Azərbaycan

 

7 oktyabr 1921 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Aleksandrovna Bessantina (1921-2000) anadan olub.

7 oktyabr 2021 – Əməkdar rəssam, heykəltaraş Namiq Əbdülxaliq oğlu Dadaşov (27.11.1945 – 2021) vəfat edib. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

 

8 oktyabr 1951 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (1951 – 26.4.2021) Masallı rayonunun Bədəlan kəndində anadan olub.

8 oktyabr 1975 – Əməkdar artist Rəşid Səməndər oğlu Rzayev (1975 – 20.11.2020) anadan olub. Akademik Milli Dram Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

8 oktyabr 2009 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

8 oktyabr 2010 – Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Yəhya oğlu Əhədzadə (30.1.1948 – 2010) vəfat edib. Akademik Musiqili Teatrda, Dövlət Mahnı Teatrında çalışıb.

8 oktyabr 2021 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov (28.6.1935 – 2021) vəfat edib. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev) çəkilib.

 

9 oktyabr 1980 – Fəlsəfə elmləri doktoru, professor Şükufə Şamil qızı Mirzəyeva (20.12.1925 –1980) vəfat edib. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

9 oktyabr 1989 – Tanınmış yazıçı, şair İsmayıl Abuzər oğlu Qarayev (5.12.1927 – 1989) vəfat edib.

9 oktyabr 2022 – Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Nağı qızı Qasımova (12.7.1940 – 2022) vəfat edib.

 

10 oktyabr 1907 – Şair, ədəbiyyatşünas Hümmət Əli oğlu Əlizadə (1907-1941) anadan olub.

10 oktyabr 1911 – Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi, mətnşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Abbas Fəttah oğlu Zamanov (1911 – 1.4.1993) Naxçıvanın Şərur rayonunda anadan olub.

10 oktyabr 1912 – Əməkdar artist Rza Abbas oğlu Nadirov (1912–1995) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

10 oktyabr 1935 – Əməkdar incəsənət xadimi, şair Həmid Abbas (Həmid Məmmədəli oğlu Abbasov; 1935 – 19.11.1999) anadan olub. Bir çox şeirlərinə mahnılar bəstələnib.

10 oktyabr 1935 – Şair, dramaturq Şəkər Aslan (Şəkər Mirzə oğlu Aslanov; 1935 - 13.7.1995) Lənkəran rayonunda anadan olub.

10 oktyabr 1939 – Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (1939 – 19.9.1992) Bakıda doğulub. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.

10 oktyabr 1976 – Ustad xanəndə, Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) vəfat edib. Füzuli rayonunda yaşayıb, bir çox xanəndələrin müəllimi olub.

10 oktyabr 2015 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (26.12.1950 – 2015) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə çəkilib.

 

Dünya

 

7 oktyabr 1915 – Rus şairi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

8 oktyabr 1848 – Flamand əsilli fransız musiqiçisi, “İnternasional” himninin bəstəkarı Pyer Degeyter (Pierre Degeyter; 1848-1932) anadan olub.

8 oktyabr 1892 – Rus şairi, yazıçı Marina Svetayeva (1892 – 31.8.1941) anadan olub. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr) və s.

 

9 oktyabr 1835 – Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens; 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.

9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Əsərləri: “Refet”, “Cövdət paşa və zamanı” və s.

9 oktyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.

9 oktyabr 1940 – İngilis musiqiçisi, “The Beatles” qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon; 1940 – 8.12.1980) anadan olub.

 

10 oktyabr 1813 – İtalyan bəstəkarı Cüzeppe Verdi (Giuseppe Fortunino Francesco Verdi; 1813 – 27.01.1901) anadan olub. “Riqoletto”, “Traviata”, “Aida” operaları dünya musiqi xəzinəsinə daxildir.

10 oktyabr 1892 – Serb-xorvat yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1961) laureatı İvo Andriç (1892-1975) anadan olub. Romanları: “Drin üzərində körpü”, “Travnisk xronikası” və s.

10 oktyabr 1913 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1985) laureatı Klod Simon (Claude Simon; 1913-2005) anadan olub. Əsərləri: “Farsal döyüşü”, “Flandriya yolları”, “Qadınlar”.

10 oktyabr 1930 – İngilis dramaturqu, ssenarist, şair, ədəbiyyat üzrə Nobel mükafatı (2005) laureatı Harold Pinter (1930-2008) anadan olub. Pyesləri: “Məşuq”, “Evə qayıdış”, “İtirilmiş zamanın axtarışında”.

Hazırladı: V.Orxan