Görkəmli ingilis yazıçı-dramaturqu Corc Bernard Şou 1856-cı il iyul ayının 26-da Dublin şəhərində anadan olub. Mənşəcə irlanddır.
  
   1871-ci ildə kolleci bitirib, lakin maddi çətinlik üzündən universitetə daxil ola bilməyib. 1876-cı ildə Londona köçüb və jurnalistliklə məşğul olub. Siyasi baxışlarına görə sosialist olan Şou əsərlərində kapitalizm cəmiyyətinin tənqidinə geniş yer ayırıb. “Ağılsız kəbin” (1880), “Artistin məhəbbəti” (1881), “Keşel Bayronun sənəti” (1882) və kəskin mövzulu “Həvəskar sosialist” (1883) romanları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanıb.
   90-cı illərdən dramaturq kimi tanınıb. “Silah və insan”, “Kandida”, “Taleyin sevimlisi”, “Yaşayarıq, görərik” pyeslərində kapitalizm cəmiyyətinin təzadları əksini tapıb, aktual sosial-etik problemlər qaldırılıb.
   “İnsan və fövqəlbəşər”, “Mayor Barbara”, “Həkimin dilemması”, “Piqmalion”, “Ürək sındırılan evdə”, “Alma arabası”, “Əngəl”, “Milyoner arvadı”, “Cenevrə” və s. pyeslərində kapitalizm cəmiyyəti tənqid olunur. Yeganə faciə əsəri “Müqəddəs İoanna” Janna d’Arka həsr olunub.
   Bernard Şou Uilyam Şekspirdən sonra dünyaca məşhur ikinci böyük dramaturqdur. 1925-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, pul mükafatından imtina etsə də, medalı qəbul etmişdi. Şou dünya ədəbiyyatında yeganə yazıçıdır ki, həm Nobel mükafatına, həm də “Oskar” mükafatına (“Piqmalion” filminin ssenarisinə görə, 1938) layiq görülüb. Ömrünün son illərində “Boyantın milyardları”, “Uydurma təmsillər” pyeslərini yazıb. Yazıçı 1950-ci il noyabrın 2-də vəfat edib.
   Şounun bir sıra dram əsərləri (“Şeytanın şagirdi”, “Piqmalion”) Azərbaycan səhnəsində tamaşaya qoyulub.  

   Çingiz