Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1997-ci il 14 fevral

 

Prezident Heydər Əliyev Xalq artisti, xanəndə Qədir Rüstəmovun Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunması haqqında fərman imzalayıb. Sənətkarı 60 illik yubileyi münasibətilə qəbul edib və ona təbrik məktubu ünvanlayıb.

 

1997-ci il 23 fevral

 

Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla (21 fevralda naməlum qatil tərəfindən evinin qarşısında öldürülmüşdü – red.) Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimində iştirak edib.

 

1997-ci il 6 mart

 

Fəxri xiyabanda Xalq şairi Səməd Vurğunun məzarını ziyarət edib. Şairin ev-muzeyində çıxış edib.

“...1970-ci illərdə biz xalqımızın böyük şəxsiyyətlərinin ev-muzeylərinin yaradılması fikrini meydana atdıq. Bu gün sizə demək istəyirəm ki, bu, mənim şəxsi təşəbbüsümlə olmuşdur. Xatirimdədir, biz 1974-cü ildə ilk dəfə Üzeyir Hacıbəyovun Bakıda ev-muzeyini yaratdıq. 1975-ci ildə Səməd Vurğunun 70 illik yubileyi ərəfəsində onun ev-muzeyinin yaradılması haqqında qərar qəbul etdik. Muzeyi böyük təntənə ilə açdıq. Həmin vaxt keçmiş Sovetlər İttifaqının respublikalarından bizə çox mötəbər qonaqlar gəlmişdi.

Biz Səməd Vurğunun 70 illik, 80 illik yubileylərini də keçirdik. Allah bizə imkan verdi, yaşadıq. Səməd Vurğunun 90 illik yubileyini də qeyd edirik. Bu muzey Səməd Vurğunun yaradıcılığını bu gün də, gələcəkdə də təbliğ etmək üçün gözəl bir vasitədir. Bilirsiniz, bu bizim milli borcumuzdur. Çünki Səməd Vurğun millətimizin başını tarixdə uca edən şəxsiyyətlərdən biridir. Onun yaradıcılığını daim yaşatmaq, yeni-yeni nəsillərə çatdırmaq bizim borcumuzdur...”.

 

1997-ci il 7 mart

 

Səməd Vurğunun 90 illik yubileyində iştirak etmək üçün Azərbaycana gəlmiş Dağıstanın Xalq şairi Rəsul Həmzətovu və onun xanımını qəbul edib.

Respublika Sarayında Xalq şairi Səməd Vurğunun 90 illiyinə həsr edilmiş yubiley gecəsində nitq söyləyib.

“...Azərbaycan bir ildir ki, Səməd Vurğunun 90 illik yubileyini qeyd edir. Bu təbiidir, çünki Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz bir il müddətində keçirilməli idi.

...Səməd Vurğunun şeiri Azərbaycan dilini zənginləşdiribdir, inkişaf etdiribdir. Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma, sevimli, şirin edibdir. Səməd Vurğun şeirinin böyüklüyü, eyni zamanda gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı... Bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir..

Səməd Vurğunun yaradıcılığında ən görkəmli yer tutan onun “Vaqif” tarixi mənzum dramıdır və Azərbaycan milli teatrında onun əsasında yaranmış tamaşadır. “Vaqif” əsərinin xüsusiyyəti, şübhəsiz ki, birinci növbədə bu əsərin Azərbaycan xalqının tarixinin müəyyən bir hissəsini əks etdirməkdən ibarətdir. Bu, Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini tanıdan əsərdir. Şübhəsiz ki, ədəbiyyatçılar, şeir pərəstişkarları Vaqifin şeirlərini yaxşı bilirdilər. Ancaq Vaqifi geniş tanıtmaq, Vaqifin şəxsiyyətini açmaq, xalqa doğma etmək – bunların hamısını Səməd Vurğun etdi. Bu gün biz Vaqifin şəkillərini, heykəlini görürük. Amma həqiqətdə Vaqifin şəkli olmayıbdır. Vaqifin şəklini də Səməd Vurğun və Vaqif rolunu oynayan böyük sənətkarımız, aktyorumuz Ələsgər Ələkbərov və Azərbaycan Dövlət Dram Teatrı yaratmışlar. Görürsünüz, Səməd Vurğun bir əsərlə bizim milli mədəniyyətimizə, ədəbiyyatımıza aid nə qədər böyük məsələləri həll edibdir.

Səməd Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə edən əsərlərinin əsas mənası və məzmunu bax, budur. Şübhəsiz ki, Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü əsərlərində də əksini tapıbdır... Səməd Vurğun komsomola həsr etdiyi poemasında da, Kommunist Partiyasına həsr etdiyi “Zamanın bayraqdarı” poemasında da əqidəsinə xidmət edib,  eyni zamanda yüksək şeir sənətini nümayiş etdiribdir.

Səməd Vurğun öz xalqına, millətinə sadiq insan olubdur... Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. O qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır...”.

 

1997-ci il 13 mart

 

Аzərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni və elmi əməkdaşlıq haqqında hökumətlərarası sazişə uyğun olaraq və Rusiya tərəfinin təklifini qəbul edərək, 1997-ci il martın 31-dən aprelin 7-dək Аzərbaycanda Rusiya Federasiyasının mədəniyyət günlərinin keçirilməsi haqqında sərəncam imzalayıb.

***

Xalq artisti, aktyor, rejissor Lütfi Məmmədbəyovu 70 illik yubileyi münasibətilə təbrik edib.

 

1997-ci il 17 mart

 

Аzərbаycаn tеаtr sənətinin görkəmli nümаyəndəsi, Xаlq аrtisti Аğаsаdıq Gərаybəylinin 100 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nаzirliyinə yubilеy tədbirlərinin kеçirilməsini təmin еtmək və Mətbuаt və İnformаsiyа Nаzirliyi ilə birlikdə Аğаsаdıq Gərаybəyliyə həsr olunmuş xаtirələr kitаbı hаzırlаyıb nəşr еtdirmək, Bаkı Şəhəri İcrа Hаkimiyyətinə sənətkarın yаşаdığı binаyа xаtirə lövhəsinin vurulmаsını təmin etmək tapşırılıb.

 

***

 

Xalq şairi Balaş Azəroğluna 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Hazırladı: V.Orxan

(davamı var)