Azərbaycan

 

14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) Bakıda doğulub. 1906-1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.

14 oktyabr 1912 – Heykəltaraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.

14 oktyabr 1916 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916 – 24.5.1985) anadan olub. Gənc Tamaşaçılar Teatrında  çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.

14 oktyabr 1933 – Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

14 oktyabr 2015 – Prezident İlham Əliyev Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

15 oktyabr 1910 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

15 oktyabr 1933 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Xeyrulla oğlu Babayev (1933-2012) anadan olub.

15 oktyabr 1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) Bakıda doğulub. Yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlar və  rəngkarlıq əsərləri ilə zəngindir. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

15 oktyabr 1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932 – 7.9.1989) Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

15 oktyabr 1938 – Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Nikolayevna Tanailidi (1891-1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tiflis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

15 oktyabr 1946 – Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas İbrahim oğlu Əliyev (1946-2008) anadan olub. 

15 oktyabr 1951 – Əməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov (1951 – 27.12.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

15 oktyabr 1988 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (14.12.1927 – 1988) vəfat edib. Sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.

15 oktyabr 1996 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 – 1996) vəfat edib.

15 oktyabr 2016 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (26.9.1936 – 2016) vəfat edib.

15 oktyabr 2022 – Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir Hənifə oğlu Yaqubov (25.2.1951 – 2022) vəfat edib.

 

16 oktyabr 1923 – Xalq yazıçısı, şair, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 – 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun professoru olub.

16 oktyabr 1923 – Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (1923 – 22.11.2021) Bakıda anadan olub. 1950-ci illərdən Moskvada yaşayıb, mahnılarını dövrün məşhur müğənniləri oxuyublar.

16 oktyabr 1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 – 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 1940-cı illərdə Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

16 oktyabr 1935 – Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli filmlərin ssenari müəllifidir.

16 oktyabr 1946 – Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

 

17 oktyabr 1915 – Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.

17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.

17 oktyabr 1949 – Tanınmış dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.

17 oktyabr 2003 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.

17 oktyabr 2017 – Prezident İlham Əliyev böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” və s. romanların müəllifidir.

 

15 oktyabr 1814 – Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 – 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

15 oktyabr 1844 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu” və s.

15 oktyabr 1929 – Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

 

16 oktyabr 1888 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 1888-1953) anadan olub.  Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.

16 oktyabr 1927 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 – 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

 

17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 – 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata və digər janrlarda əsərlərin müəllifidir.

17 oktyabr 1915 – Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.

Hazırladı: V.Orxan