Oktyabrın 10-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Simfonik orkestri bu tədris ocağının professoru Fərəc Qarayevin 80 illik yubileyi şərəfinə konsert proqramı təqdim edəcək. Konservatoriyanın Böyük salonunda keçiriləcək konserti dirijor Anatoli Levinin idarə edəcək.

Konservatoriyanın saytında yer alan məlumata görə, proqramda Motsartın, Baxın, həmçinin yubilyarın əsərləri səslənəcək.

Bəstəkar Fərəc Qarayev 2023-cü ildə 80 yaşını qeyd edir. Mətbuat üçün məlumatda bəstəkarın yaradıcılığı barədə deyilir: “İstənilən ortodoksallığı qəbul etməyən, quru stereotiplərin çərçivəsinə sığmayan, həm yaradıcılığında, həm də həyatında “mərkəzləşmə”dən qaçan Fərəc Qarayev indiki zəmanə üçün nadir istedadın – müəllif üslubunu və mövqeyini formalaşdıran özünəməxsus görmək və çatdırmaq kimi qabiliyyətin xoşbəxt sahibidir. Fərəc Qarayevin musiqi aləmi intellektuallığı və poetikliyi ilə seçilir. Müasirliyin bədii panoramında onun müəllif səsi, onun intonasiyası kimi fərqli və tanınandır”.

Konsertdə Fərəc Qarayevin “Fortepiano ilə orkestr üçün konsert”i (solist Yakov Kasnelson) və simfonik orkestr üçün postlüdiya – “Elitist (Moz)art” pyesi səslənəcək.

Gülcahan