Bütün zamanlarda olduğu kimi, bu gün də cəmiyyətin rasional düşünənlərinə qarşı çıxanlar var. Dezinformasiya yaymağı az qala vərdiş halına gətirənlər, “heç nədən hay-küy” qoparanlara inananlar da... Maraqlıdır, necə olur yalana, cəfəngiyyata belə rahatlıqla inanırıq? Qısası, duyğularını çoxdan köhnə palto kimi asılqanda unudanlar üçün nə isə demək çətindir. Amma klassik və müasir ədəbi-bədii cəhdlər, xüsusən də yaşamaq uğrunda özü ayrıca mübarizə aparan teatr, inadından dönmür ki, dönmür...
Bu cəhdlərdən birini də bu günlərdə Akademik Milli Dram Teatrında izlədim. Oktyabrın 3-də bu səhnədə Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası gerçəkləşdi.
Nümayişdən öncə teatrşünas, professor İlham Rəhimli çıxış edərək İlyas Əfəndiyev irsindən, onun görkəmli teatr rejissoru, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Xalq artisti Tofiq Kazımovla uğurlu yaradıcılıq əməkdaşlığından söz açdı.
Ardınca tamaşaçı auditoriyasına yaxşı tanış olan “Məhv olmuş gündəliklər” səhnədə “vərəqlənməyə” başlandı.
Teatrın bu tamaşaya müraciəti əbəs deyil. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı da “Məhv olmuş gündəliklər”ə buna görə müraciət edib. Ədibin 1969-cu ildə qələmə aldığı pyes Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulub və müəllifinə şöhrət gətirib. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və səhnə işi böyük maraqla qarşılanıb.
Premyerası keçirilən indiki tamaşaya isə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı İlham Əsgərov, musiqi tərtibatçısı Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.
Birhissəli lirik-psixoloji dramda rolları Zülfiyyə Məmmədova (Fəridə), İlqar Musayev (Ədalət), Nigar Babayeva (Anjel), Məmmədağa Əlilicanzadə (Savalan), Toğrul Rza (Qənimət) və Əməkdar artist Gülsabah Quliyeva (Gövhər) ifa edirlər.
Gələk bütün münasibətlərini əlindəki bir əlcə “ağıllı” telefonlarla tənzimləyib cild-cild gündəlikləri bir-iki cümləlik statuslara sığdıran Z nəslinə yad olan mövzunun səhnə həllinə. Ondan başlayım ki, məhz bu və buna oxşar səhnə əsərləri daim özünün orijinallığını diktə edir və ona hər hansı müdaxilə yamaq kimi görünür.
Aktuallığını bu gün də qoruyub saxlayan əsərin budəfəki səhnə həllini “müasirləşdirmək” üçün mobil telefonla başlayıb, elə onunla bitirən ultramüasirlik cəhdi çox da uğurlu deyildi. Səhnə tərtibatından aktyorların geyim və saç üslubu, danışıq və ifa maneralarına qədər hər məqamın klassik olduğu tamaşada smartfonların nə işə yaradığını demək çətin olsa da, arabir DJ rolunu oynaması tək təsəllimiz oldu. Üstəlik, hər detalda klassikanın ağırlığını göstərməyə çalışan rejissor köhnə tələbə yoldaşlarını niyə bu vəziyyətə salmışdı?
Aktyorların oyun üslubundan görüldüyü qədər, rejissor maraqlı bir bölgü də eləmişdi. Məsələn, bir cütlüklə rejissor materialı baxımından çox işləmiş, digərini isə tamaşaçının ümidinə buraxmışdı. Bu arxayınlıqda “Onsuz da Fəridəni sevəcəklər” kimi qəliblənmə də var idi.
Məsələ xarici görünüş, cazibə və ölçülər baxımından obraza uyğunluqda deyil. Əsas məqam əsərin, qəhrəmanın, öz hisslərinin təzadı arasında çırpınan sadə, səmimi və sadəlövh Fəridənin səhnə dilini, tamaşaçısına ifadə üsulunu tapmaq idi. Bunu da az-çox rejissor təyin etməli olduğundan tamaşaçının qarşılaşdığı mənzərə başlı-başına oyun təsiri bağışlayırdı. Bu nüansı Savalan rolunun ifaçısına da şamil etmək olar. Bu arxayınlıq, özünəvurğunluq, təəssüf ki, səhnədə yeni-yeni görünən aktyorun həm də faciəsidir.
Tamaşanın Ədaləti obrazının haqqından gəldi və bütün emosional vəziyyətlərdə tamaşaçını inandıra bildi. Qənimətin hüzn dolu sevgi hisslərini ustalıqla, məsuliyyəti ilə təbii ifadəsi (tamaşaçı kimi mənə elə gəlirdi ki, Qənimət səhnədəki Fəridəni yox, başqa bir qadını sevir), Anjelin öz bədbəxtliyi fonunda fədakar və mərdanə duruşu tamaşanın ümumi fabulasını tamamladı. Fədakar ana, qayğıkeş uşaq həkimi Gövhər də səhnə işinin onun üçün müəyyən olunan konturlarından kənara çıxmadı.
Ümumi aktyor ansamblına gəlincə, məncə, rejissorun aktyor seçimində tərəddüdləri olmuşdu.
Musiqi tərtibatı, klassik estrada nümunələrimizə müraciət o dövrü təəssürat və təsvirlərdə yaşayan orta və yeni nəsli bəhs olunan mühitə çəkməyə çalışdı. Xüsusən Savalanın gitarada ifası 70-ci illər Bakısında gənclərin ümumi obrazına sürətli baxış idi...
Əsərin bundan əvvəlki səhnə və ekran həllinə baxanlar yaxşı bilirlər ki, qəhrəmanlarımız hərəsi ayrı-ayrılıqda öz hissləri və onların verdiyi əzabların təsirində çırpınırlar. Əsasən də Fəridə. O, dostlarından, doğma hisslərindən, böyük arzularından, işıqlı xəyallarından qoparaq yalançı və şöhrətpərəst Ədalətin buxovu altındadır. Sözsüz ki, onun bu əsirliyi həm də könüllüdür. Axı o, Ədaləti sevir. Ona görə də bütün həqiqət qapılarını üzünə bağlayaraq yalançı səadətini oynayır. Həm də Qəniməti unutmur. Bütöv Azərbaycan, Savalan dağı, Cənubi Azərbaycan şüarlarını səhnədən gen-bol səpələyən Savalan da hər vəchlə ultramüasir və açıq-saçıq Anjeldən qaçmağa çalışır. Amma hisslərinə uduzur. Beləcə, tamaşanın son pərdələrində bütün konflikt kulminasiyasına çatır.
Sonuncu səhnəyə keçiddə Fəridə çətir və çamadanı ilə görünür. Evini tərk edir. Ümid və arzularını yığıb saxladığı gündəliyini də yandırır. Amma həm də özünə son dəfəlik şans saxlayır. Keçmişin xatirəsi olan mücrü və çamadanını yağışdan qorumaq üçün çətirin altında gizlədir. Yağış bütün kədərini yuyub aparmağa çalışdıqca o, xatirələrini, onu sevindirə-sevindirə əzab verən xatirələrini islanmağa, nə bilmək olar, bəlkə də yağış sularında durulmağa qoymur...
Həmidə Nizamiqızı