Oktyabrın 1-də Bakı şəhərində dahi bəstəkar Qara Qarayevin Ev-Muzeyinin açılışının (2018) 5-ci ildönümü tamam oldu. 1 oktyabr həmçinin Beynəlxalq Musiqi Günüdür. Bu gün UNESCO yanında Beynəlxalq Musiqi Şurasının qərarı ilə 1975-ci ildən qeyd olunur.
Hər iki əlamətdar hadisə münasibətilə oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.
Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva ötən beş il ərzində görülən işlər, həyata keçirilən layihələr, muzeyin fondunun yeni materiallarla zənginləşməsi barədə danışıb. O, həmçinin bu yaxınlarda Yaponiyada “Zen-on Music” nəşriyyatında işıq üzü görmüş və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş not nəşrləri – Qara Qarayevin ”Simli kvartet”, “Yeddi gözəl” baletindən süita və “Don Kixot” simfonik qravürlərinin partituraları barədə məlumat verib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, musiqişünas, jurnalist Raya Abbasova, bəstəkar, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova görkəmli bəstəkar Qara Qarayev haqqında xatirələrini bölüşüb, muzeyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Bədii hissədə respublika və beynəlxalq müsabiqələr laureatları Anar Seyidov (violin) və Cəmalə Abdinzadənin (fortepiano) ifalarında musiqi proqramı təqdim edilib. Qara Qarayevin “Skripka ilə simfonik orkestr üçün konsert”indən videoyazı nümayiş olunub.
Tədbirin sonunda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin həmkarlar təşkilatı adından ev-muzeyin müdiri Züleyxa Bağırova-Qarayevaya, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalovaya və elmi işçi Lətifə Məmmədovaya mükafat təqdim edilib.