb növbəti (əslində, proqramda sonuncu) tarixi məkana gedərkən yolüstü Konya Böyükşəhər Stadionuna da baş çəkirik. “Konyaspor”un məkanındakı fəxri qonaqlar yerində çay içib, foto çəkdirdikdən sonra üz tuturuq Konyadakı ən qədim tikili  olan yerə.

 

***

 

Bura Aya Elena kilsəsidir. 327-ci ildə inşa edilib və 17 əsrdir ayaqdadır. Bu, eyni zamanda erkən xristianlıqdan bu coğrafiyada qalan ən qədim kilsədir. Məlumat lövhəsindəki qeydə görə, 1833-cü ildə kilsədə əsaslı təmir aparılıb, freskalar yenilənib. Kilsənin yerləşdiyi Sille (yunan adı ilə Silenos) kəndində ötən əsrin 20-ci illərinə qədər yunanlar yaşayıb. Sonra Türkiyə ilə Yunanıstan arasında anlaşma ilə əhalinin qarşılıqlı köçü zamanı kənddəki yunanlar gedib. Amma evlərində heç kim məskunlaşmayıb və bura uzun müddət kabus kənd olub. 2012-ci ildə kilsə binası Səlcuqlu Bələdiyyəsi tərəfindən restavrasiya edilərək muzeyə çevrilib, ətraf abadlaşdırılıb. Beləliklə, Sille turistik məkan kimi dirçəlməyə başlayıb. Hazırda burada yeni təsislər inşa edilir. Ərazidəki restoranlarda isə qonaq əlindən tərpənmək olmur. Qədim evlərdən birində açılan belə restoranlardan birində biz də Konyadakı son nahar yeməyimizi yedik.

 

***

 

Yemək demişkən, yazının sonuna doğru Konyanın mətbəxi haqqında bir neçə kəlmə. Türkiyənin digər bölgələri kimi, buranın da zəngin mətbəx mədəniyyəti – ümumilikdə 60-a yaxın yemək növü (salat və şirniyyatlar da daxil) var. Onlardan bir qismi (Konyada məşhur olan ətli çörək (lahmacun növü də demək olar), tirit, soba kababı, bamya şorbası, eləcə də halvalar, sütlac, trileçe kimi desertlər) bizim menyumuzda da yer almışdı. Menyusu ilə bərabər məkanı ilə də yadda qalan şam yeməklərindən biri isə Konyanın ən hündür göydələnində – şəhərin müasir simvollarından olan Səlcuqlu qülləsinin (163 metr) son, 42-ci mərtəbəsindəki fırlanan restoranda oldu...

 

***

 

“Könüllərin şəhəri” Konyadan təəssüratımız ümumən bu qədər. Sonda bir daha bu səfərin təşkilinə görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və TGA komandasına, Türkiyənin Azərbaycandakı Səfirliyinə, eləcə də səfər boyu bizimlə birgə olan “Farma Tur”dan əsas bələdçimiz Mehmet bəyə, Zeynəb xanıma, Gürşad bəyə və Şükrü bəyə, qaldığımız “Novotel”in çalışanlarına təşəkkür edirik.

...Dönüş üçün hava limanına gedəndə günəş üfüqdə yeni görünməyə başlamışdı. Yolda gözümə Mövlanənin “Gəl, yenə gəl...” sözləri yazılmış Konyaya dəvət tablosu dəydi... Yenə gələrik... Qismət olarsa...

Vüqar Əliyev
Bakı-İstanbul-Konya-İstanbul-Bakı