Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib. Dövlətimizin başçısı səfirlə söhbət edib.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı bütün dövrlərdə – həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib.

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib.

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.

***

Prezident İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın da etimadnaməsini qəbul edib.

Prezident səfirlə söhbət zamanı Azərbaycanla İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.