Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş musiqi axşamları

 

Xəbər verdiyimiz kimi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç, ABŞ) görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illiyinə həsr olunmuş silsilə konsertlərə (10-14 oktyabr) ev sahibliyi edir.

ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Azərbaycanda təqdim edilir.

Filarmoniyada oktyabrın 11-də keçirilən növbəti konsertdə Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – İlya Şmukler (piano, Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) çıxış ediblər.

Proqramda Sergey Raxmaninovun piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paqanini mövzusuna rapsodiya” və Sergey Prokofyevin “Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konsert”i səslənib.

Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ildə Özbəkistanda başlayıb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medalçısı Stanislav Yudeniçdir.