Haydı irəli, əsgər, gözləyir səni səngər,
Cəsarətlə sən vuruş, düşmənə hünər göstər!...
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki 36 nömrəli Uşaq musiqi məktəbinin dar dəhlizinin başındakı sinif otağından xorun ifasında səslənən bu marşın nə musiqisi tanış gəlir, nə də sözləri. Bircə şanlı Azərbaycan əsgərini tərənnüm edən, onu yeni zəfərlərə səsləyən ifadələr bəllidir...
10-15 dəqiqə də səbir edib dərsin başa çatmasını gözləyirəm. Belə bir təntənəli musiqini efir-ekrandan dinləmədiyimə görə onun bəstəkarının və mətn müəllifinin kimliyini öyrənmək istəyirəm.
Budur, dərs bitir. Sinifdən 10-12 uşaq bir-birini itələyə-itələyə dəhlizə doluşurlar. Müəllimin çıxmadığını görüb sinfə daxil olmağa qərar verirəm. Qapını astaca döyürəm. İçəridən zərif bir səs “buyurun” deyir, keçirəm. Simasından nur yağan müəllimə xor qrupunda bizim uşaqların da yer aldığını bildirirəm.
Bir anlıq müəllimlə üz-üzə dayandığım sinif otağının sahəsini və bir qədər öncə buradan çıxan şagirdlərin təxmini sayını təsəvvürə gətirir, uşaqların buraya necə sığdıqları barədə düşünürəm. Məqsədim maddi-texniki imkanları çox məhdud olsa da, müxtəlif musiqi alətlərinin, xanəndəlik sənətinin peşəkarlar tərəfindən tədris olunduğu bu təhsil ocağını təftiş etmək deyil. Çünki binaya daxil olan hər kəs onun dövrün çağırışlarına cavab vermədiyi, xüsusilə pianoların istismar müddətini çoxdan başa vurduğu qənaətinə gələ bilər...
Müəllim özünü təqdim edir: Leyla Şirməmmədova – xor dirijoru. Bir qədər əvvəl şagirdlərin oxuduğu marşı xəbər alıram. Musiqisini özü bəstələdiyini, sözlərinin isə mərhum həyat yoldaşına məxsus olduğunu deyir. Onu daha yaxından tanımağa qərar verir, qəzetimiz üçün yazı hazırlamaq istəyimi bildirirəm. Yanaqları allanır, baxışları yerə dikilir... Dərsdən sonra həmsöhbət oluruq.
***
Leyla Balaqardaş qızı Şirməmmədova 1962-ci il sentyabrın 1-də Bakı şəhərində doğulub. Atası metallurgiya üzrə mühəndis olsa da, musiqiyə, sənətə qiymət verən olub. Qızının kiçik yaşlarından musiqiyə maraq göstərməsinə sevinib, onun bu sahədə təhsil almasına şərait yaradıb.
Leyla Şirməmmədova 1970-ci ildə 1 nömrəli Uşaq musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Musiqiyə böyük həvəsi uğurlarını da bərabərində gətirir. İkinci sinifdə oxuyandan musiqilər yazır: “Kiçik həcmli musiqi əsərləri yazmağa başladım. Atam musiqi bəstələdiyimi biləndə sevinci yerə-göyə sığmadı. Musiqi notlarını bilməsə də, hərdən stulu çəkib mənimlə pianonun arxasında əyləşir, ifamı alqışlayır, haqqımda anama təriflər deyirdi”.
Bildirir ki, musiqi sahəsini seçməsində əmisi qızı, Bakı Xoreoqrafiya Akademiyasının konsertmeysteri, tanınmış pianoçu, pedaqoq Sevda Axundovanın xüsusi rolu olub. Bundan əlavə, deyir dahi bəstəkarlar Qara Qarayev və Arif Məlikovun yaradıcılığı məni daha çox sehrləyib: “Onların əsərlərini efir-ekrandan dinlədikcə qəribə hisslər yaşayır, elə bil ki, qarşımda əsrarəngiz, adlandıra bilmədiyim bir mənzərə yaranırdı. Sonradan agah oldu ki, dinlədiyim həmin musiqilər mənə həm də bəstəkarlığın yolunu açırmış...”.
Uşaq musiqi məktəbində oxuduğu illərdən fortepiano üçün valslar, marşlar, skripka üçün kiçik həcmli əsərlər yazır. Məktəbi yüksək göstəricilərlə başa vurur. 1978-ci ildən təhsilini Bakı Məktəbəqədər Pedaqoji Məktəbinin Musiqi şöbəsində davam etdirir. Bu təhsil ocağını da fərqlənmə diplomu ilə bitirir.
Ancaq Leyla xanım ali təhsil, konservatoriya eşqi ilə yaşayırdı. Ömrünü həsr etmək istədiyi musiqi sahəsinin professionallarından olmağı qarşısına məqsəd qoymuşdu: “1982-ci ildə arzuma çatdım. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə qəbul olundum. Sevincimin həddi-hüdudu yox idi. Qismətimdə xor dirijorluğunun ən tanınmış simalarından Əməkdar incəsənət xadimi, professor Eduard Novruzovun sinfində oxumaq varmış. Rəhmətlik Eduard müəllim həm çox tələbkar idi, həm də həvəslə, ürəklə dərs keçirdi. O, Azərbaycan Dövlət Xor Kapellasının əsasını qoymuşdu. Təsəvvür edin ki, televiziyada, möhtəşəm səhnələrdə böyük xor heyətini idarə edən, siması az-az görünən bir musiqi xadimi sənə dərs deyir. Elə bir müəllimin sinfində oxumaqdan tək mən yox, bütün tələbə yoldaşlarım xoşbəxt idi. Mən ondan xor sənətinin sirlərini çox həvəslə, sevgiylə öyrəndim. Bu gün də tədris prosesində, konsertlərdə ustad müəllimimi sayğıyla, rəhmətlə yada salıram”.
Leyla Şirməmmədova konservatoriya təhsilini başa vurandan sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbində pedaqoji fəaliyyətə başlayır, musiqi nəzəriyyəsi fənnini tədris edir: “Gənc, enerjili və öyrənməyə meyilli olduğum kimi, öyrətməyə də həvəsli idim. Elə istəyirdim ki, bildiyim nə varsa, şagirdlərimə verim. Halbuki musiqi nəzəriyyəsi fənni bir qədər çətindir və şagirdlər onu rahatlıqla qavraya bilmirlər. Ancaq mən ilk vaxtlardan şagirdlərimlə dil tapdım, onların sevgisini qazandım. Bilirsiniz, uşaqlar, xüsusilə də incəsənət sahəsini seçənlərin uğurları həm də müəllimlərinə olan münasibətə bağlıdır. Yəni müəllimdən müsbət enerji almayan, onun sevgisini hiss etməyən şagird, tələbə seçdiyi ixtisasa rahatlıqla yiyələnə bilmir. Təbii ki, uğur qazanmağı da çətin olur. Mən də pedaqoji fəaliyyətim dövründə çalışmışam ki, uşaqlarda ruh yüksəkliyi yaradım, ixtisaslarını sevdirim. 1996-cı ildən işlədiyim 36 nömrəli Musiqi məktəbində də fəaliyyətimi bu istiqamətdə qurmuşam. Hesab edirəm ki, müəyyən qədər buna nail ola bilmişəm”.
***
Həmsöhbətim həyat yoldaşı mərhum Daşqın Şirməmmədovun onun yaradıcılıq uğurlarında rol oynadığını deyir: “Daşqın tarixçi olsa da, musiqiyə, ədəbiyyata da yaxın idi. Yüksək musiqi duyumu vardı. Ara-sıra şeirlər yazırdı. Tarixi mövzulara daha çox müraciət edirdi. Əvvəldə adını çəkdiyiniz “Azərbaycan əsgəri” marşının sözləri də yoldaşıma məxsusdur. Onun Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini tərənnüm edən, “Sən xalqı xilas etdin böyük bəladan, Bu qüdrətlə tanımışdır dünya səni” misraları ilə başlayan şeirinə də musiqi bəstələmişəm. Yaradıcılıq tandemimiz yaxşı alınırdı. Həm də bəstələrimin ilk dinləyicisi idi...”.
Leyla xanımın xor və solo ifa üçün “Azərbaycan” adlı mahnıları, bundan əlavə, “Müəllim”, “Bakı”, “Mənim Leylam” və s. bəstələri var. O, 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdən sonra, xüsusilə də bu günlərdə Qarabağda suverenliyimizin bərpasından böyük ruh yüksəkliyi yaşadığını, zəfər soraqlı əsərlər yazmaq istədiyini deyir. Hələlik son bəstələdiyi əsər isə “Polad əsgər” marşıdır. Bildirir ki, şəhid generalımız Polad Həşimovun qəhrəmanlığı gerçək hərbi vətənpərvərlik nümunəsidir: “Şagirdimin valideyni Əminə Şammədovanın sözlərinə bəstələdiyim marşı hazırda xor qrupu ilə məşq edirik. Sağlıq olsun, 8 Noyabr – Zəfər Gününə həsr olunan konsertdə səsləndiriləcək”.
Fariz Yunisli