Oktyabrın 4-də Niyazinin Mənzil-Muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun (1913-1971) anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirildi. 

Tədbiri muzeyin direktor müavini Təranə Zeynalova açaraq Çingiz Hacıbəyovun həyatı ilə bağlı aparılan araşdırmalardan danışdı. Diqqətə çatdırdı ki, sənətkara aid sənədlərdə, o cümlədən vaxtilə işlədiyi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından əldə edilən əmək kitabçasında onun yalnız anadan olduğu il göstərilirdi. Muzey kollektivinin birgə araşdırmaları nəticəsində Çingiz Hacıbəyovun doğum gününün 2 oktyabr olduğu müəyyən edildi.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova çıxışında Hacıbəyovlar nəslinin musiqi mədəniyyəti tariximizdə əvəzolunmaz xidmətlərindən danışdı. Qeyd etdi ki, Çingiz  Hacıbəyov dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, ölkəmizdə musiqili teatrın yaradıcılarından olan Zülfüqar Hacıbəyovun oğlu, maestro Niyazinin qardaşıdır. O, 1921-ci ildə Bakıda fəaliyyət göstərən türk musiqi məktəbində skripka sinfində təhsil alıb. 1932-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında skripkaçı kimi əmək fəaliyyətinə başlayıb. Müxtəlif vaxtlarda Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində, Dövlət Musiqili Komediya Teatrında, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrində işləyib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Çingiz Hacıbəyov 1971-ci il yanvarın 18-də Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanan slayd-şou ilə müşayiət olundu.

Tədbirin bədii hissəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim edildi.

S.Fərəcov