Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət daha bir not kitabı Yaponiyada nəşr olunub.
2022-ci ildə icrasına başlanılan layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Yaponiyada yaşayan azərbaycanlı musiqiçi Gülnarə Səfərova tərəfindən həyata keçirilir. O bildirib ki, bu günlərdə bəstəkarın “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasının daxil edildiyi iki not kitabı yapon musiqisevərlərinə təqdim edilib.
Kitabların dizaynı, notların redaktəsi və bunlarla bağlı maddi məsələləri “ZenOn” Yapon Musiqi Nəşriyyatı öz üzərinə götürüb. Kitabın üz qabığında bəstəkarın və əsərlərinin adı yapon və ingilis dilləri ilə yanaşı, Azərbaycan dilində də qeyd olunub. Kitaba ön sözü bəstəkarın oğlu Fərəc Qarayev yazıb.
Gülnarə Səfərovanın sözlərinə görə, layihənin davam etdirilməsi və Qara Qarayevin digər əsərlərinin də çap olunması planlaşdırılır.